Azərbaycan Kinematoqrafçılar İttifaqı - 2020

Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq 2020-ci ildə nələr etdik,
nələr yarımçıq qaldı və ya nələr planlaşdırdıq kimi məqamlara hesabat
xarakteri daşıyan bu məqalədə geniş məlumat verəcəyik.
Elə isə başlayaq 2020-ci ilin ilk ayından…

  • 7 yanvar 2020-ci il Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov
    adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə “Rusiyanın görkəmli
    azərbaycanlıları”adlı ssenari müsabiqəsinə start verdi. Müsabiqənin
    məqsədi uzun illərdir ki, Rusiyada yaşayıb-yaradan görkəmli
    azərbaycanlıların həyat yolunun səlnaməsini yaratmaq, gənc nəslə
    onların nailiyyətlərini çatdırmaq, həmçinin sənədli kino sahəsində
    aktivliyi artırmaqdan ibarət idi.
  • 17 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində
    görkəmli ssenarist, kinorejissor Əli Xamrayevin ustad dərsləri keçirildi.
    Eyni zamanda Kino Evində rejissorun “Mən səni unutmamışam”(2018)
    filminin təqdimatı da oldu.
  • 17 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor Rəşid Ağamalıyevin quruluşunda “Züleyxa ilə dialoqlar” sənədli filminin təqdimat mərasimi baş tutdu. Film Türkiyədə fəaliyyət göstərən, tanınmış musiqi terapevti Züleyxa Abdullayevaya həsr olunub və filmdə onun musiqi vasitəsilə fiziki, ruhi ağrıları necə müalicə etdiyindən, eyni zamanda  Hindistan və Çexiyadan müalicə etdiyi xəstələrin həyatından bəhs edir.Kino Evində baş tutacaq filmin nümayişindən sonra tamaşaçılar Züleyxa Abdullayevanın rəhbərliyi ilə xüsusi bir musiqi terapiyası seansını da yaşaya bildilər.
  • 19 yanvar Kino Evində “Əbədiyyətə uçuş” və “Malakanlar” sənədli filmlərinin nümayişi oldu. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Cəmil Fərəcovun quruluşunda çəkilən hər iki film Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsalata buraxılıb və “Salnamə” studiyasında lentə alınıb. Hər iki film vətənpərvərlik ruhunda çəkilib və nümayişinin məhz 19 yanvar gününə təsadüf etməsi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanımızın paytaxtı Bakıda baş vermiş faciə ilə əlaqədar idi. Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun iştirakı ilə keçirilən təqdimatda öncə 20 yanvar tarixi yada salındı və dövlət himnimizin sədaları altında 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi.
  • 24 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində “Vətəndaş Nəcəfov” sənədli filminin təqdimatı keçirildi. “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən istehsal edilən film ictimai-siyasi xadim Nəcəf Nəcəfova həsr olunub. Azərbaycanın dövlət müstəqilliyinin bərpası, demokratik bir dövlətin yaradılması uğrunda fəal mübarizə aparan Nəcəf Nəcəfovun yaxın dostları və həyat yoldaşının xatirələri əsasında hazırlanan sənədli filmdə onun jurnalistika və siyasətdəki fəaliyyətindən bəhs edir.
  • 13 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbu orqanı olan
    Aki.az saytında “Milli Kino Tariximizdən” adlı yeni bir rubrikaya start
    verildi. “Azərbaycanfilm” kinostudiyasının keçən əsrdə istehsal edilən
    filmlərin yaranma tarixinə nəzər salmaqla yanaşı, fimlərdə əməyi keçən
    yaradıcıların fəaliyyətindən, ən önəmlisi isə yubileyi olan filmlər
    haqqında maraqlı faktların üzə çıxmasına geniş imkanlar yaradıldı.
  • 19 fevral Kino Evində rejissor Elmar İmanovun quruluşunda çəkilən
    “Mövsümün sonu” adlı tammetrajlı bədii filmin təqdimatı keçirildi.
    İttifaqın dəvəti ilə filmin rejissoru, prodüsserinin də iştirak etdiyi
    təqdimatda filmin geniş müzakirəsi oldu. Film Beynəlxalq Rotterdam Film
    Festivalında FIPRESCI-nin mükafatına layiq görülüb.
  • 25 fevral Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində
    “Yara” (2013), “Şanxay, Bakı” (2015), “Duz, istiot zövqə görə”
    (2018) qısametrajlı bədii filmlərinin müəllifi, rejissor Teymur Hacıyevlə
    tələbə və dinləyicilərin görüşü keçirilib. “Yeni Kino” proqramı çərçivəsində təşkil olunan görüşdə rejissor müstəqil layihələr üzərində həyata keçirdiyi iş təcrübəsi haqqında geniş
    məlumat verib.
  • 2 mart Kino Evində Leyla Bədirbəylinin 100 illiyi münasibətilə
    xatirə gecəsi keçirildi.
  • 17 mart İtaliya ssenaristi, kinorejissoru Tonino Querranın anadan
    olmasının 100 illiyi münasibətilə Kino Evində Tonino Querraya həsr
    olunmuş, onun Bakı xatirələri üzərində qurulmuş “Bu yol hara aparır”
    sənədli filminin nümayişi keçirildi.
  • 18 aprel Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqının ”Tədris və istehsalın birliyi Azərbaycan animasiyasının inkişafına dəstək kimi” layihəsi çərçivəsində, Kino Məktəbinin Animasiya qrupu “Cırtdan” yeni animasiya filminin çəkilişinə start verdi.
  • 12 iyun Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin
    12.06.2020-ci il tarixində keçirilmiş iclasında Azərbaycan
    kinematoqrafiyasındakı son durum müzakirə olunaraq bəyanat qəbul
    edildi.
  • 31 iyul Azərbaycan Kinematoqrafçılar İttifaqı A. M. Qorçakov adına İctimai
    Diplomatiyaya Dəstək Fondu ilə birgə keçirdiyi “Rusiyanın görkəmli
    azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin
    nəticələri açıqlandı. Rüstəm İbrahimbəyovun sədrliyi ilə, Cəmil Fərəcov,
    Oleq Səfərəliyev, Vaqif Azəryar və Əli İsa Cabbarovun daxil olduğu
    münsiflər heyətinin qərarına əsasən Milli Kino günü öncəsi müəyyən
    edilən qaliblər:
    1-ci yer – “Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran
    Mahmudoğlu)
    2-ci yer – “Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)
    3-cü yer – “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova), “Next” (Çingiz
    Rəsulzadə), “Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva).
  • 31 iyul Azərbaycan Kinematoqrafçılar İttifaqının təqdimatında
    “Azərbaycan kino sənəti tarixi” 4 cildliyi nəşrə hazırlanmağa başladı.
    Tanınmış kino tarixi tədqiqatçısı Nəriman Əbdülrəhmanlının müəllifi
    olduğu “Azərbaycan kino sənəti tarixi” 4 cildlik monoqrafiyasında
    Azərbaycan kinosunun 120 illik tarixi araşdırılıb.
  • 2 avqust Azərbaycan kino xadimlərinin peşə bayramı olan 2 Avqust –
    Milli Kino Günü münasibətilə Azərbaycan Kinematoqrafçılar İttifaqı
    ənənəvi olaraq mükafatlandırdığı kino xadimlərinin siyahısını açıqladı.
    Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən,
    “Sənət ideallarına sadiqliyinə görə” aktyor Fərhad İsrafilov, “Müasir
    kino dili ilə çəkilmiş filmlərin beynəlxalq uğuruna görə” kinorejissor
    Teymur Hacıyev, “Azərbaycan kino problemlərinə həsr olunmuş
    məqalələr silsiləsinə görə” kinoşünas Sevda Sultanova təltif olundular.
  • 11 avqust Azərbaycan Kinematoqrafçılar İttifaqı Qarabağ həqiqətlərinin
    beynəlxalq arenada səslənməsində kinematoqrafın oynaya biləcəyi
    müsbət rolu nəzərə alaraq, o cümlədən kinematoqrafiyamızda Qarabağ
    müharibəsinin yaşatdığı insan faciələrini tam dolğunluğu və realistik
    əksinin vacibliyini qeyd edərək, “Qarabağ. İnsan. Qələbə” tammetrajlı
    bədii film ssenarisi müsabiqəsi elan etdi.
  • 25 avqust Azərbaycan Kinematoqrafçılar İttifaqının qurucusu, rejissor,
    ssenarist Lətif Səfərovun 100 illik yubileyi münasibətilə Aki.az saytında
    “LƏTİF SƏFƏROV-100” rubrikasına start verildi. Rejissorun çəkdiyi,
    quruluş verdiyi filmlərlə yanaşı, yaradıcılığını əhatə edən məqalələr
    silsiləsi oxuculara təqdim olundu.
  • 13 oktyabr Azərbaycan Kinematoqrafçılar İttifaqı kinomuzun tarixi və
    nəzəri problemləri ilə bağlı müzakirələr silsiləsinə start verdi.İlk müzakirədə Lətif Səfərovun 100 illik yubileyi fonunda yaradıcılığından bəhs edildi.
  • 14-18 oktyabrda Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi tərəfdaşı olduğu 3-cü Animafilm Beynəlxalq Animasiya Festivalı keçirildi. Festivalın mövzusu “Azərbaycan uşaqları” idi. Festivalın açılış mərasimində İttifaqın katibi Əli İsa Cabbarov çıxış etdi. İttifaqın Kino məktəbinin direktoru Oleq Səfərəliyev Animafilm Festivalının ssenari üzrə münsiflər heyətinin üzvü idi.
  • 18 oktyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Vətən Müharibəsi günlərində rusiyalı jurnalist, siyasətçi Maksim Şevçenkoya müsahibə verib. Mövzu- QARABAĞ – AZƏRBAYCANDIR!
  • 29 oktyabr Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan Ordusuna
    edilən yardımlara qoşuldu, Silahlı Qüvvələrə Yardım Fonduna 5000 AZN
    məbləğində ianə etdi.
  • 30 oktyabr 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar
    İttifaqının katibi və sədri vəzifəsində çalışmış Həsən Seyidbəylinin 100
    illik yubileyi münasibətilə Aki.az saytında rubrika yaradıldı və rejissorun
    ssenarisi əsasında çəkilən, eyni zamanda rejissoru olduğu filmlərin
    yaranma tarixləriylə bağlı oxuculara geniş məlumatlar verildi.
  • 4 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqında “Qarabağ
    müharibəsi kinoda” başlıqlı dəyirmi masa keçirildi.Tədbir iştirakçıları
    Vətən müharibəsinin kinoda necə əks olunması mövzusunda fikir
    mübadiləsi apardılar.
  • 6 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq Kino Məktəbinin tələbələri üçün Animafilm Festivalının qaliblərinin filmləri nümayiş etdirildi. Görüşdə Beynəlxalq Kino Məktəbinin direktoru Oleq Səfərəliyev, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov, Birlik Studiyasının direktoru Firəngiz Qurbanova və Animafilm Festivalının direktoru Rəşid Ağamalıyev iştirak etdilər.
  • 19 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqında ədəbiyyatımız və
    kinematoqrafımız arasında qırılmış bağların bərpası ilə bağlı müzakirə
    keçirildi.
  • 30 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi tərəfdaşı
    olduğu DokuBaku 4-cü dəfə start götürdü. İttifaqın katibi Əli İsa Cabbarov
    tammetrajlı sənədli filmlər müsabiqəsinin münsif üzvüdür.
  • 7 dekabr Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm
    İbrahimbəyovun təşəbbüsü ilə, Həsən Seyidbəyliniin 100 illiyinə həsr
    olunmuş kitab nəşr olundu. Kitabın tərtibçisi Azərbaycan
    Kinematoqrafçılar İttifaqının üzvü, yazıçı Nəriman Əbdülrəhmanlıdır.
    “Həsən Seyidbəyli:Şəxsiyyət və Yaradıcı” adlandırılan kitabda görkəmli
    sənətkarın son 50 ildə filmlərinə yazılmış resenziyalar, yaradıcılığını
    əhatə edən, çoxcəhətli fəaliyyətinə həsr olunmuş məqalələr, çəkiliş
    məqamlarının kadrarxası və onun şəxsiyyətini xarakterizə edən
    müsahibələr yer alıb.
  • 10 dekabr Azərbaycan kiematoqrafçılar İttifaqının sifarişi ilə, Kino
    Məktəbinin “Animasiya rejissoru qrupu”nun tələbələrin iştirakı ilə,
    Mədəniyyət Nazirliyi ilə birgə keçirilən layihə çərçivəsində istehsal
    olunan “Araqçın”(ilkin şərti adı “Cırtdan”dı) animasiya filmi üzrində iş tamamlandı.
  • 11 dekabr Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı
    Rüstəm İbrahimbəyov sentyabrın 27-dən noyabrın 9-dək davam edən
    Dağlıq Qarabağdakı müharibə və əldə edilmiş sülh razılaşması haqqında
    Vestikavkaza.ru saytının müxbiri Giya Saralidzenin “Qonşular” analitikinformasiya proqramı çərçivəsində hazırladığı müsahibənin suallarını
    cavablandırdı.
  • 16 dekabr Azərbaycan Kinematoqrafçılqr İttifaqının Kino Məktəbinin
    istehsalı olan, rejissor Elnur Paşanın çəkdiyi “Quyu” filmi və rejissor
    Azər Allahverdiyevin quruluş verdiyi “Üç yol” filmi 11-ci Bakı Beynəlxalq
    Qısa Filmlər Festivalının qalibləri oldu.
  • 20 dekabr Azərbaycan Kinematoqrafçılar İttifaqında görkəmli rejissor,
    ssenarist və yazıçı Həsən Seyidbəylinin 100 illik yubileyi münasibətilə
    nəşr olunmuş kitabın təqdimat mərasimi və onun yaradıcılıq yolunun
    müzakirəsi keçirildi.
    Azərbaycan Kinematoqrafçılar İttifaqı dekabr ayında keçirilən Sevil
    Beynəlxalq Qadın Sənədli Film Festivalıyla əməkdaşlığa başladı və
    festivala təşkilatı və maliyyə dəstəyi verdi.

Onu da qeyd edək ki, 2020-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı 20 nəfər üzvünə
12-si daima olmaqla, maddi yardım göstərib.

Pandemiya səbəbindən reginlarda Milli filmlərimizin təbliğatı məqsədi
ilə planlaşdırdığımız və təşkilati işlərinə başladığımız və mart ayı ərzində
keçirilməsi planlanan Novruz Film Festivalı pandemiya sonrasına qədər
təxirə salındı. Bununla yanaşı açılışı 2021-ci ildə planlaşdırılan “Bakı. 20-
ci əsr” Kino Muzeyi üçün nəzərdə tutulmuş məkanda təmir və
tərtibat işləri il boyu davam etdi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kino ictimaiyyətinin geniş kütlələrinin, kino sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatların fəaliyyəti üçün meydan ,
yaradıcı əlaqələr üçün platforma ola biləcək Kino Evinə məkan ayrılması
təşəbbüsü ilə AR Baş naziri Əli Əsədovun ünvanına müraciət ünvanlayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının facebook, instagram səhifələri
Milli kinomuzun təbliği sahəsində daimi iş aparılıb.
Bundan başqa, 2021-ci ildə kinomuzun təbliğatı, kino təhsili, kino
xadimlərimizin sosial dəstəyi sahəsində apardığımız işin davam etməsini
planlayırıq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin adından xalqımızı
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə
səmimi qəlbdən təbrik edir, 2021-ci ildə uğurlarımızın bol olmasını
arzulayırıq. Yeni ildə çəkiliş meydançalarında, film təqdimatlarında
görüşmək arzusu ilə!
Azərbaycan Kinematoqrafçılar İttifaqı