Azərbaycan Kinematoqrafçılar İttifaqının 27.09.2024-cü il tarixli bəyanatında, yeni nəslin mənəvi dəyərlərlə formalaşması məqsədilə uşaq kinosunun inkişafı üçün Dövlət Proqramının qəbul edilməsi mütləq addımardan biri kimi qeyd edilmişdi. Bu səbəbdən, uşaq kinosunun problemlərini müzakirə etmək üçün hazırda İctimai Televiziyada yayımda olan “Mən, Lalə, bir də Şerlok Holms” serialının yaradıcı heyətinin bir qismi ilə görüş keçirilib.
Yanvarın 31-də Azərbaycan Kinematoqrafçılar İttifaqında İTV-də yayımlanan “Mən, Lalə, bir də Şerlok Holms” uşaq serialının yaradıcı heyəti ilə serialın ideyasının yaranması, istehsalat prosesi, yaradıcı və texniki tərəfləri, həmçinin, uşaq kinosundakı problemlərlə bağlı müzakirə keçirilib. Kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə baş tutan tədbirdə serialın baş prodüseri Amiran Babayev, ssenari müəlliflərindən biri Vüqar Hüseynov (digər ssenarist və serialın ideya müəllifi Tural Sevdimalıdır), rejissoru Rüfət Şahbazov, Şerlok Holms rolunun ifaçısı, ikinci rejissor Rasim Cəfər, aktyorlar Oktay Mehdiyev, Aylin Nəcəfli və kinotənqidçi Aygün Aslanlı iştirak edirdilər. Qeyd edək ki, “Mən, Lalə, bir də Şerlok Holms” layihəsi Elm və Təhsil Nazirliyinin dəstəyilə İctimai Televiziya tərəfindən hazırlanıb və KAC Group Media tərəfindən istehsal olub.
Sevda Sultanova: Xoş gəlmisiniz. Əvvəla sizi “Mən, Lalə, bir də Şerlok Holms” uşaq serialının uğuru münasibətilə təbrik edirik. Bu serial göstərdi ki, azərbaycanlı tamaşaçının uşaq serialına, ümumiyyətlə, uşaqlarla bağlı audiovizual məhsullara tələbatı var. Hazırda uşaq kinosunda ciddi boşluq var və sizin serial bu boşluqda parladı. Həm də ona görə ki, keyfiyyətli iş təqdim etmisiniz. Cəmiyyətimizdə uşaq kinosuna bu qədər tələbatın olduğu təqdirdə, uzun illərdir, analoji məhsulların meydana çıxmasına nə mane olurdu?
Amiran Babayev: Özəl televiziyalar tərəfindən baxsaq, uşaqlar üçün yayım saatı onlarda fərqlidir. Söhbət, minimum şənbə və ya bazar günü səhər efirə çıxmaqdan gedir. Özəl kanallar uşaqlara aid məhsulları biznes baxımından o qədər də önəmli saymırlar. İnanmırlar ki, uşaq kinosu gəlir gətirə bilər. Amma yaxşı ki, bizim İTV kimi televiziyamız var. Onlar bizə dəstək oldular. Amma dəstək olmaya da bilərdilər. Bizim serial uşaqlar üçün nəzərdə tutulduğundan, bazar günü yayımlanır. Hətta biz bu saata salınmasına təəccübləndik. Bu, özəl kanalların əlinə düşsəydi, yəqin 6-dan sonraya salardılar ki, böyüklər də baxsın. Amma İTV uşaqların komfortunu nəzərə aldı.

Aygün Aslanlı: Nəzərə alsaq ki, Azərbaycanda təkcə yerli yox, türk, rus kanallarında gedən veriliş və seriallara da baxırlar, rəqabətin böyüklüyünü təsəvvür etmək çətin olmaz. Bu baxımdan İTV efir siyasətini düzgün müəyyənləşdirib.
A.B: Biz əvvəl “Xəzər” televiziyası ilə çalışırdıq. Hazırda müstəqil şəkildə fəaliyyət göstəririk. “Tənha” filmini, “Bu şəhərdə kimsə yoxdur” serialını çəkdik. İndi də “Mən, Lalə, bir də Şerlok Holms”. Ümumi, seriallarla bağlı maliyyə məsələsi get-gedə zəifləyir. Söhbət, təkcə günlük serialdan getmir. Özəl kanallarda durum zəifdir bir az.
Rüfət Şahbazov: Biz əvvəlcə, digər özəl kanallara başqa bir uşaq serialı yazmışdıq. Təklif etdik ki, uşaqlar üçün bir serial çəkək. Çünki özüm evdə görürdüm ki, uşaqlar xarici seriallara baxırlar. Türklərin “Tozqoparan” adlı serialı var, onun fanatıdırlar. “Netflix”də də seriallara baxırlar. Dedim ki, gəlin, biz də bir serial edək. Düşünürdüm ki, uşaqlar üçün təkcə əyləncəli yox, eyni zamanda, maarifçi serial edək. Çünki uşaqlar xarici seriallara baxanda, oradakı obrazların, mentallığın xüsusiyyətlərini götürürlər, təbliğat şüuraltı olaraq öz işini görür. Biz, böyüklər üçün çəkdiyimiz seriallarda onları düzəltməklə məşğuluq. Bəli, kinonun gücü var. Bir qisim, kinonun gücünü, onu biznesə çevirib, reytinq qazanmaqda görür. Digər qisim isə düşünür ki, mən bir sosial mesaj verim, özüm üçün “xayp” tutum. Uşaqları yaddan çıxarmışıq. Uşaqları düzəltməsək, böyüklər düzəlməyəcək və onlar da gələcəkdə böyüklər kimi olacaq. Ona görə uşaqlara diqqət ayırmaq lazımdır. Məktəblərdə maarifləndirici şeylər öyrədirlər. Onlar didaktikadır və uşaqlara şüuraltı yerimir. Tural Sevdimalı ilə Vüqar Hüseynov çox yaxşı yanaşma tapdılar, məsələn, “Adamslar ailəsi” serialından Venzdeyi bu seriala saldılar. “Adamslar ailəsi” qara, işığı olmayan serialdır. Uşaqlar bizim ölkədə Venzdey obrazının fanatıdır. Qoy, onun fanatı olan uşaqlar Venzdeyə bizim serialda baxsınlar və onun yanında babanı, Muradı, Laləni, işığı görsünlər, özümüzü görsünlər. Biz indidən uşaqlarımızı seriallarla, filmlərlə təmin etməsək, gələcəkdə yenə böyüklərlə çətin olacaq. Uşaqları seriallarla tərbiyə etmək olar. Biz uşaqlarımızın şüuraltına təsir etməsək, bunu xarici seriallar edəcək. Azərbaycanı sevməyən bir ölkə elə film çəkər ki, 25-ci kadr vasitəsilə bizim uşaqlara pis təsir göstərər.

A.B. Doğrudan da müəlliflərə əhsən düşür ki, biz Şerlok Holms və ya Robinzon Kruzo ilə bərabər milli personajlarımızı canlandırmışıq. Buna həqiqətən çox ehtiyac var. Uşaqlar baxırlar, araşdırırlar, onlarda maraq yaranır.
S.S: Maarifləndirmənin bədii həlli maraqlı tapılıb. Vüqar, bu sizin uşaq mövzusunda yazdığınız ilk ssenaridir?
Vüqar Hüseynov: Birinci ondan başlayım ki, özəl kanallar hərəkətli olurlar, nəsə etməyə çalışırlar. Büdcə faktoruna görə, başqa cür yanaşırlar. İstənilən layihə tamaşaçı kütləsi tərəfindən reaksiya almalıdır. Bunu etmək üçün, televiziyanın işi böyük bir kütləyə işləməkdir. Onlar istənilən layihə ilə bağlı qazanc tərəfini düşünürlər. Mən də deyirəm ki, problem yoxdur, qazanc olmalıdır. Amma bunu necə təqdim etməkdən də çox şey asılıdır. Onda qazanc da olacaq. Uşaq filmi deyəndə, ağıla ilk o gəlir ki, uşaqları, necə deyim, aciz, danışmaq qabiliyyəti olmayan biri kimi düşünürlər. Belə çıxır ki, belə fikirləşən adamların fantaziyası yoxdur. Biz Turalla maksimalistik və ən yaxşısını etməyə çalışırıq. Dəli ideyalarımız olur ki, ona çox adam yaxın durmur. Halbuki, olsa böyük partlayış olar və hətta xaricdə də çıxar. Tural bir gün dedi ki, belə ideya var: “Mən, Lalə, bir də Şerlok Holms”. Birinci dəfədən ideya səni tutdusa, artıq dayana bilmirsən. Adın özü, sətiraltı nələrisə verməyə məcbur edir. Mən bunu şəxsən uşaq serialı saymıram və düşünülmüş şəkildə də onu bu formatdan çıxardıq. Növbəti seriallarda da bunu görəcəksiniz. Biraz artan xətlə etdik bunu. Şərhlərdə valideynlər də baxdığını qeyd edir. Çünki yenə də deyirəm, təqdimatdan çox şey asılıdır. Serialı yazmamışdan öncə ancaq bunun müzakirəsini aparmışıq. Çox mübahisə etmişik. Təkliflər səsləndi ki, yumşaq olsun. Amma biz onu bir az qəlizləşdirdik. Venzdey, bilirsiniz ki, yazılı ədəbiyyat deyil. Amma biz elə təqdim etdik ki, Murad onu oxuyub, təsəvvür edir. Biz çox vaxt deyirik ki, filmə baxdım, kitab daha maraqlıdır. Çünki kitabı oxuyanda təsəvvürümüzdə canlandırırıq, fantaziyamız işə düşür. Bu isə bir nəfərin, rejissorun təsəvvürüdür. Ona görə, süjeti elə qurduq ki, bu, Muradın təsəvvürüdür, ədəbi qəhrəmanlar onun təxəyyülündə canlanır və belə bir yanaşma özünü doğrultdu. Bu vasitə ilə həm də kitabları təbliğ edirik.
S.S. Ssenarini yazarkən, nələri prioritet kimi götürdünüz, nələrə diqqət edirdiniz? Pedaqoqlarla məsləhətləşirdiniz?
V.H. Müəyyən şeylər var ki, internet resursları köməyə gəlir, çox araşdırırdıq, maraqlanırdıq. Elə şeylər də var ki, müəllimlərlə danışırdıq. Tural bəzi yerlədə mənimlə mübahisə etdi. O mənada ki, uşaqların dilini bir az da “uşaqlaşdıraq”. Çünki mən Muradı bir az çox yükləmişdim. Çoxbilmiş kimi göstəririk onu. Tural dedi ki, uşaq belə danışa bilməz. Bir balaca yığışdırdıq. Çünki uşağa yaraşmırdı. Daha dərin, qəliz fikirləri Şerlok Holms vasitəsilə çatdırırdıq. Uşaqlarda nəyi görmək istəyiriksə, məsələn, onun səhər dişini fırçalamasından tutmuş digər məqamlara qədər, bunları duz-istiot kimi süjetə səpmişdik.

A.A. Biz ssenaridən danışdıq. Amma mən rejissor işinə toxunmaq istəyirəm. Seriala baxanda “Kortik” yadıma düşdü. Bir nostalji ab-hava vardı. Atmosferi necə qurdunuz? Hekayənin həllini necə tapdınız? Çünki son nəticədə əsas yük, hekayəni çatdırmaq rejissorun üzərinə düşür. Atmosfer olmasaydı, baxılmazdı.
R.Ş. Burada əsas məsələ empatiyadır. Tamaşaçıda atmosferə, xarakterlərə empatiya yaratmasan, o baxılmayacaq. Bizim tamaşaçı acdır kinodan ötrü. Sosial şəbəkələrdə yazılanların hamısını oxuyuram. Köhnə filmlərimizə həsrət var. Serialdan əvvəl də araşdırdım ki, tamaşaçı nəyə aclıq duyur: ən çox mənəvi empatiya hissinə… Ssenarini götürəndə, Amiranla 6-7 rayon gəzdik. Məkan axtardıq. İstədiyim yaşıllıq, o evlər gəzdiyimiz rayonlarda ayrı-ayrılıqda vardı. Amma onları bir arada tapmadım. Çünki bir arada olmaq atmosfer üçün vacibdir. Balakəndə tapdıq istədiyimizi. Düzdür, orada da tam ssenariyə tam uyğun deyildi. Katex kəndinə girəndə birinci, babanın evini axtardıq. Küçə ilə gedirik. Artıq bezmişik.Bir evin darvazasının yanından keçəndə hiss etdim ki, burada nəsə var. Saxladıq maşını. Qapını döydük, bir kişi açdı, Amiran izah elədi. Və məhz ssenaridə təsvir olunan Laləgilin həyətini orada gördük. Güllər, çiçəklər, yelləncək. Babanın evini təsvir etdik. Kişinin öz həyətindən başqa həyətə girdik. Qonşuluqda eyni evi tapdıq. Dedik meyvə bağları lazımdır. Dedi ki, mən bir nəfərin meyvə bağlarına qulluq edirəm. Bizi apardı meyvə bağlarına. Allah sənin istədiyini qabağına çıxarır. Mən Muradı yüzlərlə uşağın içindən seçmişəm. Rasim Cəfərlə İncəsənət Məktəbinə getdik, “Oyuq” studiyasına getdik. Və Muradı seçənədək əziyyət çəkdik. Artıq təsəvvürümdə vardı ki, Murad necə ola bilər. Muradda hər kəs başqa cür uşaq axtarırdı. Eynəkli, savadlı, çox danışan. Deyirdim ki, əsas, Muradın səlis danışığı, simpatikliyi deyil. Nəsə bir şirinlik olmalıdır. O şirinliyi hiss etmək lazımdır və onu sözlə ifadə etmək olmur. Muradı görən kimi dedim ki, bu uşağı seçək, onun gülüşündən enerji alırsan. Laləni də çox axtardıq. İncəsənət Məktəbində bir qız girdi içəri, balacaboy. Balaca olsa da, elə bil, kiminsə valideynidir.
V.H. Turalla çəkilişə gedəndə, o qız qabağımıza çıxdı. Tanış olduq, mən artıq beş dəqiqədən sonra üst-başımı düzəldirdim. Mənə dedi ki, eşitmişik o serialı siz yazmısınız. Dedim, bəli.
R.Ş. Çəkiliş meydançasında olanda, böyük aktyorları başa saldıq ki, bizə dramatik oyun lazım deyil. Bizdə hamının küçədə danışdığı dildə danışmaq lazım deyil. Bəli, elə film var ki, güzgüdür. Biz güzgü göstərmək istəmirik. Biz, necə olmalıdırsa, onu göstərmək istəyirik. Yəni olduğu kimi göstərmirik. Bu atmosferi quranda çox əziyyət çəkirdik. Onlara deyirdim ki, danışanda, oynayanda bir şirinlik olsun, mehribanlıq olsun. Mən aktyorlarla bir-bir işlədikcə deyirdim ki, qarşı tərəfə ürəyində sevgi olmasa, dildə alınmayacaq. Sevgini içində yarat. Bir də tapşırmışdım ki, heç kim ləhcədə danışmasın. Çünki köhnə filmlərimizdə ləhcə yoxdur. Məsələn, “Bəyin oğrulanması”na baxıram elə bilirəm Lerikdir. Amiran elə bilir öz kəndləri, Rasim elə bilir öz kəndləridir. Hər kəs özününkü bilir və empatiya yaranır. Hamı axtarır ki, serialdakı hansı kənddir. Bu atmofseri aktyorlara hopdurandan sonra, Hollivud axtarmağa ehtiyac olmur, amerikasayağı çəkilişlərə ehtiyac olmur. Atmosferi yaradandan sonra artıq empatiya olur, doğmalaşır. Rasim Cəfər olmasaydı, bu layihəni mən zəif çəkərdim. Rasim uşaqlarla işləməkdə mənə çox kömək etdi. Və o, nəinki əla aktyordur, aktyorlarla işləyən əla rejissordur.

A.B. Uşaqlarla birlikdə orada 2 ay qalmaq böyük məsuliyyət idi. Bəzi valideynlər uşaqlarını bizə həvalə etmişdilər ki, onların da məsuliyyəti vardı. Həftədə bir dəfə uşaqlara istirahət verirdik. Gəzintiyə, hovuza aparırdıq.
R.Ş. Uşaqların güclü olmasının bir səbəbi də o idi ki, antaqonist güclü idi. Antaqonistin rolu böyükdür. Ona görə biz ssenarinin müzakirəsinə, aktyor seçiminə çox vaxt sərf etdik. Uzun müzakirə edirdik ki, Fərahim kim olacaq. Oktay müəllimlə “Səma ilə görüş” filmində işləmişdik. İllərdir ki onu tanıyırdıq. Amma “Səma ilə görüş”də şəxsən tanış olduq. Mən digər film və seriallarda mənfi rollar üzrə şablonlaşmış aktyorları çəkmək istəmirdim. Tamaşaçıya yeni simalar lazım idi. Təbii ki, Oktay müəllimi xalq tanıyır. Amma böyük kütlə şablonlaşmış yox, yeni sima və xarakterlər görmək istəyir. Aktyor plastilin kimi olmalıdır və “Səma ilə görüş”də işləyəndə Oktay müəllimin plastilin olduğunu, hər formaya girib-çıxdığını hiss etdim. Burada da bildim ki, ondan Fərahim düzəldə biləcəyəm. Və Oktay müəllim özü də mənə bu işdə kömək edəcək. Düzdür, ilk çəkiliş günündə Oktay müəllimlə anlaşılmazlıq oldu. Oktay müəllim özü deyər.
Rasim Cəfər. Bayaq Rüfətin dediyi kimi, kastinq dövründə çox uşaq axtardıq. Laləni tapa bilmişdik, amma Muradı hələ tapa bilməmişdik. Muradı Aztv-nin Novruz şənliyində gördük. “Sehirli xalat”ı qurmuşdular və orada Rəşidi oynayırdı. Kastinqə çağırdıq. Mətni verdik, yenə oradakı kimi danışırdı. Başa saldım ki, rahat danış. Uzun müddətli məşqlərdən sonra alındı. Ən böyük çətinlik və yük uşaqların üstündə idi. Çünki uşaqların dialoqları, mətnləri çox idi. Hər gün çəkiliş idi. İstirahət verə bilmirdik bəzən. Yorulurdular, adam qınaya bilmir. Motivasiya verirdik ki, oynasınlar. “Oyuğ”un uşaqları İbrahim və Səməd tapşırığı daha tez anlayırdılar. Çünki təcrübələri vardı. Digərləri kamera və dublun nə olduğunu bilmirdilər. Bu da təbiidir. Amma bu serial onlar üçün də böyük təcrübə oldu.
S.S. Şerlok Holmsun hekayələrini oxumuşdu Murad ya izah edirdiniz?
R.C. Daha çox izah edirdik. Rüfətlə başa salırdıq. Əsərləri, qəhrəmanları.
Oktay Mehdiyev: Mən başqa çəkilişlərdə uşaqlarla işləmişəm. Rejissorun necə əziyyət çəkdiyini görmüşəm. Bizdə burada altı uşaq idi. Uşaq vardı, dözmürdü, yorulurdu, ağlayırdı. Valideyni də gəlirdi. Valideynlə də, uşaqla da işləyirdik… Mənim roluma gəlincə… Həmişə peşəkar aktyorlardan eşitmişik ki, aktyoru aktyor edən rejissordur. Aktyora nəsə deyəndə öz istedadından, təcrübəsindən istifadə edir. Bu da o deməkdir ki, aktyor başlayır təkrarlanmağa, şablonlaşır. Deyirlər ki, mənfi rolları yaxşı oynayırsan və mən başlayıram öz qabımda olan istedadımdan, təcrübəmdən istifadə etməyə. Bu seriala başlayanda öz içimdə qurmuşdum ki, belə oynayacağam. Çəkilişə başlayanda bizim aramızda bir anlaşılmazlıq baş verdi. Qızardım, pörtdüm. Rüfət dedi ki, tamam başqa bir antaqonist istəyirəm. Mən də rejissoru dinləyən aktyor olduğuma görə dinlədim. Çünki aktyor başqalaşmaq istəyir. Başqalaşması üçün ona bir başqasının beyni, orqanikası lazımdır. Aktyor da sadəcə onu özününküləşdirməlidir. Bir az qorxurdum ki, birdən komik nələrsə qataram, bayağı alınar. Sadəcə, Rüfətə inandım. O qıvraq bir adam istəyirdi. Və artıq oynaya-oynaya onun istədiyi yarandı. Təbii ki “ütülənmiş” rollar xoşuma gəlmir. Bəzən rejissorlar mənfi obrazı başdan-ayağa mənfi yaradır, iyrəncliyə gedirlər. Qorxduğum bu idi. Obraz xoşuma gəldi, çünki mənfidən müsbətə gedən dalğası vardı. Təbii ki ssenaristin, rejissorun məhsuludur. Bu imkanları onlar verir. Mənfidən müsbətə getdiyinə görə xoşuma gəldi. Rüfət dedi ki, mənfi obraz da olsa şirin olmalıdır.

S.S. Aylin Nəcəflini uşaqlıqdan tanıyıram. “Oyuq” studiyasının, onun rəhbəri Saida Haqverdiyevanın yetirməsidir. Filmlərdə çəkilib, tamaşalarda oynayıb. Bu il də İncəsənət Universitetinə 10 balla daxil olub. Aylin, çəkiliş prosesində nələr oldu, necə işlədiniz?
Aylin Nəcəfli: Mən “Oyuq” studiyasının yetirməsiyəm. Müəllimim Saida Haqvrdiyevanın qurduğu tamaşalarda müxtəlif personajları canlandırmışam, filmlərdə oynamışam. Biləndə ki, Venzdeyi oynayacağam, sevindim. Mənə xoş gəldi, çünki sevdiyim personajdır, mənim üçün yenidir. Yenidən “Adamslar ailəsi” serialına, Venzdeyə baxdım. Əvvəl də baxmışdım. Bu obrazı çox sevirəm. Venzdey əslində, mənfi personaj deyil. Sadəcə, pislik edən insanları cəzalandırmağı sevir. “Mən, Lalə, bir də Şerlok Holms” serialında da bunu gördük. Mən onda bir az da özümü gördüm. Çox minnətdaram ki, bu rolu mənə həvalə etdiniz. Düzünü deyim, mənə çətin gəlmədi.

V.H. Aylin doğrudan da çox təbii, çox yaxşı oynayırdı.
R.C. Kastinqdən sonra təsdiqləndi Aylin və ikinci dəfə çağıranda artıq gördük Venzdeydir.
R.Ş. Aylinin anası mənə deyirdi ki, Rüfət, bu uşaq dəli olacaq. Evdə söz deyirik, Venzdey kimi baxır. Roldan çıxmır. Mən Aylini ilk dəfə “Bu şəhərdə heç kimsə yoxdur”da çəkmişdim. Aylinin istedadını orada gördüm. Yadımda qalmışdı. Deyirdim ki, bu qızı çəkmək lazımdır. Venzdeyi axtaranda, kim ola bilər düşünürdüm. İnstaqramda ötürə-ötürə fotolara baxırdım ki, kimsə yadıma düşər. Təsadüfən Aylini gördüm, bir şəkli vardı, gözlərində Venzdeyi gördüm. Sonra Aylinlə görüşdük, dedim ki, gözlərini bacardığın qədər qırpma. İkinci dəfə görüşəndə gözlərini qırpmırdı. Aylinə görə çox sevinirəm. O biri uşaqlar sonra yetişəcək, bəlkə də başqa sahəyə gedəcəklər. Amma Aylin bu sənətin yetirməsidir. Və “Oyuq” studiyası, Saida xanım sağ olsun ki, onu yetişdirib. Sevinirəm ki, bizdə Aylin kimi istedadlı aktrisalar yetişir. Aylinə deyirəm ki, bu sənətin arxasınca düş, daha yaxşı öyrən. Məşhur oldun – sevinmə, uğursuz oldun – pis olma. Öyrən ki, biz, beş ildən sonra gənc aktrisalar seçəndə əziyyət çəkməyək.
O.M. Bir şeyi də deyim. Dünən tamaşa qururduq. Mono-tamaşadır, rejissor, musiqiləri qoyurdu. Dedi ki, bu musiqiləri, universitetimizdə Aylin var, o bəstələyib. Dedim tanımıram. Dedi ki, necə tanımırsan, serialda səninlə oynayıb. Venzdeyi oynayan…
A.N. Bir də onu deyim ki, bu rolda oynayarkən qətiyyən yorulmadım. Əksinə, bu mənim ən zövq aldığım seriallardan biri idi.
A.A. Musiqi tərtibatı da yaxşıdır. Təsir edirdi, nostalji duyğular oyadırdı.

A.B. Bəstəkar Tərlan Məmmədhüseynova təşəkkür edirik. Biz Tərlanla görüşəndə ona necə musiqi istədiyimizi dedik və o da istədiyimizi verdi.
R.Ş. Bizə standart musiqi lazım deyildi, nə istədiyimi bildi. Dedim “Elektronikin macəraları”na baxsın. Çox yaxşı musiqi bəstələdi. İldən-ilə bizdə saundtrek inkişaf edir. Tərlan peşəkar bəstəkardır. “Zəhər tuluğu”nun da bəstəkarıdır. “Ata ocağı”nın son mövsümündə yeni musiqilər bəstələdi. “Tənha” müəllif filmində də onunla işlədik. Dedi ki, bu filmin musiqisini əsər kimi işləyəcəyəm. Doğrudan da elə etdi.
S.S. Bu serialdan sonra, artıq bilirsiniz ki, uşaq kinosuna müraciət edəndə, əsas vurğular nə olmalıdır?

R.Ş. On iki seriyalıq layihənin üzərində bir ildən çox çalışdıq. Bizdən qabaq Turalla Vüqar bir ildən çox işləmişdilər. Bu serialdan sonra boşluqlarımızı bildik, hansı tərəflərlə tamaşaçıya sevdirmək olar – onu da bildik. Ssenaristlərimiz özləri də hansı tərəflərdən yanaşmaq lazımdır, onu gördülər. Uşaqlara ağıl öyrətmək olmur. Yaxşı seriallara, filmlərə baxıblar. Uşaq seriallarına necə yanaşmaq lazımdır, istər çəkiliş, istər atmosfer, istər musiqi, istər ssenari və s. Artıq mən, Rüfət olaraq bunları bilirəm. Bundan sonra istəyirəm ki, uşaq filmi, serialı çəkək. Bu ənənə davam etsin.
V.H. Bəzi həmkarlarımız dedilər ki, biz bu işin altına girməzdik. Adlı-sanlı rejissorlar idi. Çünki uşaqla işləmək çətindir. Turalla bunu yazanda bu kollektivə çox inandıq. Və düşünürdük ki, çox iş görüblər, ola bilməz nəsə problem çıxsın. Rüfət spesifik rejissor deyil, yəni ancaq bir janrda işləmir. Mən bu ssenarini sevərək yazmışam. Elə sifariş olur ki, sifariş xətrinə yazırsan. Amma bu, başqa işdir, sosial məsuliyyət hiss edirdik. Mən çox zövq aldım. Ola bilsin ki, ikinci mövsümü olsun. Bunun üçün imkanlar var.
S.S. Uşaqlar üçün kinoteatrlarda kontentin olmamasından valideynlər şikayətlənir. Çünki əcnəbi məhsulları daha çox görürük. Bu təcrübədən sonra tammetrajlı bədii film çəkməyi düşünürsünüz?
V.H. Artıq bu serial var deyə, uşaq mövzusunda çəkiləcək növbəti filmlər, seriallar üçün risk olmaya bilər. O uşaqları görmək üçün filmə gələrlər. Amma heç bir prodüser, sıfırdan olduğu üçün film çəkməz. Bu barədə çox danışmışıq. Bizim kinoteatrlar kommersiya tiplidir. Ona görə riskli baxır bu işə. İldə beş-altı sifarişim olur və heç vaxt uşaqlarla bağlı sifarişim olmayıb. Kinoteatrlar tamaşaçı rəğbətini itirməkdən qorxurlar
A.A. “Səma ilə görüş”, “Zəhər tuluğu” göstərdi ki, tamaşaçıya keyfiyyətli məhsul verəndə ona müsbət reaksiya olur. Yəni tamaşaçı ancaq “Bozbaş pikçers” istəmir. Tamaşaçı fərqli məhsula möhtacdır, onu istəyir, bunun üçün bazası var.
R.C. Ssenarinin 8 bölümünü göndərəndə birnəfəsə getdi. Zövq aldım. Uşaq filmlərində boşluqdur. Mən uşaqları aparıram harasa yeməyə. Amma kinoteatrda baxmağa kontent tapa bilmirik. Bizim valideynlər uşaqlarına pul xərcləyir. Bundan istifadə etmək olar. Normal iş olsa, gəlir gətirəcək.
R.Ş. Birinci film yaxşı olmalıdır ki, valdeynlərdə inam yaransın. İlk iş zəif olsa, inam sarsılacaq və yenə xarici filmlərə üz tutacaqlar. Maraqlı bir şey deyim, Şəki şəhərində bir məktəb direktoru, hər həftənin birinci günü bütün məktəbə seriala baxdırır və sonra dərsə başlayırlar.
aki.az