Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevlə görüş keçirilib

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev”Qonağımız var” layihəsinin qonağı olub.

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Qonağımız var” layihəsi Mərdəkan Mədəniyyət Sarayında təşkil olunub.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov, RİH-in məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon sakinləri, gənclər və ziyalıların iştirak etdiyi görüşdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Günay Firudinqızı Rasim Balayevin yaradıcılıq yolundan danışıb. Daha sonra Xalq artisti görüş iştirakçılarının suallarını cavablandıraraq kino sənətinə gəlişindən, çəkiliş zamanı baş verən maraqlı əhvalatlardan, aktyorluq sənətinin incəliklərindən bəhs edib. Eyni zamanda rol aldığı “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Cavid ömrü” və digər filmlərdən fraqmentlər nümayiş olunub.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək Rasim Balayevin yaratdığı obrazların gənc nəslin milli vətənpərvərlik ruhunda böyüməsinə təsirindən danışıb və bu obrazların əldə etdiyimiz Böyük Zəfərdə müstəsna rol oynadığını xüsusilə vurğulayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev də öz çıxışında Rasim Balayevin Azərbaycan incəsənətinə verdiyi töhvədən söz açıb, ona işlərində uğurlaq arzulayıb.

Görüşün sonunda AKİ sədri Rasim Balayevlə xatirə şəkilləri çəkilib.

 

 

 

 

 

 

 

 

aki.az