Azərbaycan Kinematoqrafçılar İttifaqının “Yay məktəbi”nin iştirakçıları təsdiqləndi

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə “Yay Məktəbi” avqustun 23-30-u Şəki şəhərində keçiriləcək.

“Yay Məktəbi”ndə iştirakçılar ssenari nədir, ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramı ilə tanış olacaqlar.

Xatırladaq ki, “Yay məktəbi”nin qonaq spikeri Əməkdar İncəsənət Xadimi Mirbala Səlimlidir. O “ssenaridə hadisənin anatomiyası” mövzusunda mühazirəsi ilə çıxış edəcək. Bundan başqa, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Yay məktəbi”ndə inkişaf etdiriləcək ssenarilərin realizasiyası üçün də səylər göstərəcək.

“Qəlbdən qələmə” Yay Məktəbinə seçilmiş iştirakçılar arasında ssenari işində ilk addımlarını atmış gənclərlə yanaşı, kinodramaturgiyanın sirli aləminə ilk adımlarını atacaq kinematoqrafçılar da var.

Layihənin təlimçisi, London Film School yetirməsi, kinorejissor Cahid Zaidovdur. Layihənin rəhbəri Afaq Yusiflidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, kinodramaturgiya sahəsində iş kinomuzun inkişafı üçün çox vacibdir.

Yeri gəlmişkən, İttifaqın Kino Məktəbində Xalq yazıçısı Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə kinodrmaturgiya kursu da fəaliyyət göstərir.

aki.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

aki.az