Azərbaycan Kinematoqrafçılar İttifaqı kitabtoplama kampaniyasına qoşuldu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük müharibə nəticəsində erməni işğalından azad etdiyi ərazilərimizdəki bərpa işlərində Qarabağ torpaqlarında 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların yenidən qurulmasına da xüsusi diqqət ayrılıb.

Azərbaycan Milli Kitabxanası işğaldan azad olunan bölgələrdəki kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitabtoplama kampaniyasına başlayıb.

Milli kitabxanadan aldığımız məlumata görə, hazırda 20 000 kitab yığılıb və kampaniyaya dəstək prosesi davam edir.

Qeyd edək ki, Qarabağ torpaqları üçün başlanan bu nəcib aksiyaya Azərbaycan Kinematoqrafçılar İttifaqı da biganə qalmadı və kitabtoplama kampaniyasına qoşuldu.

İttifaq ilkin mərhələdə müxtəlif janrlı əsərlər-Azərbaycan klassik ədəbiyyatından tutmuş, dünya klassik ədəbiyyatına qədər 118 ədəd kitabı Milli Kitabxanaya təqdim edərək işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışlayıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bu humanist aksiyaya qoşulduğu üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına öz təşəkkürünü bildirib, eyni zamanda bütün Azərbaycan ictimaiyyətini,  ziyalılarımızı bu nəcib çağırışda iştiraka səsləyib.

Azərbaycan Kinematoqrafçılar İttifaqı da öz növbəsində bütün kitabsevərləri bu layihədə iştirak etməyə dəvət edir.

Xatırladaq ki, Qarabağda Şuşa və Xocavəndin mərkəzi kitabxanalarının binaları istisna olmaqla, işğaldan azad olunan 10 rayonun ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan 734 kitabxana və onların fondlarında  olan 4.587.696 nüsxə qiymətli kitab və digər çap məhsulları yandırılıb və talan olunub.

aki.az