Azərbaycan və Tatarıstan kinosunun əməkdaşlığı müzakirə olunub

Oktyabrın 22-də Azərbaycan Kinematoqrafçılar İttifaqında  Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin (Rossotrudnicestvo) təşkilatçılığı ilə keçən Tatar Kino Günləri çərçivəsində “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova ilə görüş baş  tutub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri – Oleq Səfərəliyev,  Əli İsa Cabbarov, Xalq artisti Vidadi Həsənov, “Rossotrudnicestvo”nun rəhbəri İrek Zinnurov, Mərkəzin mədəniyyət layihələrinə məsul  Vəfa Məmmədova, kino aktrisa Alsu Basırova və Rusiya səfirliyi əməkdaşlarının iştirakı  ilə keçən görüşdə Tatarıstan və  Azərbaycan kinematoqrafçılarının birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

M.Aytuqanova bildirib ki, Kazan Beynəlxalq Film Festivalında iştirak edən Azərbaycan filmlərinə əsasən kinematoqrafınızda son dövrlər baş tutan uğurları sezməmək olmaz. Bu səbəbdən birgə əməkdaşlıq formatlarını düşünmək lazımdır.

Qeyd edək ki, Tatarıstan artıq Özbəkistan və  Qazaxıstan kinematoqrafçıları ilə  birgə filmlərin istehsalı üçün ilk addımlar atılıb, filmlər  artıq istehsal mərhələsindədir.

Görüşdə Azərbaycan kinosunun güclü potensialı diqqətə çəkilib və “Tatarkino” olaraq birgə  filmlərin istehsalına hazır olduqlarını bildiriblər.

aki.az