Azərbaycan və Özbəkistan müştərək filmlərin çəkilməsini müzakirə edib
Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində UNESCO himayəsi altında keçirilən “Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində” Beynəlxalq Mədəniyyət Forumunun açılış mərasiminə qatılıb.
Nazirliyin saytından əldə etdiyimiz məlumata görə, forumda UNESCO, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (İCOMOS), Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzi (İCCROM), TÜRKSOY və Türk Şurasının nümayəndələri, 50-dən çox ölkədən mədəni irs, elm, incəsənət və digər sahələr üzrə mütəxəssislər iştirak edib.
Səfər çərçivəsində A.Kərimov Özbəkistan Baş nazirinin müavini Əziz Əbduhakimov və Mədəniyyət naziri Ozodbek Nazarbekovla da görüşüb.
Görüşdə Özbəkistanda Xarəzmşahların sonuncu hökmdarı Cəlaləddin Manquberdi (1199-1231) haqqında filmin çəkilməsi, Azərbaycan aktyorlarının ekran işində iştirakı barədə söhbət açılıb. Tanınmış sərkərdə haqqında araşdırmaların aparılması, fəaliyyətinin müəyyən bir dövrünün Azərbaycanla bağlı olmasına görə ölkəmizə də elmi ekspedisiyanın təşkili və s. məsələlər də diqqət mərkəzinə çəkilib. Bundan başqa, “Özbəkfilm”lə birgə Molla Nəsrəddin haqqında filmin çəkilməsinin bu sahədə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə də inam ifadə olunub.
Azərbaycan və Özbəkistan xalqlarının dərin tarixi köklərlə bir-birinə bağlı olduğu vurğulanan görüşdə birgə tarix və ənənələrimizin ölkələrimizdə və beynəlxalq səviyyədə tanıdılması, araşdırmaçılar arasında əməkdaşlıq və digər birgə layihələr müzakirə edilib.
Qeyd edək ki, iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib və abidələrin bərpası, müştərək filmlərin çəkilməsi, şəhərlərin qardaşlasması kimi məsələlər üzrə razılaşılaşdırılma da aparılıb.
aki.az