Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində xeyriyyə aksiyası

7 mart Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə Kino Evində “Tıq-Tıq xanım” tamaşası ingilis dilində nümayiş olunub. Bəzi əlavələrlə nümayiş olunan tamaşada oyunçu kimi 3-11 yaş arasında olan uşaqlar seçilib.

Tamaşanı təşkil edən, Nağılçı layihəsinin təsisçisi Günel Yaşar oxu.az saytına bildirib ki, nümayiş vaxtı nağılda olan qlobal istiləşmə haqqındakı fikirlər uşaqların ifasında hər kəsə maraqlı gəlib. Tamaşadakı çobanın qız olmağı isə heç də təsadüfi deyil. Bununla demək istəyiblər ki, oğlanlar kimi qızlar da hər işdə güclü ola bilərlər. Bundan başqa, o da qeyd olunub ki, tamaşa tamamilə könüllü şəkildə hazırlanıb.

Təşkilatçı onu da qeyd edib ki, tamaşanın təşkil olunma məqsədi, uşaqlara ingilis dilinin daha maraqlı öyrədilməsinə kömək etmək, nağıllarımızı xarici dostlarımızla bölüşmək və cəmiyyətimizdə olan bəzi problemləri göstərməkdən ibarətdir.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə ingilis dilində nümayiş olunan tamaşanın biletlərinin satışından əldə olunan gəlir “SOS Azərbaycan” uşaq kəndləri üçün ayrılıb.

Azərbaycan Kinematoqrafçılar İttifaqı