Azərbaycan filmi V Türk Dünyası Sənədli Film Festivalının əsas müsabiqə proqramında

V Türk Dünyası Sənədli Film Festivalının əsas müsabiqə proqramı elan olunub.

Azərtac-ın məlumatına görə, Türkiyədə keçirilən festivalın əsas müsabiqəsində ölkəmizi “Salnaməfilm” studiyasının istehsalı olan, rejissor Vəli Səyyadinin quruluş verdiyi “Hapıtlar” filmi təmsil edir. Bundan başqa, festivalın tələbə filmləri kateqoriyasında isə istedadlı rejissorlarımız Nərmin Həsənovanın “Cəfər ömrü”, Anar Kakayevin “Torpağa bağışlananlar” və Fahir İmamquliyevin (Fahir Səmədoğlu) “Güllələnmiş məzarlar” filmləri yarışacaq.

Yeri gəlmişkən, Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə reallaşan festival “Türk mədəniyyəti və türkün dünyaya baxış bucağı” mövzusuna həsr edilib.

Festivalda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Şimali Kipr, Macarıstan, Şimali Makedoniya, həmçinin Rusiya Federasiyasının Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Tuva, Yakutiya, Dağıstan və Xakasiya respublikaları iştirak edir.

aki.az