Azərbaycan Kinematoqrafçılar İttifaqının illik hesabatı - 2023
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ictimai təşkilat olaraq görülən işlərin hesabatını il ərzində Aki.az saytı vasitəsilə geniş oxucu auditoriyasının diqqətinə çatdırır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı son illər ərzində kino nəşrlərini dəstəkləmiş, kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında əsas rol oynamış, festivalların keçirilməsində öz maddi və mənəvi dəstəyini əsirgəməmiş, kino tənqidinin inkişafı üçün əməli addımlar atmışdır.
Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti bu il görülmüş işlərin hesabatını təqdim edərək bildirir ki, 2024-cü il fəaliyyət planında, milli kinonun təbliği, kino təhsili, kino nəşrlərinə dəstək, festival hərəkatında iştirak, kino tənqidinin inkişafı başlıca məsələlərindən biri olacaq. 2023-cü ildə görülən işlərin hesabat xarakterli siyahısını siz təqdim edirik:
YANVAR
6 yanvar – Əməkdar incəsənət xadimi, operator Rafiq Quliyevin “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərsliyi işıq üzü görüb. ADMİU-nun Elmi Şurasının 27 may 2022-ci il tarixli 08 saylı iclasının qərarı ilə çapa tövsiyə edilən dərsliyin çapı Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Kinematoqrafçılar İttifaqı arasındakı yaradıcı əməkdaşlıq, təhsil sahəsinə, tələbələrə dəstək, universitetin professor-müəllim, eyni zamanda, tələbə heyəti tərəfindən yüksək qiymətləndirilib.
19 yanvar – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin 2022-ci ilin oktyabr, noyabr, dekabr aylarında olan fəaliyyətini əhatə edən nömrəsi, eyni zamanda, il ərzində olan hesabatın yerləşdiyi xüsusi buraxılışı çapdan çıxıb. 3 ayı əhatə edən rüblük informasiya bülletenində AKİ-nin gördüyü işlərin hesabatı, eyni zamanda, ölkəmizdə kino ilə bağlı görülən işlər – çəkiliş meydançaları, festivallar və müsabiqələr, yubileyi olan filmlər, sənət adamları haqqında məqalələr, dünyasını dəyişmiş sənətkarlar haqqında olan nekroloqlar yer alıb.
23 yanvar – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə yeni actorsagency.az saytı yaradılıb. Sayt Azərbaycan aktyorlarının xarici kino arenasına çıxışı, peşəkar hüquqlarının müdafiəsi, yeni, istedadlı simaların tanıdılması, teatr-kinoda kastinq və istehsal sahəsində fəaliyyət göstərir.
AKİ, internet zamanında milli kinomuzun bütün seqmentlərinin virtual təmsilçiliyini vacib sayır və bundan sonra da aktyor fəaliyyəti ilə bağlı yeni saytın yaradılmasının aktyor seçimi və peşəkar təqdimetmə sahəsinə dəstək olacağını, bundan sonra da kinomuzun internet resurslarını dəstəkləmək istiqamətində əzmli olacağını bildirib.
FEVRAL
3 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqı 2023-cü ilin ilk film nümayişini keçirib. “Azərbaycan” CinemaPlus-da baş tutan nümayişdə gənc rejissorların sənədli filmləri göstərilib. Filmlər arasında Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu” və Elvin Aşirovun “Eviniz haradadır?” kino işləri yer alıb.
6 fevral – AKİ-nin təqdimatı ilə Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyinin ənənəvi mükafatının kino nominasiyasının qalibi animasiya rejissoru, rəssam Sevinc Quliyeva olub. S.Quliyeva AKİ-nin “Kino istehsalı A-dan Z-yə” layihəsinin iştirakçısı olub, layihə çərçivəsində çəkilən “Qəfəs” filminin rəssamı kimi işləyib.
7 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə rejissor İlkin Yusifin “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filminin növbəti nümayişi baş tutub. “Mən qəhrəman axtarıram” filmi rejissorun tammetrajlı debütüdür və çəkilişlər 2019-cu ildə İsmayıllı rayonunda baş tutub. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə “Mən qəhrəman axtarıram” tammetrajlı sənədli filmi “Humay” mükafatına təqdim edilib və film adıçəkilən mükafata layiq görülüb.
8 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbi ikinci buraxılışının məzunlarına diplomlarını təqdim edib. Təqdimat fevralın 5-də Kino Məktəbinin yaradıcısı mərhum dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun doğum günündə keçirilib.
14 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqı film nümayişləri çərçivəsində “Azərbaycan” CinemaPlus-da Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan Kinematorafçılar İttifaqının 60 illiyi münasibətilə “Gün keçdi” bədii filmini nümayiş etdirib.
20 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqında dublyaj sahəsindəki problemlərlə bağlı müzakirə keçirilib. Müzakirədə dublyaj sahəsindəki vəziyyət analiz edilərək bildirilib ki, bu sahədə peşəkarlığın artması və keyfiyyət dəyişikliyi var, xüsusilə səs rejissorlarının işlərində irəliləyişlər hiss olunur.
20 fevral – AKİ-nin İdarə Heyətinin üzvü, sənətşünas, ssenarist Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı işıq üzü görüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə çap edilmiş “Kinematoqrafçının kitabxanası” seriyasından olan kitab 3 hissədən- “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış” bölümündən ibarətdir. Kitabda söz və sözün izahı, dramaturgiya nədir və filmdə dramaturgiyanın rolu, mimesis – təqlid gerçəkliyin əksi kimi, realizm, Hegel – dünyanın dramaturji qəlibi kimi, Aristotel təlimi və s. məqamlar geniş yer alıb.
21 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da ən yeni tariximizi əks etdirən 3 qısametrajlı bədii filmin – “Mən qardaşımı axtarıram”, “Son payız” və “Hasar” filmlərinin nümayişi keçirilib. “Son payız” və “Hasar” qısametrajlı bədii filmləri Azərbaycanla Ermənistan arasında baş tutan müharibənin izlərini daşıyır. “Mən qardaşımı axtarıram” filmi isə “20 Yanvar” faciəsi zamanı qardaşını axtaran və ona kömək etməyə çalışan qonşunun timsalında bütün günahsız insanların qarşılaşdığı faciələr ümumiləşdirilib. Filmdə real və heç bir yerdə istifadə olunmamış arxiv kadrlardan istifadə olunub.
28 fevral – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə keçirilən “Dünya kinosu şedevrləri Azərbaycan dilində” proqramı çərçivəsində “Azərbaycan” CinemaPlus-da “Şahidsiz” bədii filminin nümayişi olub. Məşhur rus rejissoru Nikita Mixalkovun 1983-cü ildə lentə aldığı film, dublyajımızın ustad simaları Səməndər Rzayev və Əminə Yusifqızı tərəfindən səsləndirilib.
MART
7 mart – AKİ-nin təşəbbüsü ilə “Azərbaycan” CinemaPlus-da rejissor Elmar İmanovun “Tabutçunun yelləncəyi” və “Torn” (“Ayrı-ayrı”) qısametrajlı bədii filmlərinin nümayişi keçirilib. AKİ-nin təşəbbüsü ilə bir neçə dəfə nümayiş olunan film hər dəfə anşlaqla keçib. Rejissorun filmlərinin əsas motivlərindən biri doğmalar arasında itmiş əlaqə, münasibətlərində ünsiyyət çətinliyi yaşayan insanların problemləridir.
9 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “A-dan Z-yə kino istehsalı, intensiv kinorejissorluq kursları” layihəsinin iştirakçılarının sertifikatlarla təltifetmə mərasimi keçirilib. Mərasim, layihə çərçivəsində hazırlanmış “Qəfəs” bədii filminin hazırlıq prosesi haqda çəkilmiş sənədli filminin nümayişi ilə başlayıb.
11 mart – görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Birinci Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılış mərasimi baş tutub. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, deputat Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, o cümlədən, ölkənin tanınmış mədəni-ictimai xadimləri, yazıçının ailə üzvləri iştirak edib.
11 mart – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun yaradıcılığına həsr olunan jurnal çapdan çıxıb. Azərbaycan və rus dillərində yayımlanan jurnalda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayevin, professor Rəhman Bədəlovun, Rusiya kinossenaristi Pavel Finnin, dövlət və ictimai və mədəniyyət xadimi Mixail Şvıdkoyun, kinorejissor, ictimai və siyasi xadim Yuli Qusmanın, Sovet və gürcü kinorejissoru, ssenarist Eldar Şenqelayanın, Özbəkistanın Əməkdar incəsənət xadimi, kinorejissor Zülfiqar Musakovun, Kino Mətbuatı Beynəlxalq Federasiyasının prezidenti Andrey Plaxov və başqalarının xatirələri yer alıb.
APREL
4 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da rejissor İlqar Nəcəfin “Suğra və oğulları” tammetrajlı bədii filmi nümayiş olunub. Nümayişdən sonra tamaşaçılarla filmin yaradıcı heyəti arasında müzakirələr aparılıb. Qeyd edək ki, film Busan Beynəlxalaq Film Festivalı (Cənubi Koreya), Kerala Beynəlxalq Kino Festivalında (Hindistan), Almaniyanın Nürnberq şəhərində keçirilən Türkiyə-Almaniya Film Festivalının “Kinematoqrafiya Dünyaları” bölməsində, XIV Asiya və Sakit okean Hövzəsi ölkələri Kino Akademiyasının mükafatı uğrunda müsabiqədə “Ən yaxşı ssenari” üzrə nominant olub, Los-Ancelesdə keçirilən Cənub-Şərqi Avropa Ölkələri Film Festivalında isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüb.
5 aprel – AKİ-nin təşkilatçılığı ilə hollandiyalı ssenarist, bir sıra nüfuzlu kino festivallarının iştirakçısı və qalibi Roelof Jan Minnebonun ustad dərsi keçirilib. Mühazirəsinə “Bu master-klas deyil” sloqanı ilə giriş edən ssenarist, tədbir iştirakçıları ilə öz şəxsi təcrübə və biliklərini paylaşıb.
7 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqı və İsveçrə Əməkdaşlıq Təşkilatının birgə layihəsi olan “Peşəsi: ssenarist – qadın müəlliflər üçün ssenari emalatxanası” layihəsinin bağlanış mərasimi keçirilib.
8 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ilə sənətşünas və pedaqoq Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının təqdimatı keçirilib. Üç hissədən ibarət olan kitabda “Filmin dramaturgiyası”, “Filmin estetikası”, “Filmlərə baxış”a yer verilib. Kitabda ən populyar ssenari ustadları – Con Trubi, Sid Fild, Kristofer Voqler və Robert Makkinin müəllifi olduğu təlimlərdən də söz açılır.
18 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da rejissor İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı bədii filminin nümayişi keçirilib. Film Azərbaycanın “Cinex” və Rusiyanın “Non-stop prodakşn” kinoşirkətlərinin birgə istehsalıdır.
26 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının NETPAC film təşkilatı ilə əməkdaşlığı çərçivəsində “Fokus” analitik kino jurnalının redaksiya heyətinin üzvü Aygün Aslanlı NETPAC təşkilatının xüsusi mükafatını təqdim etmək üçün 24-cü Joenju Beynəlxalq Film festivalının (Cənubi Koreya) NETPAC jüri heyətinin sədri seçilib. Festivalda filmlər Qran-Pri, “Ən yaxşı görüntü”, “Jürinin xüsusi mükafatı”, “NETPAC mükafatı”, “Sənədli Film mükafatı”, “Ən yaxşı yerli film rejissoru” daxil olmaqla, ümumilikdə 4 kateqoriyada 15 mükafat üzrə yarışıb
26 aprel – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb. 2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, həm də, ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.
28 aprel – “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilmiş Kino Forumunun nəticələrini kinematoqrafçılar ictimaiyyəti yüksək qiymətləndirib. Azərbaycan Kinematoqrafçılar İttifaqı da bu tipli tədbirlərin davamlı olmasını vacib hesab etdiyi üçün AR Mədəniyyət Nazirliyinə əməli təkliflər təqdim edib. Təkliflərə kino təhsili, kinonun maliyyələşmə siyasəti, kinofestivallar, kino sahəsində ictimai təşkilatlar, Kino Evinin təsisi, yaradıcılıq və ideologiya, Dövlət Film Fondunun texniki təchizatının yenilənməsi, sosial siyasət və milli kino telekanalının təsisi daxildir. Təkliflərdən biri, milli kinonun müsbət imicinin formalaşması, təbliği üçün milli filmlərin nümayişi üzrə formalaşan “Bizim kino” televiziya kanalının təsis edilməsidir. Azbüdcəli kabel telekanalı olaraq milli kinonun təbliği, layihənin əsas məqsədi olmalıdır.
MAY
1 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə kinoşünas Hacı Səfərov GoCritic! proqramında iştirak edib. GoCritic! Avropanın kinematoqrafiya haqqında ən böyük mətbu orqanlarından olan Cineuropa tərəfindən təşkil olunan proqramdır. Proqramın əsas məqsədi Avropanın müxtəlif bölgələrindən gənc kinotənqidçiləri cəlb etmək və təcrübəli mentorlar vasitəsilə onların bacarıqlarını inkişaf etdirməkdir.
4 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin (AKGT) könüllü əsaslarla fəaliyyət göstərən bir qrup gənc üzvünü qəbul edib. AKİ sədri müzakirə xarakterli keçən görüşdə gənclərlə sənət, vətənpərvərlik, mədəni mühitlə bağlı fikir mübadiləsi aparıb.
6 may – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Təqaüdçülər arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvləri Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski və Əməkdar mədəniyyət işçisi, səs operatoru Əsəd Əsədov da yer aldı.
7 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda AKİ sədrinin 75 illiyinə həsr olunmuş gecə keçirildi.
13 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Kino məktəbinin məzunu, rejissor Türkan Hüseynin çəkdiyi “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq film festivalı çərcivəsində “CEDOC co-production” marketdə iştirak edib.
16 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, kinorejissor Ziya Şıxlinskinin çəkdiyi “Qazax xalçaları” sənədli filminin çəkilişləri yekunlaşdı. Azərbaycan xalçaçılıq sənətinin fonunda Qazax xalçalarından bəhs edən filmdə müxtəlif muzeylərdə, şəxsi kolleksiyalarda qorunan, rəsm əsərlərində təsvir edilən Qazax xalçalarından istifadə edilib.
16 may – Azərbaycan Kinematoqrafçılar İttifaqında növbəti görüşün qonağı tanınmış media eksperti Zeynal Məmmədli olub. “Dilin yataq otağı” adlı çıxışın mövzusu dilimizin gizli imkanlarını üzə çıxarmaq idi.
18 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev APA-ya verdiyi müsahibəsində AKİ-nin gördüyü işlər, film çəkilişləri, eləcə də AKİ və ARKİ-nin birləşməsi haqqında olan sualları cavablandırıb. HAŞİYƏ: Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas hədəflərindən biri, milli kinomuza tamaşaçılarda maraq yaratmaq, zövqlü tamaşaçı ordusu formalaşdırmaqdır. AKİ bu kimi nümayişləri il ərzində davam etdirir. Hər zaman “Azərbaycan” CinemaPlusda keçirilən nümayişdə bu dəfə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə klassik filmlərin nümayişi təşkil ediləcək
25 may – Biləsuvar rayonunda keçirilən Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev də iştirak edib. AKİ sədri Rasim Balayev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan milli irsinin inkişafı, mədəniyyət və elm sahələrinə olan xüsusi hamiliyi barədə olan təəssüratlarını, eləcə də Ulu Öndərlə keçirdiyi görüşləri, söhbətləri, və dahi şəxsiyyətlə bağlı xatirələrini Biləsuvar ictimaiyyəti ilə bölüşüb.
30 may – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da rejissor Oktay Mir-Qasımın “Günaydın, mələyim” tammetrajlı bədii filmi nümayiş olundu.
İYUN
2 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi oldu. “QƏRBİ AZƏRBAYCANLILARIN QAYIDIŞ KONSEPSİYASININ” icrasına ictimai dəstəyin verilməsi mövzusunda elan edilmiş müsabiqənin qalibi olan layihənin büdcəsi 28500 AZN, adı “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz”dir. Layihənin rəhbəri Xalq artisti, AKİ sədri Rasim Balayev, ssenari müəllifi Füzuli Sabiroğlu olan layihə çərçivəsində sözügedən mövzuda sənədli film, sayt, infoqrafikaların ərsəyə gələcəyi qeyd olundu.
2 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqında “Özünə tapınanlar və toplum vurğunları: Şəhərin mənzərəsi “ adlı tədbir keçirildi. Tədbirdə kinoşünas, ssenarist, analitik Toğrul Cuvarlı və filosof, kinoşünas Rəhman Bədəlovun gözü ilə Bakı, onun qəhrəmanları, simvollara çevrilən personajları haqqında söhbət açılıb.
6 iyun – “Azərbaycan” CinemaPlus-da milli kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə rejissor İlqar Safatın “Sahə” bədii filmi nümayiş olundu. Filmin nümayişi Azərbaycan Kinematoqrafçılar İttifaqının layihəsi çərçivəsində baş tutub.
8 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ayırdığı, gənc rejissor Ələmdar Faiqin “Qara pişik, ağ şanı” sənədli filminin layihəsi Gürcüstanda keçirilən beynəlxalq mentorluq proqramında iştirak etdi.
13 iyun – “Azərbaycan” CinemaPlus-da milli kinomuzun 125, “Azərbaycanfilm” Kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illiyi münasibətilə dünya kinosunun klassik nümunələrindən biri, Andrey Tarkovskinin “Güzgü” filminin nümayişi baş tutdu.
20 iyun – Azərbaycan Kinematoqrafçılar İttifaqı rejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsinə maliyyə dəstəyi ayırdı. Film 1990-cı il 20 yanvar hadisələrində gəmi kapitanlarının göstərdiyi şücaətdən bəhs edir. “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq film festivalı çərcivəsində “CEDOC co-production” marketdə iştirakçısı olub.
30 iyun – AR Mədəniyyət Nazirliyi , Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə “Fokus” Analitik Kino Jurnalının 12-ci nömrəsi işıq üzü gördü.
İYUL
13 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ayırdığı “Qara pişik ağ şanı” sənədli filmi “Chinar film”in proyekti olaraq “CineDOC” Tbilisi beynəlxalq sənədli film festivalının mentorluq proqramında “Current Time TV”nin mükafatına layiq görüldü. Bu proqramın əsas məqsədi sonda hər bir layihəni beynəlxalq jüri qarşısında təqdim etməkdir.
24 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə ittifaqa yeni üzvlər qəbul olunub: Teymur Bədəlbəyli (Azərbaycan Repsublikasının və Rusiyanın Əməkdar artisti – kino aktyoru), Xatirə Süleymanova (Əməkdar artist- kino aktrisası), Füzuli Sabiroğlu (Elyazov – ssenarist), Raifə Səfərova- (kinoşünas), Əlizamin Əzimov- (rejissor), Zemfira Əbdülsəmədova – (kino aktrisası), Məlahət Əlibəyova (Mila Bekova) – (kino aktrisası), Rahil Məlikov – (kino prodüseri), Elvin Əhmədov – (rejissor, kino aktyoru), Oleq Namazov – (rejissor), Fahir Səmədoğlu – (operator)
24 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqı AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi oldu. “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihənin rəhbəri Xalq artisti, AKİ sədri Rasim Balayevdir. Layihə çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin çəkilişlərinə artıq start verildi.
26 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təsisçiləri Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyik yubileyi ərəfəsində vahid, yeni idarəetmə formasında birləşmək qərarına gələrək birgə bəyanat qəbul etdi.
AVQUST
31 iyul – Azərbaycan Kinematoqrafçılar İttifaqı 2 avqust “Milli Kino Günü” münasibətilə ənənəvi mükafatının qaliblərini elan edib. Qərara əsasən, 2023-cü il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər:
– Azər Aydəmir – “Əqrəb mövsümü” çoxseriyalı televiziya filminin uğurlu dramaturji həllinə görə
– Nicat Dadaşov- “Mən burdayam, ilahi!” bədii film layihəsində uğurlu prodüser işinə görə
– Həsən Axundov- “Mən burdayam, ilahi!” bədii film layihəsində uğurlu prodüser işinə görə
– İlqar Cahangir- “Suğra və oğulları” bədii filmində “Barat” rolunun ifasına görə
– Nadir Bədəlov – “Kino gözlə söz arasında” kitabı ilə kinoşünaslığa töhfəsinə görə
– İmaməddin Həsənov-Azərbaycan sənədli kinosunun beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə.
1 avqust – Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirərək, hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verdi.
7 avqust – Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev “İstiqlal” ordeni ilə təltif edildi və növbəti gün Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim etdi.
8 avqust – Xalq artisti Rasim Balayevin anadan olmasının 75 illiyi münasibətlə AR Mədəniyyət Nazirliyində sənətkarla görüş keçirilib. Nazir Adil Kərimli Rasim Balayevi təbrik edib, sənətkara nazirliyin Fəxri diplomunu təqdim etdi.
11 avqust – Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Kamran Qasımov Amerika Televiziya Sənətləri və Elmləri Akademiyası Fondunun ölkənin 50 ştatı üzrə keçirdiyi yaz-yay təcrübə proqramlarında iştirak etdi.
21 avqust – Azərbaycan Kinematoqrafçılar İttifaqı “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə qəbulu açıq elan etdi.
23 avqust – “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin çəkilişləri sona çatdı.
25 avqust – Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc rejissorlar – Qulu Əsgərovun “Mən burdayam, ilahi” tammetrajlı bədii filminin post-prodakşn mərhələsinə və Lətif Lətifsoyun “Səlibçi” qısametrajlı bədii filminə kiçik qrant ayırdı.
29 avqust – Azərbaycan Kinematoqrafçılar İttifaqı hər il olduğu kimi ANİMAFİLM festivalına maliyyə dəstəyi ayırdı.
SENTYABR
Azərbaycan Kinematoqrafçılar İttifaqının Nizamnamə məqsədlərindən biri, Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyasıdır. AKİ bu səbəbdən kinematoqrafçılarımızın xarici səfərlərinin dəstəyinə xüsusi önəm verir.
8 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqında Fransanın region üzrə audiovizual attaşesi cənab Florent Siqnifredi ilə geniş tərkibdə görüş keçirildi. Görüşdə Azərbaycan Fransız İnstitutunun direktoru cənab Şarl Dönie, mədəniyyət işləri üzrə attaşe Pier – Antuan Ferasən və Fransa səfirliyinin Missiya üzrə məsul şəxsi cənab Arzu Abdulxaliqov da iştirak etdilər.
26 sentyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı “Azərbaycan” CinemaPlus-da film nümayişlərinin yeni mövsümünə start verdi. “Üç evin hekayəsi” adlı gecədə Amil Amalın “Vulkan üzərində ev”, Kamal Müşviqin “Motivator” və Leylaxanım Qənbərlinin “Böyük qırmızı ev” sənədli filmləri nümayiş olundu.
OKTYABR
2 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin məzunu, rejissor Türkan Hüseynin “Mən hələ də səninlə danışıram” qısametrajlı sənədli filmi 8-13 oktyabr tarixlərində 66-cı “Dok Leipziq” Beynəlxalq Sənədli Film Festivalında “Ən yaxşı beynəlxalq sənədli film” kateqoriyasına düşdü.
“Mən hələ də səninlə danışıram” filmi Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə ərsəyə gəlib. Rejissor Türkan Hüseynin festivala səfər xərcləri də İttifaq tərəfindən qarşılanıb.
3 oktyabr – 7-ci “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalı başa çatdı. Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalına hər il olduğu kimi, bu il də maliyyə və informasiya dəstəyi göstərdi.
3 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “Azərbaycan” CinemaPlus-da “Yalnız məzar” və “Qütb ulduzu” qısametrajlı bədii filmlərin nümayişi keçirilib.
6 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı gənc kinorejissor İlkin Yusifin “Sən haralısan durna?” adlı yeni bədii-sənədli filminə maliyyə ayırdı.
6 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə “CineDoc Tbilisi Mentoring” proqramında “Qara pişik, ağ şanı” sənədli film layihəsilə iştirak etmiş gənc kinorejissor Ələmdar Faiqin sözügedən layihəsi həmin proqram çərçivəsində “Current Time TV” mükafatını qazanıb. Sənədli filmin çəkilişləri hazırda yekunlaşmaq üzrədir. Film artıq “Caucasus cinema” platformasında iştirak haqqı qazanıb. Azərbaycan Kinematoqrafçılar İttifaqı rejissorun bu layihədə iştirakı üçün yol xərclərinə və layihənin ərsəyə gəlməsinə maliyyə dəstəyi ayırıb.
9 oktyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində 8-ci Polşa Film Festivalına start verib. Filmlər 10, 11, 12, 17, 24, 31 oktyabr tarixlərində “Azərbaycan” CinemaPlus-da nümayiş olundu.
23 oktyabr – 20-22 oktyabr tarixlərində Ankarada VIII Türk Dünyası Sənədli Filmlər Festivalı keçirildi. Festivalın bağlanış mərasimində “Azərbaycanfilm”in 100 illiyinə həsr olunmuş Azərbaycan filmlərinin afişa sərgisində Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor Tahir Əliyevin kinomuzun tarixi ilə bağlı məlumat verib. Festivalın münsiflər heyətinin üzvü Tahir Əliyevin səfər xərcləri AKİ tərəfindən qarşılanıb.
NOYABR
1 noyabr – İsveç Krallığının Bakıdakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində İsveç film günlərinə start verildi. Nümayişlər 7-14-21-28 noyabr tarixlərində “Azərbaycan” CinemaPlus-da baş tutdu.
3 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclasında ttifaqa yeni üzvlər qəbul olunub – Sevinc Əliyeva – kino aktrisası və prodüser, Babazadə Rüstəm – ssenarist, Allahverdi Firudin – bəstəkar, Ağayev Hakim – operator, Vüsal Hacıqədir (Əzizov) – prodüser, rejissor, aktyor, Abbaslı Natavan – aktrisa, Hüseynova Türkan – kinorejissor, Rəhman Fürqətoğlu – kinorejissor, Bağırzadə Nərgiz – ssenarist, Məlahət Əhməd – kinoaktrisa, prodüser, Azər Hacıəsgərli – bəstəkar, İsmayıl Qasımov – prodüser, Zahir Əli – kinorejissor, Ülviyyə Heydərova – ssenarist.
4 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin 2-ci və 3-cü rüblər üzrə nömrəsi işıq üzü görüb.
7 noyabr – “Nizami” Kino Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsinə daxil olan “western-azerbaijan.az” saytının və “Sarı gəlin”in sorağında” adlı tammetrajlı sənədli filmin geniş ictimaiyyətə təqdimat mərasimi keçirildi.
14 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, millət vəkili, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Teatr Xadimləri İttifaqının üzvü Rafael Hüseynov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü seçilib.
22 noyabr – Sumqayıt Dövlət Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kinematoqrafçılar İttifaqının həyata keçirdiyi “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsi çərçivəsində “Sarı gəlinin sorağında” tammetrajlı sənədli filmin və western-azerbaijan.az saytının professor-müəllim və tələbə heyəti üçün təqdimat mərasimi keçirildi.
23 noyabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının 2022-ci ildə təsis etdiyi kinoyazar.az saytının ingilis dilində versiyası istifadəyə verilib.
DEKABR
2 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı təlimlərinin çəkiliş mərhələsi başladı.
5 dekabr – “Azərbaycan” CinemaPlus-da Azərbaycan kinosunun 125, “Azərbaycanfilm”in 100, Azərbaycan Kinematoqrafçılar İttifaqıının 60 illik yubileyi münasibətilə milli kinomuzun incilərindən sayılan, rejissor Tofiq Tağızadənin “Yeddi oğul istərəm” bədii filmi nümayiş olundu.
12 dekabr – “Azərbaycan” CinemaPlus-da gənc müəlifllərin yeni filmlərinin nümayişi baş tutdu. Pərviz Həsənovun “Fəsillər”, Elvin Aşırovun “Gülyetərin qayıdışı”, Orxan Adıgözəlovun “Nigaran” adlı qısametrajlı sənədli filməri Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan Kinematoqrafçılar İttifaqının 60 illik yubileyi münasibətilə tamaşaçılara təqdim olundu.
19 dekabr – Azərbaycan Kinematoqrafçılar “Azərbaycan kinosu və biznes” adlı forum keçirəcəyini elan etdi. Forumun keçirilməsində də məqsəd məhz iş adamlarının kinoya yatırım qoymağa cəlb edilməsi məsələsidir.
19 dekabr – “Azərbaycan” CinemaPlus-da. AKİ builki film nümayişlərini Rəşad Babayevin “Biletsizlər” filminin premyerası ilə yekunlaşdırdı.
21 dekabr – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən həyata keçirdiyi “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” layihəsinə daxil olan western-azerbaijan.az saytının və “Sarı gəlin”in sorağında” adlı tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirildi.
30 dekabr – Azərbaycan Kinematoqrafçılar İttifaqı görkəmli kinorejissor, ssenarist, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə çəkiləcək sənədli filminə kiçik qrant ayırdı.
AKİ-nin mətbu orqanı olan Aki.az saytının yaranmasının dörd ili tamam oldu. Saytımız milli kinomuzun təbliğilə yanaşı, eyni zamanda kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daim işıqlandırmağa çalışıb. Önəmli məqamlardan biri də odur ki, hazırladığımız maraqlı layihə və rubrikalar, rəngarəng xəbər təminatı saytı tanıtdırmaqla yanaşı, ona kino həvəskarları və peşəkarları arasında populyarlıq da qazandırdı, artıq xəbər saytları Aki.az –a istinad edir, materiallarını öz saytlarında bölüşür. Saytın işi Kinematoqrafçılar İttifaqının feysbuk, instaqram səhifələri ilə dəstəklənir. Sayt əsasən, Azərbaycan dilində yayımlansa da, rus və ingilis dillərində də olan xidmətini daim yeniləyir.
Son olaraq qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının 2023-cü ildə gördüyü işlərin, həyata keçirdiyi layihələrin sadəcə ən önəmlilərini oxucularımızın diqqətinə çatdırdıq.
Uzun bir tarixi əhatə edən Azərbaycan Kinematoqrafçılar İttifaqı il ərzində yaşlı və gənc kinematoqrafçılara maliyyə yardımları (42300 manat) ayırıb. AKİ-nin üzvlərinin sayı getdikcə artır, üzv olmaq istəyənlər getdikcə çoxluq təşkil etməyə başlayır. Görüləcək işlər, gələcək planlar çoxdur və 2024-cü ildə Azərbaycan kinosu üçün ən önəmli layihələri həyata keçirməyi qarşımıza məqsəd qoymuşuq.
aki.az