Azərbaycan Kinosu - 2021

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov İttifaqın facebook səhifəsində kinomuzun pandemiya zamanı durumu ilə bağlı  statusunda yazır: “Kinomuz 2021-də necə olacaq? Olacaqmı? Sualların cavabı bu gün atdığımız addımlardan, verdiyimiz qərarlardan asılı olacaq.  Situatsiyanı dəqiq analiz edib, düzgün seçimlər etmək lazımdır. Təkcə “nə etməliyik” sualına yox, həm də, “nə etməməliyik” sualına cavab verməliyik. Pandemiyadan öncə Azərbaycan kinosunun ciddi nəticələri var idi. Kinoya yatırılan özəl investisiyalar, dövlət investisiyaları ilə müqayisədə effektivlikdə udurdular. Özəl kino şirkətlərin çəkdikləri filmlər gəlirliliyə çıxırdılar.
– Özəl kino şirkətlərinin çəkdikləri kommersiya filmlərinin texniki keyfiyyətləri yüksəlməyə meylli idi.
– “Pərdə” triologiyası, ona qədər “Zaman qatarı”, “Arzuların dalınca” filmlərində melodrama və sosial dram janrlarına investisiya yatırıldı və prokatda uğura cəhd edildi. “Pərdə” trilogiyası prokatda uğursuz olsa da, mətbuatda rezonanslı, internet nümayişlərində effektli oldu.
– Pandemiya dövründə investorların kinoteatral şəbəkəyə qoyduğu investisiya artmaqda davam edirdi. Bulvarda açılmaqla bağlanmağı bir olan “Dəniz” mall-da da multipleks tipli, müasir texnologiyalarla təmin edilmiş kinoteatr fəaliyyətini post-pandemiya düvrünə saxladı.
– Kinomuzun industrial inkişafı üçün vacib olan ictimai təşkilatların fəaliyyətində müsbət gəlişmə var idi: ən qocaman ictimai kino təşkilatı olan Azərbaycan Kinematoqrafçılar İttifaqı fəaliyyətini bərpa edib, kinomuzun aktual problemlərini qaldırmağa başladı, kino təhsili və təbliği istiqamətində əməli addımlar atdı.
Bütün bunları nəzərə alaraq nə nəticə çıxara bilərik? Nəyi səhv edirdik? Ən böyük səhvlərdən biri, formalaşmağa başlamış müstəqil kino sektoruna az diqqət ayrılması idi. Hətta aşağı keyfiyyətli kommersiya filmlərinin varlığı da, müstəqil kinonun varlığıdır. Kommersiya filmlərinin fəaliyyətini topa tutmaq yox, dəstəkləmək və kreativ keyfiyyətin artmasına dəstək olmaq lazım idi. Həmin istehsalçılar kreativ keyfiyyətdə maraqlı deyildilərsə də, ictimaiyyət dəqiq ismarıclar verməlidir: çəkilən hər yeni film kinonun inkişafına bir cəhddir, bu cəhdlərin uğurlu olmasına çalışmalıyıq. Ən azı insanları çayxanalardan kinozallara qaytardığına görə onlara minnətdar olmaq lazımdır.
Kommersiya filmlərinin əsas probleminin ssenari olduğunu nəzərə alaraq, bu problemin həlli üçün nə etmək lazım olduğunu düşünmək lazımdır. Bunun üçün nə etmək lazımdır: Ssenari müsabiqəsi elan etmək? Ssenariləri analiz edən resenziyalar sifariş etmək? Keyfiyyətli ssenariləri dəstəkləmək? Ssenari üzrə “master- klass” lar keçirmək? Bu istiqamətdə düşünmək lazımdır. Gəlin bir yerdə düşünək”.
Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev də müzakirəyə qoşularaq sualları bir qədər də konkretləşdirməyə çalışıb. O yazır:

“1.Niyə Prezidentin fərmanında nəzərdə tutulmuş “Azərbaycan kinosunun inkişafı konsepsiyası” qəbul olunmur?

2.Niyə kino ictimaiyətin sosial şəbəkədə və mətbuatda kinomuzdakı vəziyyətlə bağlı aktiv olaraq bildirdiyi narahatçılığa məsul şəxslər tərəfindən (heç dolayısı yolla da) reaksiya bildirilmir? Hələllik bu suallara cavab tapaq…”

Həmkarlarımızı kinomuzun bu günü və sabahı ilə bağlı aktiv müzakirələrə çağırırıq.

aki.az