Azərbaycan Kinematoqrafçılar İttifaqı Kino Günü ənənəvi mükafatının qaliblərini açıqladı
Azərbaycan Kinematoqrafçılar İttifaqı kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların bu ilki siyahısını açıqlayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2022-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:
- İlkin Yusif (rejissor) – “Mən qəhrəman axtarıram” sənədli filminin uğurlu rejissor həllinə görə;
- Rəşid Ağamalıyev (animator) – Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə;
- İntiqam Hacılı (prodüser) – Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə.
Rejissor İlkin Yusif müstəqil rejissor kimi qısa sənədli və bədii filmlər, reklam çarxları çəkir. Onun “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi “yol filmi” (road movie) formatında çəkilib. Filmdə “qəhrəman” axtarışına başlayan rejissor yenə də öz ənənəsinə sadiq qalıb. “Mən qəhrəman axtarıram” sənədli filmi müasirlərimizin kollektiv portretidir. Müəllifin kameranın köməyi ilə həmvətənlərinin simalarına baxa-baxa, həm də özünü tapmağa cəhd edir. Qəhrəmanlar filmə çəkildiklərini bilməyib, sonradan özlərini filmdə görüblər. Rejissor həmin kardları, insanların münasibətini də filmə əlavə edib. Filmin yerli nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” cinemaplusda olub.
Animator Rəşid Ağamalıyev ANIMAFILM Beynəlxalq Animasiya Festivalının direktoru, Azərbaycanda isə festivalın təsisçisi kimi fəaliyyət göstərir. Bir çox nüfuzlu xarici festivallarda yerli animasiyaların nümayişini həyata keçirən R.Ağamalıyev, eyni zamanda animasiyamız haqqında “Azərbaycan animasiyası” haqqında kitabın müəllifidir.
Ssenarist İntiqam Hacılı müstəqil filmi yaradanlardan biridir. Rejissor və prodüser kimi bir neçə filmin müəllifidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə regionlarda yeni Azərbaycan filmlərinin tanıdılması, kino mühitinin yaradılması üçün “Cənubda kino günləri” layihəsini həyata keçirib. Onun prodüseri olduğu “Biləsuvar” filmi bir neçə festivallarda iştirak edib.
Yeri gəlmişkən, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir. Bu vaxta qədər Xalq yazıçısı Anar, kino rəssamı Firəngiz Qurbanova, diplomat və ictimai xadim Ramiz Abutalıbov, kino və televiziya rejissoru Nazim Rza İsrafiloğlu, mərhum aktyor Fuad Poladov, səs rejissoru Əsəd Əsədov, aktyor Fərhad İsrafilov, kinorejissor Murad İbrahimbəyov, kinorejissor Cahangir Zeynallı, operator Yuri Varnovski, bəstəkar Rauf Əliyev, rejissor Mirbala Səlimli, kinoşünas Sevda Sultanova, aktrisa Zülfiyyə Qurbanova və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.
aki.az