Azərbaycan Kinematoqrafçılar İttifaqı nümayiş proqramlarına start verir

Azərbaycan Kinematoqrafçılar İttifaqı yenidən film nümayişlərinə start verib. İlk nümayiş 31 yanvar, saat 19:00-da, “Azərbaycan” kinoteatrında olacaq. Bu dəfə üç rejissorun-Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır” sənədli filmləri nümayiş olunacaq. Baxışdan sonra tamaşaçılar ilə yaradıcı heyət arasında müzakirələr olacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının kino nümayişləri üzrə məsul əməkdaşı , rejissor Ülviyyə Əhmədova bildirib ki, “bu il Azərbaycan kinosunun 125 illiyi, Azərbaycanfilm studiyasının 100 iliyidir və bu səbəbdən klassik milli filmlərimizin nümayiş proqramı da planlanır.  Keçən il reallaşdırdığımız “Dünya şedevrləri Azərbaycan dilində” proqramı bu ildə reallaşacaq. Proqramda Aleksey German, Nikita Mixalkov, Tengiz Abuladze kimi dünya şöhrətli rejissorların filmləri var. Ənənəyə sadiq qalaraq 2023-cü ildə də “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq nəzərdə tutulub”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması İttifaqın prioritet məqsədlərindəndir.