Milli-mədəni dəyərlərimizin qorunması və inkişafı, bütün dünyada tanıdılması və təbliği Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının leytmotivi kimi qəbul olunur. Bu xəttin prioritet və hədəfləri də son onilliklərdə mədəniyyət sahəsində daha böyük uğurlar qazanılmasına hesablanıb. Azərbaycanda fəaliyyət göstərən yaradıcılıq ittifaqları da öz fəaliyyətini məhz bu istiqamətdə qurur, mədəniyyət və incəsənətimizin daha da çiçəklənməsinə, dünya meridianlarında daha geniş formatda tanınmasına mühüm töhfələr verirlər. Dövlətimizin ardıcıl olaraq göstərdiyi maddi və mənəvi dəstək fonunda yaradıcı insanların Azərbaycan naminə daha böyük uğurlara imza atmaq zəruriyyəti ortaya çıxır. Bütün mümkün vasitə və imkanlardan, yaradıcılıq potensialından düzgün və səmərəli istifadə edilməsi günümüzün vacib vəzifələrindəndir və qələm və fırça ustalarımız, kino, teatr və musiqi xadimlərimiz öz missiyalarını şərəflə yerinə yetirməkdədirlər.
Təbii ki, uzun illərin durğunluğundan çıxmaq, dirçəliş dövrünün ənənələrini yaşatmaq və gələcəyə hesablanmış çağırışlara layiqincə cavab vermək niyyətini reallaşdırmaq Azərbaycan kino xadimlərinin başlıca vəzifələrindəndir. Bəs Azərbaycan Kinomatoqrafçılar İttifaqı kino sənayesinin inkişafı üçün hansı addımları atır? Bu qısa qeydlərimdə İttifaqın başa vurmaqda olduğumuz ildə gördüyü işlərə qısaca ekskurs etməyə çalışacağıq.
AKİ 2024-cü ildə, ümumən son illərdə milli filmlərin təbliğatı, ölkədə və xaricdə kino festivallarının keçirilməsi, kino tənqidinin və kino nəşrlərinin inkişafı, gənc rejissor və ssenaristlərin hazırlığı və digər sahələrdə öz maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Bəri başdan deyək ki, ittifaq 2025-ci ildə də adı çəkilən istiqamətlərdə fəaliyyətini daha da genişləndirmək niyyətindədir.
AKİ öz fəaliyyəti boyu mətbuata açıq olmuş, görülmüş işlərlə bağlı oxuculara geniş məlumat verilməsini prioritet hesab etmişdir. AKİ-nin dəstək verdiyi layihələrdən biri olan – Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino-xəbər saytı – kinoinfo.az Azərbaycan Respublikası Kino Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb, AKİ isə sayta təşkilati dəstək göstərir. Saytın redaktoru ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri AKİ-nin icraçı katibi Əli İsa Cabbarov kino kimi potensial gəlirli sahədə baş verən proseslər, kinonun iqtisadi aspekti barədə oxucuları ətraflı məlumatlandırmağa çalışırlar. İttifaqın “Rakurs” rüblük bülletini ölkədə və xaricdə baş verən kino yenilikləri, festivallar və yubiley filmlər barədə informasiyalar təqdim edir. Bülletenin başlıca məqsədi respublikada və xaricdə gedən kino proseslərinin salnaməsini yaratmaqdır.
AKİ-nin hələ ilin əvvəlindən elan etdiyi “Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenarisi üzrə müsabiqəyə uğurla yekun vurulub. Bu cür müsabiqələrin keçirilməsi milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən ittifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir, açıq səsvermə yolu ilə laureatlar seçilir.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz” adlı layihə çərçivəsində çəkilən “Sarı gəlinin sorağında” sənədli filmi IX Türk Dünyası Sənədli Film Festivalında tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmiş filmlər sırasında yer alıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş tammetrajlı sənədli filmin süjet xətti “Sarı gəlin” xalq mahnısının mənşəyi, onun yaranma tarixçəsinin aydınlaşdırılması yönündə araşdırmalar, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd Qərbi Azərbaycan ərazisindəki maddi-mədəni irsimizin təbliğidir.
Filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir Sabiroğlu, prodüseri Əli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevdir.
İttifaq xarici ölkə kinematoqrafçıları ilə əməkdaşlığa da xüsusi önəm verir. Ötən ilin aprelində ittifaqın və Litva Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyilə “Landmark” biznes mərkəzində rejissor Qildre Yifskitenin “Sıçrayış” sənədli filminin nümayişi keçirilib. Tədbirdə Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları, AKİ-nun I katibi, Xalq artisti Şəfiqə Məmmədova da iştirak ediblər. Film litvalı dənizçi Simas Kudrikanın azadlığa qovuşmaq yolundakı “sıçrayışından” bəhs edir. Ekran əsəri nadir arxiv görüntülərinin və 1970-ci illərin ən böyük soyuq müharibə iştirakçılarının dramatik təsviri əsasında ərsəyə gəlib.
AKİ-nin katibi, Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinski yeni sənədli filmin çəkilişinə hazırlaşır. Film Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin Baş direktoru, RF Dövlət mükafatı laureatı Davud Paşayevin həyat və fəaliyyətindən bəhs edəcək. Qeyd edək ki, Ziya Şıxlınski ilə ssenarist Toğrul Cuvarlının birgə yazdığı “Bir ailənin sirri” ssenari AKİ-nin Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə 2020-ci ildə keçirilmiş “Rusiyanın görkəmli azərbaycanlıları” adlı ssenari müsabiqəsinin qalibi olub.
Uzun illər əvvəl çəkilmiş, unudulmaqda olan filmlərin müasir tamaşaçılara təqdim olunması AKİ-nin gündəlik fəaliyyətində mühüm yer tutur. Ötən ilin iyununda “Azərbaycan” Cinema-Plus-da Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyevin “Cansıxıcı əhvalat” filmi ilk dəfə Azərbaycan dilində nümayiş olunub. Bu film müəllif kinomuzun ən maraqlı nümunələrindən biridir və premyerası 1988-ci ildə rus dilində baş tutub. Film AKİ-nin sifarişi ilə peşəkar aktyorlar Elşən Rüstəmov və Nəcibə Hüseynovanın iştirakı ilə Azərbaycan dilinə dublyaj olunub. Adıçəkilən kinozalda Ayşə Mirzəzadənin “Yelləncək” və Elmar Bayramovun “Nəfəs” qısametrajlı filmləri də göstərilib və böyük maraqla qarşılanıb.
“Azərbaycan” CinemaPlus”da İttifaqın təşkilatçılığı ilə “Dörd qəhrəman cənnət sorağında” adlı tədbirdə Oleq Səfərəliyevin “Murad-Sad”, Davud İmanovun “Afroditanın qolları”, Ramiz Əzizbəylinin “Pirverdinin xoruzu”, Rauf Nağıyevin “Foto Fantaziya” filmlərinin göstərilməsi qərara alınıb. Sənətkar və cəmiyyət arasında münasibətlər, yaradıcı insanın ətraf mühitlə konflikti, şəxsiyyət böhranı bu ekran işlərinin əsas motivləridir. Bunlar indi də dünyada aktuallığını itirməyən məsələlərdir və müəlliflər nümayiş olunacaq filmlərdə mövzuya yaradıcı yanaşıblar. Qeyd edək ki, 3 film 1980-ci illərin sonunda, yenidənqurma dalğasında çəkilib. Yalnız bir film – “Foto Fantaziya” 1970-ci ildə ekranlaşdırılıb.
Təbii ki, bu cür silsilə tədbirlər siyahısına Tbilisi Beynəlxalq Sənədli Filmlər Festivalında rejissor Vaqif Behbudovun və Rüstəm İbrahimbəyovun filminin nümayiş etdirilməsini, gənc rejissor Leyla xanım Qənbərlinin Praqada keçirilən “One World İnternational” sənədli film festivalı çərçivəsində yeddi günlük təhsil səyahətində iştirakı, Türkan Hüseynin Kopenhagendə, İmaməddin Həsənovun İstanbulda keçdiyi kurs üçün, ittifaqın əməkdaşı Afaq Yusiflinin müstəqil film rejissoru qismində Mərakeşdə keçirilən Qlobal Mədəni Münasibətlər Proqramında ölkəmizi təmsil etməsi üçün xərcləri məhz AKİ-nin çəkdiyini də xüsusi vurğulamaq lazımdır. AKİ “OB Film ” və “Kinobiz” şirkətləri tərəfindən birgə istehsal olunmuş “İşığa doğru” sənədli filminin beynəlxalq film festivallarına təqdim olunmasına da vəsait ayırıb.
Dekabrın ilk günlərində AKİ-nin və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə Xalq yazıçısı, kinodramturq Natiq Rəsulzadənin 75 illik yubileyində AKİ-nin sədri, Xalq artisti Rasim Balayev çox nikbinliklə vurğuladı ki, Azərbaycan kinosu çox tezliklə durğunluq zolağından çıxa biləcək, klassik ənənələr bərpa olunacaq, yeniliklərə uzanan yollar daha geniş və işıqlı olacaq. Bunun üçün kinomuzun kifayət qədər güclü kadr potensialı var və dövlətimizin dəstəyi, xalqımızın sevgisi ilə biz hədəflərimizə çata biləcəyik.
Görkəmli kino xadiminin optimist düşüncələrinin tezliklə reallaşacağı şübhəsizdir. Ölkəmizin sosial-iqtisadi, mədəni, hərbi quruculuq, milli-mənəvi dəyərlərimizin qorunması, inkişafı sahəsində uğurlarını kino-lentin yaddaşına köçürmək, salnamələşdirmək üçün daha ciddi addımların atılması, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasına yeni nəfəs verilməsi, özəl kinostudiyaların fəaliyyətinin daha da canlandırılması, dünya kinosuna inteqrasiyanın gücləndirilməsi, peşəkar kadr hazırlığına xüsusi diqqət verilməsi – bütün bunlar AKİ-ni ciddi düşündürür və bu qurum özünün bütün resursları ilə kinomuzun inkişafına dəstək verməyə hazırdır. İttifaqın reallaşdırdığı uğurlu layihələr bu qənaətə gəlməyə imkan verir.
Akif Cabbarlı / “Xalq Qəzeti” №287 / 27.12.2024