Azərbaycan kinosunda Həsənağa Turabovun izi
24 mart teatr və kino aktyoru Həsənağa Turabovun doğulduğu gündür.
Azərbaycan teatr və kinosunda özünəməxsus yer tutan H.Turabov səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib. Məhz buna görə də az zaman içində Azərbaycan və dünya dramaturqlarının əsərlərində əsas rolların ifaçısı kimi tanınıb, sənətkarlıq zivəsinə yüksəlib. Teatrla bərabər aktyorun kino fəaliyyəti də daima diqqət mərkəzində dayanıb. Bir çox bədii filmlərdə, eyni zamanda televiziya filmlərində yaratdığı obrazlar onun aktyor həyatının əsas hissəsini təşkil edib.
Həsənağa Turabovun kino yaradıcılığında “Dantenin yubileyi” filminin (1978) daha doğrusu, filmin qəhrəmanı Feyzulla Kəbirlinski obrazının ayrıca, məxsusi yeri var. Bəli, “bəs “Yeddi oğul istərəm”dəki Gəray bəy?” və sairə çaşqınlıq sualları yarada bilər bu fərqləndirmə. Amma bir düşünək: Kəbirlinskininin aktyorluq istedadı bilmərrə yoxdur. Və filmin yaradıcılarının bu obrazı aktyorluq istedad və bacarığı müstəsna dərəcədə olan Turabova həvalə etmələrində filmin uğurlu alınmış şəkildə ərsəyə gəlməsi naminə olan qərardan başqa Həsənağa Turabov sənətinin müstəsnalığının belə bir özgün kimlik, kinopasport şəklində təzahürü də mütləq baş verməliydi. Həmkarları onun haqqında bütün varlığı ilə şəxsiyyət başlanğıcının nə olduğunu göstərən insan kimi danışırlar. Bunu elə təkcə Həsənağa Turabovun kino yaradıcılığı diktə edir. Sənət aləmində isə şəxsiyyət başlanğıcının üzə çıxması kifayət qədər nadir hadisədir. Onunla bağlı xatirələr mütləq səmimiliyə, sərrast yumor hissinə, intellektuallığa köklənir.
Həsənağa Turabov orta məktəbi bitirdikdən sonra Odessa Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna daxil olubmuş, amma birinci kursdan sonra fikrini dəyişib. O, dəniz nəqliyyatı üzrə mühəndis də olsaydı, mütləq parlaq bir şəxsiyyət və yüksək dərəcəli peşəkar kimi özünü göstərəcəkdi. Vaqif olmadığı bircə sahə musiqi idi – musiqi duyumu yox idi. 64 filmə çəkilib. Onun hər hansı maraqlı obraz yaratdığı filmləri seçmək heç bir əziyyət tələb etmir. Realist aktyor məktəbinin ən parlaq nümayəndələrindən biri olaraq Həsənağa Turabov səhnədə pafoslu deklamasiya stereotipini dağıtdığı kimi kinoda da kamerayla yox, obrazı, personajı və tamaşaçısı ilə üzbəüz qalmağı, onlarla ünsiyyət qurmağın vacibliyini anlayır və bu vəzifənin öhdəsindən ustalıqla gəlirdi. Hər bir obrazında İnsan rəmzinə çevrilirdi. Azərbaycan kinosunun bütün ustad rejissorları ilə işləyib. Rejissorlar demişkən, Həsənağa Turabov aktyorluq sənətində istedad və bacarığının üzə çıxmasından, obrazın, personajın tamaşaçıya hərtərəfli təqdim edilməsindən ötrü mütləq şəkildə ustad bir rejissora ehtiyac duymayan barmaqla sayıla biləcək qədər nadir sənətkarlardan idi. Çünki o istedadına güvənib onu cilalamayan, intellektual maraq dairəsini, erudisiya baqajını zənginləşdirməyən genişləndirməyən aktyorlardan deyildi. Bütün bunlarla bərabər Həsənağa Turabov hər bir yaradıcılıq təzahüründə ürəyinin də döyüntülərini eşidirik.
Eldar Quliyev xatırlayır ki, çoxsaylı teatr quruluşları olan Rüstəm İbrahimbəyovun “Şirəbənzər” pyesinin hələlik yeganə ekran versiyası olan “Ürək…Ürək…” filmini çəkmək ərəfəsində olduğumu eşidəndə zəng vurub deyibmiş ki, Murad rolunu özü oynamaq istəyir, başqa aktyor axtarmayım… Təbii ki, Eldar Quliyev dostunun və aktyorlar aktyorunun istəyinə qarşı gedə bilməzdi. Qızı Sevinc xanımla söhbətlərimizin birində söyləmişdi ki, atasının evdəki davranışı Gəray bəyi çox xatırladırmış və yeri düşdükcə deyirmiş ki, həyatda ən çox şahmatı, payızı və qızımı sevirəm…
Elə şəxsiyyətlər var ki, hər dəfə onları xatırlayanda tariximizə və ya müasirliyimizə nəsib olduqlarına görə minnətdarlıq hissi duyuruq: “Biz Sizə minnətdarıq, Həsənağa müəllim!…”
Azərbaycan Kinematoqrafaçılar İttifaqı