Azərbaycanda kino meydançalarında nə baş verir?

Pandemiya səbəbindən boş qalan kino meydançalarında son günlər bir canlanma müşahidə olunmağa başladı. Nəticə etibarilə də kinematoqrafçılarımız çəkiliş meydançalarına üz tutdular.

Öncə “Mozalan” studiyasına diqqət edək. Studiyada keçmiş idmançı, olimpia mükafatçısının həyatından bəhs olunan “Olimpia” adlı film çəkilir.

Kulis.az-ın məlumatına görə, melodram janrında lentə alınan “Olimpia” adlı film Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilir. Bu ilin sonlarında təhvil verilməsi planlaşdırılan filmin çəkilişləri Balakən və Zaqatala rayonlarında həyata keçiriləcək.

Filmin ssenari müəllifi Rüstəm Babazadə, quruluşçu rejissoru Əli Səttar Quliyevdir. Baş rolda Xalq artisti Qurban İsmayılov, rollarda əməkdar artist Rasim Cəfərov, aktyor Azər Aydəmir, Günel Məmmədova və b. iştirak edirlər.

Haqqında bəhs edəcəyimiz digər film İctimai Televiziyanın dəstəyi ilə həyata keçirilir. Bu çəkiliş meydançasında gərgin əməklə yanaşı, böyük həyəcan, məsuliyyət hissi də diqqəti çəkir. Çünki bu filmdə görkəmli yazıçı, ictimai xadim Cəlil Məmmədquluzadənin yaradıcılığına müraciət olunub.

Yazıçının eyniadlı dram əsərinin motivləri əsasında “Anamın kitabı” adlı 12 seriyalı filmin çəkilişlərinə start verilib.

Bu barədə filmin rejissoru Xəyyam Abdullazadə məlumat verərək bildirib ki, İctimai Televiziya ilə birgə bir neçə layihə həyata keçirilib ki, onlardan biri də böyük dramaturq Cəfər Cabbarlının 120 illiyi ilə bağlı reallaşdırılan “Solğun çiçəklər” filmi idi və film Mədəniyyət Nazirliyi və İTV-nin dəstəyi ilə 8 seriyadan ibarət layihə kimi təqdim olundu: “ Bu il isə “Anamın kitabı” əsərinin ekranlaşdırılması ideyası yarandı və İTV-nin rəhbərliyi bu ideyanı dəstəklədi”.

Azərtac xəbər verir ki, faciə-dram janrında olan filmin çəkilişləri avqust ayının 1-də başlanıb və sentyabrın sonunadək davam edəcək. Bu filmin çəkilişləri isə Astara və Lənkəran rayonlarında aparılır.

Ekran əsərinin ssenari müəllifləri Xəyyam Abdullazadə, Naiq Babayev, Nurlan Həsənli, Zaur Rzayev, quruluşçu rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, bəstəkarı Araz Hümbətov, səs rejissoru Orxan Ağalarov, montajçı Elçin Elxanlı, qrim üzrə rəssam Adilə Fərruxovadır.

Ekran əsərinin baş prodüseri Balakişi Qasımov, prodüserləri Yalçın Verdiyev və Elməddin Alıyevdir.

Rollarda iştirak edirlər: Əməkdar artistlər Almaz Amanova, Loğman Kərimov, aktyorlar Murad Məmmədov, Asiman Ağa Rövşən, Ziya Ağa, Esmiralda Abdullayeva, İoanna Frenşdant, Sabirə Abdullayeva, Anar Mikayılov, Elxan Quliyev, Namis Şirməmmədov, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Səyyad Əli və Emin Nəsirli çəkilir.

Filmin payızın sonlarında tamaşaçılara təqdim olunacağı gözlənilir. Bu hələ başlanğıcdır, mövzu çoxdur, ssenarilərin hazırlıq proseslərinə start verilib. İnanırıq ki, rejissorlarımız mütəmadi olaraq maraqlı ekran əsərlərilə tamaşaçıların görüşünə gələ biləcəklər.

aki.az