AKİ İdarə Heyəti “Azərbaycanfilm” kinostudiyasının kino istehsalı sahəsində flaqman statusunun saxlanılmasını, tez bir zamanda studiyada istehsalın bərpa edilməsini vacib sayır. Studiyanın dövlət maliyyələşməsinin Satınalma Agentliyinin tələblərinə cavab verməsi üçün dövlət maliyyələşməsi “Azərbaycanfilm”in təsis etdiyi kommersiya şirkəti və ya partnyor şirkət tərəfindən aparılması məqsədəuyğun sayılsın. Həm “Azərbaycanfilm”, həm də özəl studiyaların fəaliyyətinin inkişafı üçün 1998-ci ildə qəbul edilmiş “Kino haqqında qanun” və 1997-ci ildə qəbul edilmiş Nazirlər Kabinetinin 38 nömrəli qərar günün tələblərinə uyğunlaşdırılmalıdır. Milli filmlər telekanalının yaradılması həm kinomuzun tamaşaçı sayının artması, həm də filmlərin gəlirliliyinin təmin edilməsi üçün uğurlu bir vasitə kimi təklif edilir.
AKİ, AR Mədəniyyət Nazirliyinin Türk dövlətlərinin birgə kino istehsalı istiqamətində atdığı addımları dəstəkləyir və “Molla Nəsrəddin” tammetrajlı bədii filminin maliyyələşdirilməsini və istehsalına şəraitin yaradılmasını müsbət addım kmi qeyd edir, layihənin uğurla reallaşması üçün bütün dəstəyin göstərilməsini vacib sayır. Türk respublikaları ilə birgə istehsalın davamı kimi bir neçə ildir aidiyyəti orqanlara təqdim edilmiş Xalq yazıçısı Anarın “Dədə Qorqud” ssenarisinin kinomuzun beynəlxalq əlaqələrinin formalaşması və gənc nəslin milli ruhda tərbiyəsi üçün mühüm bir layihə olduğunu vurğulamaqla, ekranlaşdırılmasını vacib hesab edirik.
Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Kino Agentliyinin yaradılmasını idarəçilik institutu olaraq yeganə düzgün yol olduğunu qeyd edir və agentliyin nizamnaməsində təsbit olunmuş strukrurların tam formalaşmasını, rəhbərliyin təyin olunmasını, agentliyin fəaliyyətinə normal şəraitin yaradılmasını vacib sayır. Agentliyin tələbə filmlərinin maliyyələşdirilməsi təşəbbüsünü müsbət hal kimi qeyd edir, bununla yanaşı, agentliyin işindəki süründürməçilik, idarəçilikdə axsamalar, agentlik və nazirliyin aidiyyəti strukturları arasındakı asinxronluğun yığışdırılması istiqamətində işlərin aparılmasını vacib sayır. Xüsusilə layihə və ssenari müsabiqələrinin ildə iki dəfədən az olmayaraq keçirilməsi təmin edilməli, kadr seçimində kino təcrübəsi və kino təhsili olan mütəxəssislərə üstünlük verilməlidir.
İdarə heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın daxili və xarici siyasətinin tərkib hissəsi olaraq milli kinomuzun, milli dəyərlərə bağlı nəslin yetişdirilməsi və beynəlxalq kino arenalarında ölkəmizə qarşı törədilə biləcək təxribatlara qarşı işin aparılmasında mühüm rolunu qeyd edir, Türk respublikaları, Qərbi Avropa ölkələri ilə birgə istehsalatın dəstəklənməsini, ölkəmizdə film istehsalı həcminin pandemiyaya qədərki göstəriciləri səviyyəsində bərpa olunmasını vacib sayır. Bu məqsədlə, aidiyyəti orqanları kino zallarının sayının artırılması istiqamətində investisiyaları dəstəkləməyə çağırır. Yeni nəslin mənəvi dəyərlərlə formalaşması məqsədilə uşaq kinosunun inkişafı üçün Dövlət Proqramının qəbul edilməsi mütləq addımlardan olmalıdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı kino tariximizn qızıl illərinin kinematoqrafçılarla ədəbiyyatımızın sıx əlaqədə olduğunu təsbit edir, bu əlaqələrinn bərpası və inkişaf etdirilməsi üçün yaradıcı ittifaqların və Mədəniyyət Nazirliyinin birgə işini vacib sayır. Bununla yanaşı, AKİ özəl investisiyaların kinomuza axınını təmin etmək üçün, AR İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi ilə birlikdə “Biznes və kino” forumunun təşkilini və bunun işlək bir platformaya çevrilməsinin vacib məsələ olduğunu diqqətə çatdırır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı Noyabr Zəfərinin beynəlxalq kino meydanlarında təntənəsi, sağlam ruhlu yeni nəslin tərbiyəsi, kinomuzun qarşısında duran problemlərin həlli üçün aidiyyəti orqanları, kino ictimaiyyətini konstruktiv və həmrəy ruhda işbirliyinə çağırır.