“Azərbaycan animasiyası 2021” illik hesabatı təqdim olundu

Animafilm Beynəlxalq Animasiya Festivalının  direktoru, rejissor Rəşid Ağamalıyev Azərbaycan Animasiyası səhifəsində “2021-ci ildə Azərbaycan Animasiyası. Yekunlar” illik hesabatını təqdim edib.

Rejissor qeyd edir ki, hesabatı müzakirəyə çıxarmaqda əsas məqsəd oxucuların fikirlərini, rəylərini öyrənməkdir. Hesabatda diqqəti dövlət qurumlarının və ictimai təşkilatların özəl sektora dəstək verməyə başlamasına çəkən rejissor, onu da qeyd edir ki, animasiya sahəsində artıq ali təhsil yaranıb, animasiya filmlərinin sayı xeyli artıb, onların çoxu nüfuzlu film festivallarında iştirak edir. Bütün bunlara baxmayaraq isə sualların meydana çıxması da qaçınılmazdır.

– Dövlət qurumları (Mədəniyyət Nazirliyi / ARKA) animasiya filmlərinə sistemli dəstək verəcəkmi?

– Özəl studiyalar tərəfindən animasiya filmlərinin istehsalı üçün dövlət tərəfindən hansı vəsait ayrılacaq (100 000 AZN birmənalı olaraq kifayət deyil)?

– İctimai təşkilatlar animasiyanın inkişafında necə iştirak edəcək?

– ADMİU-da təhsilin səviyyəsi necə olacaq və tələbələr animasiyanın hazırlanması prosesinə necə cəlb olunacaqlar?

– Uşaqlar üçün nə zaman tammetrajlı çoxseriyalı animasiya serialımız olacaq?

Azərbaycan Kinematorafçılar İttifaqı təqdim olunmuş hesabatı yüksək qiymətləndirir və bu işə rəsmi strukturların da həssas yanaşacağını gözləyir. Azərbaycan Kinematorafçılar İttifaqını narahat edən animasia layihələrindən biri də, anonsu verilmiş tammetrajlı animasiya filmi və ona ayrılan vəsaitin adekvatlığıdır.

Hesabatı diqqətinizə təqdim edirik

2021-ci ildə Azərbaycan Animasiyası. Yekunlar

2021-ci ili müasir Azərbaycan animasiya kinosu tarixində ən uğurlu il adlandırmaq olar. Filmlərin və animasiya studiyaların sayı çoxalmaqla yanaşı, beynəlxalq film festivallarında iştirak edən animasiya filmlərimiz də xeyli artıb. Müxtəlif kurslarda öyrədilən animasiya artıq ali təhsil səviyyəsində də tədris olunur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan animasiyası hələ yolun əvvəlindədir. Kinematoqrafçılar bu mühüm sənətin inkişafı istiqamətində hələ də bir çox problemləri həll eləməlidirlər. Bu məqalədə 2021-ci ildə animasiyamızda ən əlamətdar hadisələri əhatə eləməyə çalışacam.

Animasiya studiyaları, rejissorlar və prodüserlər

“Azanfilm” Animasiya Studiyası tərəfindən (prodüser Mənsur Şəfiyev) 2021-ci ildə “Tıq-Tıq möcüzələr axtarışında – Qobustan” (ssenari müəllifi və rejissor Sultan Abbasbəyli) filmi istehsal edilib. Studiyanın növbəti filmi olan “Oğurlanmış bahar”ın (rejissor Aleksandra Şirinova) 2022-ci ildə təhvil veriləcəyi planlaşdırılır. 2021-ci ilin aprel ayında “Azanfilm”in “Həyat davam edir” adlı layihəsi Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsində iştirak edib. 2021-ci ilin sonunda Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv Media şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, studiya “Qarınqulu” adlı ilk tammetrajlı animasiya filmini çəkməyə hazırlaşır.

Rejissor və prodüser Firəngiz Qurbanovanın rəhbərlik etdiyi “Birlik” animasiya studiyası fəaliyyətini davam etdirir. 2021-ci ildə studiya Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə “Sərçə” (rejissor Gülnar Əliyeva) diplom işini çəkib. Studiyanın “Qarabağ nağılı” adlı layihəsi isə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub. Müsabiqənin şərtlərinə görə, animasiya filmi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çəkiləcək. Onu da qeyd edək ki, film “Mənə nağıl söylə” adlı serialın ikinci seriyasıdır. Animasiya filminin birinci seriyası olan “Araqçın” 2020-ci ildə çəkilib və festivallarda uğurlu nəticələr əldə edib.

“Crambone Inventive League” və “NME more than entertainment” studiyaları “Balta” animasiya serialı (rejissor Rəvan Muradov, prodüseri Nicat Manafov) ilə məşhurlaşıb. “İlahi komediya” adlı onuncu və sonuncu seriyası 2021-ci ilin iyun ayında YouTube-da nümayiş olunub. Seriya IV ANİMAFİLM Beynəlxalq Festivalının müsabiqə proqramında iştikak edib.

Rejissor, prodüser Sultan Abbasbəylinin rəhbəri olduğu “Sultan” studiyası 2021-ci ildə “Həmən nar ağacı” sosial çarxını təqdim edib.

2020-ci ildə “Harmony of Chaos” studiyası tərəfindən ərsəyə gələn “Evə qayıdış” animasiya çarxı (prodüser və rejissor Ağarəhim İbrahimov) internetdə böyük əks-səda yaradıb, dəfələrlə televiziyalarda, kinoteatrlarda nümayiş etdirilib. XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı və IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının proqramında təqdim olunub.

“3 Dost” studiyasının “Qayıtmışam” layihəsi (prodüser və rejissor Rəşad Əfəndiyev) Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsində iştirak edib.

“OB Film” (prodüser Orxan Behbit) studiyasının təqdim etdiyi “Tarix” layihəsi (rejissor Ceyhun Türksoy) 2021-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibi olub. Müsabiqənin şərtlərinə əsasən animasiya filmi Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə ərsəyə gələcək. 2021-ci ilin oktyabrın əvvəlində isə studiyanın “Dönüş” ssenarisi (müəllifOrxan Behbit) IV ANIMAFİLM Beynəxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak edib.

“PERİ FİLM” studiyası (prodüser Rəşid Ağamalıyev) uşaqlar üçün “Sara hara?” (rejissor və prodüser Vəfa Əli) serialının iki seriyasını, habelə rejissor Həsən Pastacının rejissoruluğu ilə IV ANIMAFİLM Beynəlxalq Animasiya Festivalı üçün treyler çəkib. Studiyanın “Toxum” layihəsi (ssenari müəllifi və rejissoru Şamil Nəcəfzadə) Mədəniyyət Nazirliyinin “Böyük Qayıdış” müsabiqəsinin pitçinq mərhələsində iştirak edib. “PERİ FİLM” şirkəti, həmçinin ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı və animasiya kursları (ANİMAFİLM School) təşkil edir.

“Enteskids” studiyası (prodüser və rejissor Günay İmanzadə) uşaqlar üçün “Robot Pika ilə öyrənək” adlı maarifləndirici animasiya serialı hazırlayır. 2021-ci ildə studiya yeddi seriya çəkib. Layihənin ikinci seriyası olan “Robot Pika ilə Bizim Günəş Sistemi” IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak edib.

“Azkinder Azerbaijan” stusiyasının əsas məqsədi (prodüser və rejissor İlham Həsənov) məktəb yaşına çatmamış uşaqlar üçün müasir tədris proqramı hazırlamaqdır. Proqramın bir hissəsi animasiya istehsalıdır. 2021-ci ildə studiya 12 klip çəkib. “Sən şən günəşim” klipi IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak edib.

“Macara TV” studiyası da (prodüser və rejissor Nəsibə İbrahimova) uşaqlar üçün maariflərdirici məzmun istehsalı ilə məşğuldur. Belə ki, studiya tərəfindən 2021-ci ildə “Yusif” klipi və iki seriyalı “Qara Şahinin macəraları”, “Güldan”, “365 adlı qatar” animasiya filmləri istehsal edilib.

“Ruslan İbrahimli Film Studiyası” (prodüser və rejissor Ruslan İbrahimli) 2021-ci ildə “Xocalı ailəsi” və “Save water” animasiya çarxı çəkib. Birinci çarx IV ANİMAFİLM Beynəlxalq Festivalının müsabiqə proqramında iştirak edib.

Uşaqlar üçün maarıfləndirici portal olan “Kookla TV” (prodüser Seyla Abdulkərim) YouTube-da onlarla animasiya çarxı və filmlər, o cümlədən “Pinti Kamal”, “Qoğalın nağılı” və s. təqdim ediblər.

“NN Film” studiyası (rejissor və prodüser Natiq Novruzov) “Toxumun qayıdışı” adlı layihə ilə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Böyük Qayıdış” müsabiqəsində iştirak edib. 2021-ci ilin iyul ayında studiya “Mübariz” animasiya komiksini nümayiş etdirib. 2020-ci ilin əvvəlində studiya Azərbaycan Televiziyası ilə birgə hərbi mövzuda “Lələtəpə əməliyyatı” adlı animasiya filmi istehsal edib.

Animasiya sənətində yeni addımlayan rejissorlar 2021-ci ildə xüsusilə fərqləniblər. Sevinc Quliyeva qeyri-adi “şaquli” formatda “+65” adlı animasiya filmi çəkib. Ağamalı Əliyev “Pinqvinlər uçur, Mari” adlı stop motion filmi çəkib. “Film Fiction” jurnalının həmmüəllifi, kino rejissor Şahin Xəlil “Sənətə sevgi hekayəsi” adlı eksperemental film ərsəyə gətirib. Aslan Məhərrəmli “Bülbülün Asəf Zeynallı haqqında xatirələri” adlı filmiylə böyük bəstəkarın xatirəsini anıb. Cavid İlham özünəməxsus üslubda hərbi mövzuda “Evə qayıdış” filmini çəkib. Ruslan Kərimov Xocalı faciəsindən bəhs edən “İnilti” filmini ərsəyə gətirib və nəhayət Ayaz Xalıqov II Qarabağ Müharibəsinə “Cəsur Əsgər” adlı film həsr edib. Bütün bu filmlər IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının müsabiqə proqramında iştirak edib. “Evə qayıdış” (rejissor Ağarəhim İbrahimov), “İnilti”, “Tıq-tıqla möcüzələr axtarışında. Qobustan”, “+65” XII Bakı Beynəxalq Qısa Filmlər Festivalının müsabiqə proqramında iştirak edib.

Beynəlxalq festivallarda və pitçinqlərdəki uğurlar

Azərbaycan animasiya tarixində ilk dəfə olaraq Fransanın Ansi şəhərində keçirilən Beynəlxalq Animasiya Filmləri Festivalının müsabiqə proqramına animasiya filmimiz qatılıb. “Fiananın sirri” (rejisor və prodüser Durna Səfərova Gürcüstanın “Chai Khana” qeyri-hökumət təşkilatı ilə birgə) “Perspectives” adlı müsabiqə proqramında iştirak edib.

“Azanfilm” studiyasının filmləri beynəlxalq film festivallarının müsabiqə proqramına bəlli nəticələr əldə edib. 2018-ci ildə çəkilən “Mənim balaca Şahzadəm” filmi (rejissor Arif Məhərrəmov) “12th Hsin-Yi Children’s Animation Awards Festival”ının müsabiqə proqramına düşüb. Bu film 2018-2021-ci illərdə I ANİMAFİLM (Azərbaycan), “8 Universal Kids” (Türkiyə), “3 International Children’s” (Banqladeş), “12 Lahore International Children’s” (Pakistan), “3 Lucerna Youth and Children” (Rusiya) festivallarında iştirak edib. Studiyanın yeni filmi olan “Tıq-tıqla möcüzələr axtarışında – Qobustan” (rejissor Sultan Abbasbəyli) XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı və IV ANİMAFİLM Beynəlxalq Festivalının yerli müsabiqəsində iştirak edib.

“Birlik” studiyası bir neçə festivalda uğur qazanıb. Belə ki, studiyanın ərsəyə gətirdiyi “Araqçın” filmi (rejissor Firəngiz Qurbanova) “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” nominasiyasında IV ANİMAFİLM Beynəlxalq Festivalında qalib gəlib. 2021-ci ilin dekabr ayında isə Moskvada XXVI “Radonej” Beynəlxalq Film Festivalında münsiflər heyətinin diplomunu alıb. Film, həmçinin “Diogenes 2021” (Gürcüstan), “3 International Erzincan Short Film Festival” (Türkiyə), “Anim!Arte” Beynəlxalq Tələbə Filmləri Festivalında (Braziliya) iştirak edib. Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə çəkilən studiyanın ən yeni “Sərçə” filmi isə (rejissor Gülnar Əliyeva) IV ANİMAFİLM Beynəlxalq Festivalı (Azərbaycan), “Accordi @DISACCORDI – International Short Film Festival” (İtaliya), “IX Silk Road Film Awards” (Türkiyə) festivallarında iştirak edib.

2021-ci ilin 8-12 noyabr tarixlərində ANİMAFİLM Beynəlxalq Festivalının təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə azərbaycanlı iştirakçılar Tbilisidə keçirilən “Animated Film Project Pitching”-də “vorkşop”a qatılıblar. Firəngiz Bağırova və Leyli Salayevanın “Son lələk” layihəsi baş mükafat qazanaraq 2022-ci ildə Fransanın Fonrevro şəhərində keçiriləcək aylıq vorkşopda iştirak etmək hüququ əldə ediblər. Seminar artıq yeddinci dəfədir ki, Gürcüstanın “Saqanima” Animatorlar Assosiasiyası tərəfindən təşkil olunur.

Animasiya sahəsində təhsil

2021-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi nəzdində (“Dizayn və təsviri incəsənət” kafedrası, “Qrafika” ixtisası) “Animasiya və kompüter qrafikası” ixtisaslaşma açılıb. İki tələbə (Zəhra Hüseynova, Aysun Hüseynzadə) bakalavr, bir tələbə isə (Mir Elbəy Mirqasımov) magistr mərhələsinə qəbul olunub. Tələbələrə Firəngiz Qurbanova, Nərminə Əfəndiyeva, Günel Cəfərzadə və Toğrul Məmmədovdərs deyir.

2019-cu ilin sentyabr ayında Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində (direktor Oleq Səfərəliyev) beş tələbə ikiillik “Animasiya filmi rejissoru və rəssamı” kursuna seçilmişdir. Dərsləri Firəngiz Qurbanova aparırdı. Tələbə Gülnar Əliyeva “Sərçə” diplom işi ilə təhsilini başa vurub.

ANİMAFİLM Beynəlxalq Festivalı nəzdində fəaliyyət göstərən ANİMAFİLM School 2021-ci ildə bir neçə intensiv animasiya kursları və ustad dərsləri, o cümlədən “Klassik 2D Animasiya”, “Stop Motion” (müəllim Həsən Pastaci), “Scratch proqramı ilə öz animasiyanı yarat!” (müəllim Ağababa Bağırov) və “Stop Motion” (müəllim İmran Xəlilov) təşkil edib. IV ANİMAFİLM Beynəlxalq Festivalı çərçivəsində görkəmli animasiya rejissoru Məsud Pənahi, səs rejissorları üçün Nancy Denney-Phelps və Nik Phelps, prodüserlər üçün Olivier Catherin ustad dərsləri verib.

Animasiya, həmçinin “STEP IT Academy”, “Baku Design Academy” və digər özəl məktəblərdə də tədris olunur.

2021-ci ildə Azərbaycan Dövlət Rəsm Qalereyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Digitalart-lab” layihəsini gerçəkləşdirib. Layihə çərçivəsində animasiya üzrə “3D modelləşdirmə və tekstur” (müəllim Əskər İsmayılov), “Azərbaycanda animasiya sahəsi” (müəllim Mənsur Şəfiyev), “Concept art” (müəllim Amil Quliyev), “VFX” (müəllim Hacı Qədirov), “İllüstrasiya” (müəllim Mahir Qafarov), “Personaj dizaynı” (müəllim Hüseyn Rzayev) və b. ustad dərsləri təşkil olunub.

Həmçinin, internetdə “Pencil2D ilə Animasiya Dərsləri”, “Tinkercad ilə 3D Dizayn Dərsləri” (müəllim Ramin Sultanov), “Azərbaycan dilində sıfırdan Adobe After Effects Kursu” (müəllim Nicat İbrahimli), “Pixar animasiya kursu” (müəllim Ruslan İbrahimli) da daxil olmaqla Azərbaycan dilində ödənişli və ödənişsiz animasiya kursları tapmaq olar.

Dövlət strukturları və ictimai təşkilatlar

2021-ci ilin yanvar ayında Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Respublikası Kino Agentliyinın (ARKA)yaradılması haqqında danışıb. Agentliyin məqsədi kino sənayesinin müasir tələblərinə cavab verməsinə şərait yaratmaqdır. Agentliyin yaradılmasında Rüfət Həsənovun başçılığı ilə Mədəniyyət Nazirliyinin Audiovizual və İnteraktiv media şöbəsi məşğul olacaq.

2021-ci ilin yanvar ayında Azərbaycan kino tarixində ilk dəfə olaraq Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri üçün müsabiqə-pitçinqi elan edib. Müsabiqənin yeniliyi ondan ibarət idi ki, burada özəl studiyalar da iştirak edə bilərdi. Qaydalara görə, animasiya filmlərinin mükafat fondu 100 000 AZN təşkil edir. Müsabiqənin birinci (inzibati) mərhələsindən 12 animasiya layihəsi, ikinci turundan (yaradıcı seçim) 6 layihə keçib. Müsabiqənin qalibi isə iki layihə – “Qarabağ nağılı” (“Birlik” studiyası) və “Tarix” (“OB Film” studiyası) olub.

2021-ci ilin yanvarında ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev “Azərbaycan Animasiya Assossiasiyası” (AAA) ictimai təşkilatın yaradılması haqqında məlumat verib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı (sədri Rüstəm İbrahimbəyov) müxtəlif layihələrlə ölkədə animasiyanın inkişafını dəstəkləyir. Əvvəldə qeyd etdiyimiz kimi, iki illik animasiya kursundan əlavə, İttifaq ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının daimi tərəfdaşıdır və Kino Evində animasiya filmlərinin nümayişini təşkil edir.

Animasiya sahəsində tədbirlər

2021-ci ilin yanvar ayında ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı “Azərbaycan animasiyasının gələcəyi” adlı sayca üçüncü dəyirmi masasını keçirib. Həmin tədbirdə “Azərbaycan Animasiya Assossiasiyası”nın yaranması haqqında məlumat verilib. Elə həmin ilin iyun ayında festivalın komandası, o cümlədən “Ən yaxşı Azərbaycan animasiya filmi” nominasiyasının qalibi Fidan Axundova Fransanın Annecy şəhərində keçirilən Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub.

3-7 sentyabr 2021-ci il tarixlərində Bakıda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib. Festivalda uşaqlar və böyüklər üçün 200 animasiya filmi nümayiş olunub. Festivalın mövzusu “əlillik” idi. Beynəlxalq münsiflər heyəti yerli və beynəlxalq filmləri, ssenariləri qiymətləndirib. Ən yaxşı Azərbaycan filmi “Araqçın” (rejissor Firəngiz Qurbanova), ən yaxşı animasiya filmi üçün ssenari “Balaca qırmızı şar” (müəllif Günel Eminli) seçilib. “İnilti” (rejissor Ruslan Kərimov) filmi münsiflər heyətinin xüsusi mükafatını qazanıb. Məsud Pənahi (Azərbaycan), Olivier Catherin (Fransa), Nancy Denney-Phelps, Nik Phelps (Belçika), Mariam Kandelaki (Gürcüstan), İradə Bağırzadə (Azərbaycan), Petr Kardas(Polşa), Mehdi Khorushy, Maryam Rouhbakhsh (İran) IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının beynəlxalq münsiflər heyətində olublar. Ənənəvi olaraq festivalda 18 uşaqdan ibarət münsiflər heyəti də iştirak edib. Festivalda kino üzrə təsvir rejissoru Ramiz Ağayev Azərbaycan animasiyasının işkişafına verdiyi töhfələrə görə “Qızıl qayıq” mükafatına layiq görülüb.

2021-ci ilin 13 oktyabrdan 13 noyabradək “Animasiya filmləri, la French touch” sərgisi açılıb. Sərgini Fransız İnstitutu keçirib və Fransa animasiya filmlərinin 100 illik tarixini əks etdirib.

Noyabrın 15-dən 21-dək Latviyada “Kiçik millət – Böyük Animasiya” animasiya filmləri festivalı təşkil olunub. Festivalın qonağı latviyalı animasiya filmləri rejissoru Vladimir Leşevolub. Tədbir Latviyanın Azərbaycandakı Səfirliyi tərəfindən reallaşıb.

Noyabrın 19-dan 23-dək yerli və beynəlxalq müsabiqələrdə animasiya filmlərinin yer aldığı XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Yerli müsabiqədə dörd animasiya filmi – “Evə qayıdış” (rejissor Ağarağım İbrahimov), “Tıq-Tıqla möcüzələr axtarışında. Qobustan” (rejissor Sultan Abbasbəyli) və “+65” (rejissor Sevinc Quliyeva) iştirak edib. Münsiflər heyətinin qərarı ilə bu filmlərin heç biri “Ən yaxşı Azərbaycan animasiya filmi” mükafatına layiq görülməyib. “+65” filmi münsiflər heyətinin xüsusi mükafatını qazanıb.

23-25 noyabr tarixlərində IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Şəkidə əks-sədası tədbiri Şəki “ASAN xidmət” mərkəzində keçirilmişdir. Tədbir Mədəniyyət Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. Tamaşaçı rəğbəti mükafatı Sultan Abbasbəylinin “Tıq-tıqla möcüzələr axtarışında. Qobustan” filmi almışdır.

Dekabrın 17-də Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Naməlum Azərbaycan animasiyası” animasiya filmləri gecəsi keçirilib. Dekabrın 22-də İttifaqın təşkilatçılığı ilə Azərbaycan uşaq filmləri nümayiş olunub.

Aki.az