23-27 mart tarixlərində “Vilnüs Beynəlxalq Film Festivalı” çərçivəsində Vilnüsdə baş tutan “Vilnüsdə görüş nöqtəsi” ( Meeting Point Vilnüs) layihəsinin “İstedadlar nöqtəsi” proqramında Azərbaycandan 5 nəfər gənc rejissor uğurla iştirak edib. Rejissorlar Azad Əliyev, İmaməddin Həsənov, kinotənqidçi Hacı Səfərovla birgə Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr/ layihə meneceri, rejissor Afaq Yusifli və nümayişlər üzrə menecer, rejissor Ülviyyə Əhmədova qatılıblar.
Festivalın ilk günü Vilnüs Beynəlxalq Film Festivalı və “Kino Pavasaris Distribution”un baş direktoru Algirdas Ramaska, iştirakçılarla görüşdə festivalın məqsədi, müəyyən dövrlərdə qarşılaşdığı problemlər, pandemiya zamanı düşdükləri çətin vəziyyət, onların həll olunması və bu günə qədər keçdiyi yollar haqqında məlumat verdi.
Sonra iştirakçıların bir-birlərilə tanış olması və yaradıcı əlaqələr qurması üçün təkbətək (One on One meetings) görüşlər təşkil olundu. Bu, bütün iştirakçıların ilk gündən doğmalaşması, bir-birlərini tanıması və yaradıcı əlaqələrin qurulması üçün festival tərəfindən yaradılan müsbət şərait idi. Açılış partisi Litvanın tarixi məkanı olan Lukiskes həbsxanasında baş tutdu.
Festival çərçivəsində “Prosesdə olan işlər” (Work in progress), Pro-point, Edu-point, Talent point kimi proqramlarda mentorlarla görüş, fərqli mövzularda ustad dərsləri, prodüserlərlə görüş, festival filmlərinin nümayişi və s. baş tutdu. Eva Kovalevskanın “Diqqətli qulaq – musiqi ilə filmdə necə işləmək olar”, Beynəlxalq Kastinq Direktorları Françesko Vedovati və Frank Moysellenin ustad dərsi, Taç Romey və Markus Valş “Mən sizin STAFF yazıçınız” Süni İntellekt seminarı bu tədbirlərlər sırasında idi.
Festivalın rəsmi məlumatında bildirilir ki, “Talents Point” bölməsi öz layihələri və karyera inkişafı üzərində çalışan, peşəkar inkişaf və geniş şəbəkə imkanları axtaran gənc və inkişaf etməkdə olan istedadlara diqqət yetirir. Müxtəlif seminarlar, ustad dərsləri, davam edən işlər və tezliklə keçiriləcək sessiyalarla yanaşı, iştirakçılar fərdi ehtiyaclarına uyğun söhbətlər və təkbətək görüşlərə xüsusi diqqət yetirməkdən faydalana bilərlər”.
“Talent Point” – “EU4Business: Connecting Companies” layihəsinin bir hissəsidir. “EU4Business: Connecting Companies (EU4BCC)” layihəsinin təşkili Eurochambres tərəfindən təklif edilmişdir və bu layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşən layihədir. Onun məqsədi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində – və Ukraynada davamlı iqtisadi inkişafı və biznes imkanlarını təşviq etməkdir. EU4BCC, ŞT KOM-larının əhəmiyyətli artım potensialına malik olduğu beş iqtisadi sektoru hədəf alan sektorlar əsasında bio/üzvi qida, yaradıcı sənayelər, tekstil, turizm və şərab təşkil edilmişdir.
Bu cür layihələrdə gənc film adamlarının iştirakı onların beynəlxalq arenada tanınması, işləri barədə peşəkarlarda məlumatın olması, peşəkar ekspertlərin Azərbaycan filmlərinə cəlb olunması işinə müsbət təsir gücünə malikdir. Geniş şəbəkələşmə, fərqli peşəkarlardan film layihələri üzərindən fikirlər almaq, həmin layihələrin daha peşəkar inkişafına təkan vermək potensialındadır. Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası üçün kino nümayəndələrinin beynəlxalq tədbirlərdə aktiv iştirakı labüddür.
aki.az