Azərbaycan animasiyası Özbəkistanda
18-22 aprel tarixlərində Özbəkistanın paytaxtında Daşkənd Beynəlxalq Animasiya Forumu (Tashkent International Animation Forum) keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş keçmiş kult və müasir milli animasiya filmləri birinci Daşkənd Beynəlxalq Animasiya Forumunda göstəriləcək.
Proqramın kuratoru ANİMAFİLM Beynəlxalq Animasiya festivalının direktoru Rəşid Ağamalıyevdir. O, eyni zamanda foruma beynəlxalq münsiflər heyətinin üzvü kimi də dəvət olunub. Bir çox tanınmış Azərbaycan filmlərinin müəllifi Elçin Hami Axundov da Daşkənd forumunun qonağı olacaq.
Yeri gəlmişkən, Daşkənd Beynəlxalq Animasiya Forumunda Mərkəzi Asiya ölkələrindən olan animatorlar və İsrail, Azərbaycan, Gürcüstan, Ukrayna və Rusiyanın aparıcı animasiya mütəxəssisləri bir araya gələcəklər.
Təşkilatçıların sözlərinə görə, Özbəkistanın 30 illik müstəqilliyi ərzində bu, animasiya filmlərinə həsr olunmuş ilk irimiqyaslı tədbirdir. Təşəbbüs Özbəkistanın “Dante Rustav Films” müstəqil rejissorlar birliyinin təsisçisi Denis Semyonova məxsusdur. Forum Özbəkistan Kino Agentliyi, İsrail səfirliyi, İsveçrə səfirliyi yanında İsveçrə Əməkdaşlıq Ofisi və Goethe İnstitutunun dəstəyi ilə keçiriləcək.
“Azərbaycan animasiyasının 50 illiyi” proqramına gəlincə, bundan əvvəl Azərbaycanda (ANİMAFİLM), Polşada (StopTrik), Yunanıstanda (Animasyros), Gürcüstanda (Tofuzi) keçirilən beynəlxalq animasiya festivallarında təqdim olunub. Proqrama bu filmlər daxil edilib: “Cırtdan” (1969, rej. Ağanağı Axundov, Yalçın Əfəndiyev), “Tıq-Tıq xanım” (1979, rej. Məsud Pənahi, Ağanağı Axundov), “Cırtdan-pəhləvan” (1981, rej. Bəhmən Əliyev), “Anam ağaca çıxıb” (1986, rej. Firəngiz Qurbanova), “İthaf” (1990, rej. Şamil Nəcəfzadə), “Söhbətül-əsmar” (1994, rej. Elçin Hami Axundov), “Mükəmməl zədə” (2019, rej. Samir Salahov).
aki.az