Azərbaycanın görkəmli teatr və kino aktyoru Mustafa Mərdanovun dünyaya göz açdığı gündür
Fevralın 28-i görkəmli aktyor, xalq artisti Mustafa Mərdanovun doğum günüdür.
Azərbaycanın kino və teatr səhnəsində bir-birindən maraqlı obrazlar yaratmış M.Mərdanov 28 fevral 1894-cü ildə Tiflisdə doğulub. Kiçik yaşlarından teatra böyük maraq göstərən aktyor 1910-cu ildən dram dərnəklərində çıxış edib. Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alan aktyor sənətin incəlıiklərini öyrəndikdən sonra Bakıya gəlir, ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışır. O, teatr səhnəsinə gəlişi ilə milli aktyorluq sənətini zənginləşdirib, ona yeni rənglər, çalarlar gətirib.
Teatr tarixinə nəzər salarkən şahid oluruq ki, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov kimi böyük sənətkarlarla eyni yaradıcı mühitdə işləməsi Mustafa Mərdanovun bir aktyor kimi püxtələşməsində böyük rol oynayıb. Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar arasında N.Qoqolun “Müfəttiş”ində yaratdığı Xlestakov, C.Cabbarlının “Sevil”ində İmamverdi, U.Şekspirin “Hamlet”ində Poloni, İ.Əfəndiyevin “Atayevlər ailəsi”ndə Sadıq Sadıqov və digər rolları maraqla qarşılanmış, ələlxüsus aktyorun Xlestakov obrazını tənqidçilər çox yüksək qiymətləndirmişlər.
Onu da qeyd edək ki, görkəmli aktyor hələ teatrda işlədiyi vaxtlarda tez-tez filmlərdə çəkilmək dəvəti alıb. “Bismillah” filmində Muzdur Qulu obrazı onun kinoda ilk rolu idi. Abbas Mirzə Şərifzadənin ilk rejissor işi olan bu film 1925-ci ildə ekranlara çıxıb. Bir il sonra isə ekranlara Aleksandr Litvinovun “Müxtəlif sahillərdə” filmi çıxıb. Aktyor bu filmdə Abbas rolunda çəkilib. Onun kinoda ilk böyük rolu isə “Hacı Qara” filmindəki Kərəməli olub. Sonralar aktyor “Sevil” filmində Atakişi, “Lətif” filmində Ələsgər, “İyirmi altı komissar”da menşevik rolunu böyük məharətlə oynayıb.
M.Mərdanovun qardaşı, kinorejissor Səməd Mərdanovun “Kəndlilər” filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu – kəndli Təhməz və menşevik obrazlarını yüksək sənətkarlıqla yaradıb. Aktyorun “O olmasın, bu olsun” filmindəki “intelligent” Həsən bəy obrazı isə onun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarıb. “Əhməd haradadır” filmində oynadığı Məmməd kişi, “Qanun naminə”də Murtuzov rolları da səhnə ustasını daha da şöhrətləndirib.
Xatırladaq ki, 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki rolu aktyorun kinoda son işi olub. Həmin il dekabrın 12-də böyük aktyor dünyasını dəyişib.
M.Mərdanovun teatrla yanaşı, aktov kino fəaliyyəti ilə də məşğul olmuşdur. Aktyorun kinoda ifa etdiyi ilk rol A.M.Şərifzadənin kinoda ilk işi olan 1925-ci ildə çəkilmiş Bismillah” filmində Muzdur Qulu rolu olub. Növbəti ildə isə aktyor Aleksandr Litanovun “Müxtəlif sahillərdə” (“Əlbəyaxa”) filmində Abbas roluna çəkilib. M.Mərdanovun kino fəaliyyətində dönüş nöqtəsi onun ifa etdiyi Kərəməli rolu hesab olunur. A.M.Şərifzadənin çəkdiyi “Hacı Qara” (1929) filmində ifa etdiyi bu rol tamaşaçılar və mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb və aktyor ard-arda filmlərə dəvət almağa başlayıb.
Daha sonra “Sevil”də Atakişi, “İyirmi altı komissar”da Menşevik, “Kəndlilər”də Təhməz, “Yeni horizont”da Trest müdiri, “Səbuhi”də Akademiya rəisi, “Görüş”də Kolxozçu, “Qara daşlar”da Dəmirov, “O olmasın, bu olsun”da Həsən bəy, “Əhməd haradadır”da Məhəmməd kişi, “Qanun naminə” filmində Murtuzov rollarını ifa edib. Aktiv teatr və kino fəaliyyəti ilə yanaşı M.Mərdanov həm də iki kitabın müəllifidir. 1959-cu ildə nəşr olunan “50 il Azərbaycan səhnəsində xatirələrim” və ölümündən sonra – 1973-cü ildə işıq üzü görən “Mənim müasirlərim” xatirə kitabları dövrün teatr prosesini əks etdirən dəyərli kitablardır.
M.Mərdanov aktyor istedadı ilə yanaşı həm də çox güclü təşkilatçılıq qabiliyyətinə malik olmuş, xarici qastrolların təşkilində yaxından iştirak etmiş, teatr sənətinin təbliğatında böyük rol oynayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı