“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayişinə start verilib
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Əbülfəz Qarayev televiziya kanallarına müraciət edib.
Müraciətdə bildirilir ki, koranavirus təhlükəsinin ölkəmizdə daha geniş yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən tətbiq edilən sosial izolyasiya və karantin tədbirləri ilə yanaşı, insanların evdə qalmasını və ictimai ünsiyyətin minimuma endirilməsini təşviq edən müxtəlif mədəni təşəbbüs və layihələr də həyata keçirilməkdədir.(report.az)
Xatırladaq ki, nazir martın 23-də olan müraciətində də bu istiqamətdə reallaşan və nəzərdə tutulan addımlar barədə geniş söz açmışdı.
Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə artıq martın 27-dən etibarən bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayişinə şərait yaradılıb.
Yeri gəlmişkən, kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənir. Bu da o deməkdir ki, telekanallara imkan yaradılıb ki, milli filmlərimiz sərbəst şəkildə nümayiş etdirilsin. Artıq televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq filmləri yayımlama imkanı qazana bilərlər.
Ə.Qarayev onu da qeyd edib ki, mədəniyyətimiz hər zaman bizim ruh qaynağımız olub: “Bu günlər hər nə qədər çox zamanı evimizdə, ailəmizlə birlikdə keçirsək – özümüzü, yaxınlarımızı və bütövlükdə xalqımızı bəladan daha çox qorumuş olarıq. Mədəniyyətimizin zəngin qolu olan Azərbaycan kinosunun müxtəlif janr və mövzularda çəkilmiş dəyərli nümunələri, hər zaman sevərək izlədiyimiz ekran əsərləri indi hər gün televiziya kanallarında evlərimizə qonaq gələcək. Sağlıqlı sabahımız naminə evdə qalaq, mədəni irsimizlə, incəsənətimizlə bir daha yaxından təmasda olaq”.
Azərbaycan Kinematoqrafaçılar İttifaqı