Azərbaycan Kinematoqrafçılar İttifaqı “Polşa kino günləri”nə başlayır
Azərbaycan Kinematoqrafçılar İttifaqı “Polşa kino günləri”nə start verir.
Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Visla” Polyak Film Festivalıyla əməkdaşlıq çərçivəsində baş tutacaq.
Sentyabr ayının 6, 13, 20, 27-də “Azərbaycan CinemaPlus”-da saat 19:00-da nümayiş olunacaq filmlər aşağıdakılardır:
- 6 sentyabr – “Balkondan” tammetrajlı sənədli filmi (2021-ci il, rejissor Pavel Lozinski)
- 13 sentyabr – “Məsihin bədəni” tammetrajlı bədii filmi (2019-cu il, rejissor Yan Komasa)
- 20 sentyabr – “Antiqəhrəman” tammetrajlı sənədli filmi (2021-ci il, rejissor Mixal Kavetski)
- 27 sentyabr – “İzlər qalmasın deyə” tammetrajlı bədii filmi (2021-ci il, rejissor Yan P. Matuşınski)
Qeyd edək ki, “Polşa kino günləri”nin açılış filmi sənədli film ustası Pavel Lozinskinin 2021-ci ildə çəkdiyi “Balkondan” tammetrajlı sənədli filmidir. 2021-ci ildə Locarno Beynəlxalq Film Festivalında “Tənqid həftəsi” (“Semaine de la critique”) bölməsində Gran Pri qazanan filmdə rejissor öz balkonundan insanlara nəzər salır. Gülərüz, kədərli, bir sözlə, müxtəlif xarakterə malik insanlar onun gözləri qarşısından keçir. Müəllif onları dayandırır, danışdırır, həyatları ilə maraqlanır. Rejissor balkonunda kamera ilə iki ildən artıq dayanaraq, oranı müzakirə, etiraf etmə məkanına çevirdi – burada hər kəs ayaq saxlayaraq özü haqqında başqa insanlara danışa bilər. “Balkondan” filmi, demək olar ki, kino tarixinin başlanğıcına radikal dönüşdür, çünki burada insanlar kameraya gəlir.
Rejissor Yan Komasanın 2019-cu ildə reallaşdırdığı “Məsihin bədəni” filmi real hadisələr əsasında çəkilib, 20 yaşlı Danielin həyatından bəhs edir. O, islah əmək müəssisəsində olduğu zaman mənəvi transformasiya keçirir ki, nəticədə də keşiş olmaq arzusunu hamıdan gizlədir. Azadlığa çıxandan sonra onun arzusu cəmiyyətlə sərt konfliktlərə gətirib çıxarır. Film Beynəlxalq Film Festivallarının qalibi olub.
Rejissor Mixal Kavetskinin çəkdiyi “Antiqəhrəman” tammetrajlı sənədli filmində baş qəhrəman fiziki məhdudiyyətli insanlar arasında dağ xizəyi üzrə dəfələrlə çempion olub. Lakin gözlənilməz ittihamlar onun Qış Olimpiadasında iştirakını sual altına qoyur.
Festivalın bağlanış filmi məşhur rejissor Yan P. Matuşınskinin 2021-ci ildə çəkdiyi “İzlər qalmasın deyə” tammetrajlı bədii filmidir. Film 1983-cü ildə Polşada baş verən siyasi hadisələri əks etdirir. Həmin illərdə Kommunist hakimiyyətinin tətbiq etdiyi hərbi vəziyyət ləğv edilməsinə baxmayaraq hələ də öz qüvvəsini saxlayır. Müxalif mövqe tutan yazıçı Barbara Sadovskanın oğlu milis patrulu tərəfindən tutulur və işgəncəyə məruz qalır və iki gün davam edən əzabdan sonra ölür. Ölümcül işgəncənin yeganə şahidi, dostu üçün ədalət naminə mübarizə etməyə və milis işçilərinə qarşı məhkəmədə ifadə verməyə qərar verir. Film Beynəlxalq Festivalların qalibidir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, Polşa kinosu Avropada həmişə ön mövqelərdə olub və ən yeni Polşa filmlərinin nümayişi həm tamaşaçılarımız, həm də kinematoqrafçılarımız üçün əlamətdar hadisədir. Proqrama seçilən filmlər həm təsirliliyi, həm təsvir həlli, həm də güclü dramaturgiyası ilə seçilir.
AKİ müasir, eyni zamanda klassik Avropa filmlərinin nümayiş proqramlarını davam etdirmək niyyətindədir.
aki.az