18-27 oktyabr tarixlərində Sankt-Peterburq şəhərində keçiriləcək 34-cü “Bəşəriyyətə ismarış” Beynəlxalq Kinofestivalında Azərbaycan iki filmlə təmsil olunacaq.
Gənc rejissor Azər Quliyevin “İkinci planetin qırmızı rəngi” bədii filmi festivalın “Qısametrajlı bədii filmlər” müsabiqəsində iştirak edəcək. Filmdə hadisələr 44 günlük vətən müharibəsi fonunda baş verir. “İkinci planetin qırmızı rəngi” filmi 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” pitçinqinin qaliblərindən biridir. “Azərbaycanfilm” kinostudiyası və “Nərimanfilm” şirkətinin dəstəyilə “Mozalan” studiyasında çəkilmiş filmin dünya premyerası bu ilin əvvəlində Finlandiyanın Tampere şəhərində keçirilən beynəlxalq kinofestivalın Cənubi Qafqaza həsr olunmuş xüsusi proqramı çərçivəsində baş tutub.
Rejissor İqor Smolanın “Keçmiş.POV” filmi isə “Bəşəriyyətə ismarış” Beynəlxalq Kinofestivalının “Qısametrajlı sənədli filmlər” bölməsində iştirak edəcək. Film, Azərbaycanla Sinqapurun müştərək istehsalıdır.
“Bəşəriyyətə ismarış” kinofestivalı, festivalın hazırkı fəxri prezidenti Mixail Litvyakov tərəfindən təsis olunub. 2010-cu ildən etibarən, festivala sənədli və bədii filmlər rejissoru, Rusiyanın Xalq artisti Aleksey Uçitel rəhbərlik edir.
aki.az