Azərbaycan kinosunun Qarabağ fəryadı
Bu gün Qarabağın dilbər guşəsi olan Şuşa şəhərinin işğal günüdür. Şuşamızı yad etmək və yad edərək içimizdəki ümid qığılcımlarını daha da gücləndirmək niyyətilə kinomuzda Qarabağ mövzusuna toxunmağı qərara aldıq.
Qeyd edək ki, Azərbaycan kinosunda Qarabağ mövzusu tam açılmasa da, müəyyən mənada müraciətlər olunub. Hər rejissorun vətən, torpaq mövzusuna baxışı bir qədər fərqli ola bilər, ancaq önəmli olan odur ki, baş verən hadisələrin içində olan insanların ağrı-acısnı hiss edə biləsən. Bu baxımdan rejissor hissiyyatı istənilən mövzuda olan filmin canlı alınmasında, lap dəqiq desək, inandırıcı alınmasında böyük rol oynayır. Əslində müharibə mövzusuna müraciət etməyin də öz çətinlikləri var. Və müharibə bitmədən hadisələrə obyektiv yanaşmaq mümkün deyil. Belə məqamda rejissorların köməyinə səthi yanaşma gələ bilər. Belə bir deyim var: Kino reallığa yaxın olduğu qədər də, reallıqdan uzadır. Məhz səthi yanaşmalarda reallıq arxa plana keçir, reallıqdan uzaq hadisələr, ssenarist, rejissor təxəyyülü əsas rol oynamağa başlayır.
Azərbaycan kinosu Qarabağ mövzusuna bir çox dəfə müraciət etdi, bir çox sənət nümunələri (“Fəryad” (1993), “Ağ atlı oğlan(1995), “Ümid”(1995), “Sarı gəlin”(1998), “Girov” (2005), “Arxada qalmış gələcək”(2005), “Yalan”(2006), “Biz qayıdacağıq”(2007), “Qala”(2008), “Günaydın, mələyim”(2008), “Dolu”(2012), “Nabat”(2015) və s.) yaratdı. Ancaq bu fimlər arasında bədii cəhətdən dəyərli sənət nümunəsi olaraq “Fəryad” filmi daha dolğun alındı. Çünki “Fəryad” filmi məhz hadisələrin baş verdiyi ildə çəkilirdi. Unutmayaq ki, torpaqlarımızın əsas hissəsi məhz 1993-cü ildə işğal olunub. Bu məqalədə “Fəryad” filmi vasitəsilə Qarabağ torpaqlarına səyahət edəcək, 8 may işğal günü kimi tarixə yazılan Şuşa şəhərini yad edəcəyik.
Qarabağ mövzusu “Fəryad” filmində
1993-cü ildə “Azərbaycanfilm” və “Aşkarfilm” kinostudiyaları “Fəryad” filmini istehsalata buraxdı. Filmin yaradıcı heyəti: Rejissor-Ceyhun Mirzəyev, ssenari müəllifi Vaqif Mustafayev, operator-Kənan Məmmədov, rəssam-Rafis Rza, bəstəkar-Cavanşir Quliyev.
Filmin ssenarisini yazan Vaqif Mustafayev onu şəxsən Ceyhun Mirzəyev üçün nəzərdə tutub. Sadəcə həmkarı deyil, yaxın dost bildiyi insanın daxili aləminə bələd olan V.Mustafayev onun necə vətənpərvər olduğunu və bir Qarabağlı kimi bu mövzuya həssas yanaşdığını çox gözəl bilirdi. Ceyhun Mirzəyev heç bir müdaxilə olmadan, öz görüntülərinə arxalanaraq filmi çəkib. O, rejissor ssenarisini hazırlayarkən, eyni zamanda aktyor seçimində də öz fikrini əsas götürüb. Əgər Gürcüstandan dəvət olunan bir neçə aktyor(erməni obrazına dəvət olunan aktyorlar nəzərdə tutulur) nəzərə alınmazsa, onda demək olar ki, filmdə görünən digər sənət adamları öz aktyorlarımızdır.
Vaqif Mustafayevin dediyinə görə, Ceyhun Mirzəyevin könlündən keçirmiş ki, İsmayılı məhz özü yaratsın. Ancaq rejissor işi ilə birgə filmdə rol yaratmaq ikiqat artıq məsuliyyət tələb etdiyi üçün o, əvvəlcə, hətta könlündən keçməsinə baxmayaraq, İsmayıl obrazını yaratmağa razılıq vermək istəməyib: “Mənə elə gəlirdi ki, bizim yaşadığımız ağrı-acını, baş verən faciəni məhz Ceyhun Mirzəyev səviyyəsində olan aktyor və rejissor tam olaraq həyata keçirə bilərdi. Doğrudan da o, çəkiliş vaxtı həm rejissor işinin, həm də baş qəhrəman obrazının öhdəsindən böyük məharətlə gələ bildi. Hər bir filmdə ən aparıcı şəxs rejissor hesab olunur. Filmin ssenari müəllifi, montaj edəni, operatoru və s. hamısı demək olar ki, rejissorun fikrinə xidmət edir. “Fəryad” filmində görünən hər bir kiçik epizodun canlı alınması Ceyhunun ustalığından xəbər verir, onun vətənə, Azərbaycanımıza olan məhəbbətindən xəbər verir”.
C.Mirzəyev hadisələrin ən qızğın gedişatı zamanı heç kimin edə bilmədiyi cəsarətlə “Fəryad”ı yaratdı və hadisələri öz gözləri ilə görmüş insanları da filmin çəkilişinə cəlb etdi. V.Mustafayev bildirir ki, qaçqınlarımız filmin çəkilişinə cəlb olunub: “Onlar çox böyük həvəslə yaradıcı qrupa kömək edirdilər. Çünki yaşadıqları tarix filmdə bir daha təkrar olunaraq, gələcək nəsl üçün lentə alınırdı. Bunu edən və təbii ki, bacaran isə Ceyhun idi”.
“Fəryad”, rejissorun haqsızlığa qarşı olan fəryadı idi
Filmin çəkilişi zamanı Ceyhun Mirzəyev öncə İsmayıl obrazını yaratmaqdan imtina edib, hətta bu rola uyğun olan aktyor axtarışına da başlayıb. Bu da ona görə idi ki, o, rejissor işi ilə yanaşı, filmdə obraz yaratmağın çətinliklər törədəcəyindən qorxurdu, eyni zamanda da İsmayılı özü yaratmaq istəyirdi.
Vaqif Mustafayev etiraf edir ki, o Ceyhun Mirzəyevin İsmayılı yaratmasında çox maraqlı olub: “Çünki Ceyhunu hamı sevirdi. Ceyhun insan kimi də hər kəsə özünə olan hörməti edirdi, pərəstişkarlarını yadda saxlayırdı. Mən deyərdim ki, “Fəryad”, Ceyhun Mirzəyevin həyatda gördüyü hər bir haqsızlığa qarşı olan fəryadı idi”.
Filmin operatoru Kənan Məmmədov qeyd edir ki, filmdə Ceyhunun daxili iztirabları, düşüncələri hamısı həqiqət idi: “Film çəkilməmişdən əvvəl onun təsvir sistemini qurmuşdum. Qərara gəldim ki, filmi xronika səpkisində çəkmək lazımdır. Film rəngli filmdir, amma tamaşaçı onu ağ-qara kimi qəbul edir. Buna səbəb odur ki, mən bütün kadrlarda olan rəngli əşyaları, geyimləri, elementləti çıxartdım. Ancaq real rənglərdən istifadə edərək xronika stilini saxladım”.
K. Məmmədov operator kimi vaxtaşırı regionlarımızda olurmuş, onlardan bir də Ağdamın Abdal -Gülablı kəndi idi.
Qeyd edək ki, hələ hadisələr baş verməmişdən əvvəl operator orada çəkilişlər həyata keçirib.
Yeri gəlmişkən, C. Mirzəyev məhz həmin yerdə boya-başa çatıb. Abdal -Gülablı ermənilər tərəfindən işğal ediləndə C. Mirzəyev çox sarsılıb. Və “Fəryad”ın çəkiliş müddətində də hadisələri təkrar, daxilən yaşayıb.
K.Məmmədov qeyd edir ki, çəkiliş müddətində ilk olaraq Ceyhunu rola uyğun bilmədiyim haqqında yanıldığımı anladım. Müharibə mövzusunda çəkilən fimlər üçün yer seçilməsi mühüm məsələdir. Operator filmin yayda-təbiətin oyandığı bir vaxtda lentə alınmasını düzgün saymadığından, onun sərtliyinə xələl gətirəcəyindən elə şaxtalı günlərdə çəkilişi başlayırlar.
Erməni Xaçaturyants, Qarabağ fəryadı və ya ömrün son günləri
Bildiyimiz kimi, filmdə ssenariyə əsasən erməni obrazlar çoxluq təşkil edir. Vaqif Mustafayevin dediyinə görə, filmdə görünən hər xırda detallar belə mərhum rejissor Ceyhun Mirzəyev tərəfindən yüz ölçülüb bir biçildikdən sonra həyata keçirilirdi: “Məsələn, rejissor filmdəki erməni obrazlarına çəkəcəyi aktyorların hərtərəfli şəkildə üzdəniraq qonşularımıza bənzəməsi üçün çox dəqiqliklə seçim aparmış və nəticədə də istədiyinə nail olmuşdur. Mərhum Məlik Dadaşovun yaratdığı erməni Xaçaturyants obrazı görün nə dərəcədə inandırıcı çıxıb ki, nəticədə sənədləri də yoxlanıb.
Filmin nümayişindən bir müddət keçməsinə baxmayaraq Məlik Dadaşovun yaratdığı obrazın qaniçənliyi hələ də unudulmurdu. Maraqlıdır ki, mərhum aktyor belə bir vəziyyətlə “Axırıncı aşırım” filmində yaratdığı Qəmlo obrazına görə də qarşılaşmışdı. Ancaq Qəmlo nə qədər mənfi obraz olsa da(əslində Qəmlonun davası Şura hökumətinə qarşı idi. Özüylə Quran gəzdirən, müqəddəs kitaba and içən, onu öpüb göz üstə qoyan bir xarakterə qarşı yanlış fikirlər istifadə olunub-bir sözlə, mübahisəli bir obrazdı) mənfi xarakter olsa da özümüzünkü idi. Xaçaturyants isə erməni idi. Xaçaturyants obrazına görə Məlik Dadaşov bir gün küçədə polislər tərəfindən şübhəli şəxs qismində saxlanılmış və sənədləri yoxlanılmışdı. Aktyor heç vaxt bu kimi hallardan inciməmişdi. O çox gözəl başa düşürdü ki, baş verən hadisələr onun obrazlarının inandırıcı alınması ilə bağlıdır.
Sözün həqiqi mənasında Xaçaturyants və İsmayıl obrazının ikili dialoqu olan səhnələr inandırıcı olduğu qədər də təbii alınıb.
Filmdə İsmayılın başına gələn hadisələrə biganə qalmaq mümkün deyil. Məsələn, İsmayılın həbsxanada döyülmə səhnəsinin daha canlı alınması üçün rejissor aktyor yoldaşlarından xahiş edib ki, onu doğrudan da döysünlər, hətta lazım gəlsə, lar zədə alana kimi döysünlər. Onun sözündən çıxmayan aktyor yoldaşları çəkiliş vaxtı doğrudan da, gücü həqiqi əzişdirməyə veriblər. Canlı döyülmə filmin inandırıcı çıxması üçün yaxşı bir ideya kimi irəli sürülməsinə baxmayaraq, sonrakı proseslər sübut edib ki, bu, Ceyhun Mirzəyevin səhhətinə mənfi təsir göstərib. Ümumiyyətlə isə Azərbaycanda haqsız olaraq cərəyan edən hadisələr Ceyhun Mirzəyevin səhhətinə pis təsir göstərirdi. O baş verən haqsızlıqlarla barışa bilmirdi. Ona görə də filmdə çəkilən hər bir epizodun ağrı-acılarını sözün həqiqi mənasında da yaşayırdı. Bunun nəticəsidir ki, Ceyhun Mirzəyev filmin montajından çıxıb evinə gedərkən ürək ağrıları başlayıb və heç beş dəqiqə çəkməmiş dünyasını dəyişib. Həmkarları, dostları, bir sözlə, onu yaxından tanıyanların hər biri o fikirdədir ki, Ceyhun bilsəydi ki, “Fəryad” filmi həyatına son verəcək, yenə də bu yoldan dönməzdi.
Son söz əvəzi: “Fəryad” zamanında çəkildi, Qarabağ üçün fəryad edən Azərbaycan kinosunun dəyərli aktyoru və rejissoru Ceyhun Mirzəyevin həyatı bahasına başa gəlsə də, bədii sənət nümunəsi kimi öz sözünü deyə bildi. Filmdə güllələnmiş, soyuqdan donmuş xocalıların rollarında elə Xocalı sakinləri çəkilib.
Rəşid RƏŞAD