Azərbaycan Kinematoqrafçılar İttifaqı premyeralar sezonuna başlayır
Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas prioritet məsələlərindən biri də peşəkar tamaşaçı kütləsi formalaşdırmaqdır. Davamlı nümayiş və müzakirələrin ana məqsədi məhz budur. İttifaq hər il yerli, eyni zamanda, xarici filmləri də yerli tamaşaçılar üçün əlçatan edir.
Bu il Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə, AKİ klassik filmlərə də xüsusi yer ayırıb. Arif Babayevin “Gün keçdi”, Andrey Tarkovskinin “Güzgü”, Oktay Mir-Qasımın “Günaydın, mələyim”, Nikita Mixalkovun “Şahidsiz” və daha başqa filmlərin nümayişi təşkil edildi. Bu ənənəni davam etdirən AKİ payızda yeni filmlərin nümayişini təşkil edir.
Oktyabr ayında (10-11-12-17-24-31) “Visla” Polşa Film Festivalı ilə Polşa film günlərinə start veriləcək və proqram çərçivəsində 6 tammetrajlı yeni bədii film nümayiş olunacaq.
Noyabr ayında (7-14-21-28) İsveç səfirliyi ilə əməkdaşlıq çərçivəsində 4 tammetrajlı bədii film nümayiş olunacaq. Bunlarla yanaşı “Azərbaycanfilm” studiyasının 100 illik yubileyi çərçivəsində “Yeddi oğul istərəm”, “İnsan məskən salır” filmlərinin nümayişi planlanır.
Qeyd edək ki nümayişlər “Azərbaycan” CinemaPlus-da baş tutacaq, giriş sərbəstdir.
aki.az