Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayevin xalqa müraciəti - Evdən çıxmayın!

2019-cu ilin dekabrında Çin Respublikasında naməlum mənşəli pnevmoniya xəstəliyi aşkar olundu. Çin hökuməti 31 dekabrda naməlum pnevmoniyanın başlaması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına məlumat verib. Artıq Ümumdünya Səhiyyə Təşkilatı bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib. Həmin gündən bütün dünya təşviş içində olmasına baxmayaraq virusdan qorunmaq üçü sağlamlığa lazım olan bütün şərtlərə əməl edir, lazım olduqca karantin, fövqəladə vəziyyət elan edir ki, bütün bunlar da bəşəriyyəti xilas üçün vacib hesab olunur.

Azərbaycan Respublıikası da dünya ölkələrindən geri qalmır, artıq karantin elan edib, yaşlı nəslin evdən çıxmamasına, ümumiyyətlə isə bütün insanlarımızın lazım olmadıqca evdən çıxmamasını elan edib.  Belə bir məqamda ölkə prezidenti İlham Əliyevin xalqa müraciəti, birliyə çağırışı məsələnin nə qdərə ciddi olduğunu bir daha ortaya qoydu. Və bütün ölkə, əsasən də ölkə ziyalıları birlik olaraq bu çağırışa səs verməyə çalışdı. Onlardan biri də Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq artisti Rasim Balayevdir. Aktyor (apa.az) bildirib ki, koronavirus pandemiyası ilə mübarizə üçün dövlət səviyyəsində bir sıra addımlar atılır: “Ölkə başçısının göstərişi ilə tədbir görülür. Nazirlər Kabineti yanında operativ qərargah yaradılıb. Dövlət səviyyəsində bu xəstəliyin qarşısının alınmasına çalışırlar. Mən deyərdim ki, insanlarımız dövlətin verdiyi tövsiyələrə əməl etsinlər. İnsanlarımız buna ciddi yanaşmalı, verilən göstərişlərə əməl etməlidirlər”.

R.Balayev vətəndaşlara, xüsusilə yaşlı insanlara evdən çıxmamağı tövsiyə edib:  “Yenicə əməliyyatdan çıxdığım üçün immunitetim demək olar sıfır dərəcəsindədir. Bu xəstəlik də immuniteti aşağı olan adamlarda daha ciddi fəsadlar yaradır. Buna görə də evdən çıxmamağa çalışıram. Evdə oturanlar kitab oxusunlar, filmə baxsınlar, müxtəlif məşğuliyyətlər tapıb məşğul olsunlar. Əgər bütün dünya, eyni zamanda Azərbaycan dövləti bu pandemiya ilə mübarizəyə bu qədər əhəmiyyət verirsə, deməli, çox ciddi xəstəlikdir. Ona görə də dövlətin, həkimlərin, mütəxəssislərin dediklərinə əməl olunmalılar”. Bundan başqa, xalq artisti ev şəraitində də gigiyena qaydaların əməl etməyi tövsiyə edib: “Biz bir az səhlənkarıq, amma bu cür olmaz. Evdən bayıra çıxmaq lazım deyil, çıxmayaq. Zəruri ehtiyaclar üçün də marketə-aptekə gedəndə tibbi qaydalara riayət edək, küçədə-bayırda ara məsafəsi saxlayaq. Evə gələndən sonra yuyunaq. Xahiş edirəm, heç kəs buna barmaqarası baxmasın. Məsələ ciddidir, bir nəfərin məsuliyyətsizliyi yüzlərlə adamın xəstəliyə yoluxmasına səbəb ola bilər. Ona görə də mənim xahişim budur ki, tələblərə ciddi əməl edək, çünki tələblərə riayət olunan yerlərdə  virusun yayılması faizi azdır. Biz buna əməl etməklə koronavirus dəhşətindən xilas ola bilərik. Yəqin ki, Allahın köməyi ilə bunun dərmanı tapılacaq”.

Azərbaycan Kinematoqrafaçılar İttifaqı