Azərbaycanın ilk qorxu filmi “Xənnas” Türkiyə kinoteatrlarında
Rejissor Elvin Abdullanın 2017-ci ildə çəkdiyi tammetrajlı bədii, qorxu janrlı filmi “Xənnas” ölkə hüdudlarından kənarda prokata çıxarılır.
Bu barədə rejissor Elvin Abdulla özünün “Facebook” hesabında məlumat verib: “Nəhayət düz 6 ildən sonra “Xənnas”ı geniş auditoriya qarşısına çıxarmağa nail olduq. Türkiyənin ən böyük distribütor şirkəti olan “Mars Dağıtım”la razılaşdıq və filmi bütün Türkiyədə prokata çıxarırıq. Bu bizim üçün qürurdur!”, – deyən rejissor bildirib ki, AR Mədəniyyət Nazirliyinin öz gücünə beynəlxalq arenalara əsərlərini çıxaran kino mütəxəssisinin potensialını düzgün dəyərləndirəcəyinə, dövlət dəstəyi olduğu təqdirdə Azərbaycan kinosunu dünyanın ən yüksək zirvələrinə qədər qaldıracağına inanır. Rejissor, Mədəniyyət Nazirliyinin, öz hesabına Azərbaycan kinosu üçün işlər görmüş, xaricdə təhsil almış, beynəlxalq təcrübəyə malik, istedadlı mütəxəssisləri öz ətrafına toplayacağına ümidli olduğunu da vurğulayıb.
“Xənnas” bədii filmi iyulun 14-dən Türkiyənin bütün kinoteatrlarında prokata çıxacaq. Xatırladaq ki, sözügedən film Azərbaycan kinosunda qorxu janrına aid olan ilk ekran nümunəsidir.
aki.az