Azərbaycanlı kaskadyorlar özbək filmində

Azərbaycan Kaskadyorlar Assosiyasının sədri, Azərbaycan Kinematoqrafçlar ittifaqının üzvü, Əməkdar mədəniyyət işçisi Əli Məmmədov Özbəkistanın istehsal etdiyi “Üç qəhrəman” adlı tammetrajlı bədii filmə dəvət olunub.

Aki.az-a bu barədə məlumat verən Ə.Məmmədov bildirib ki, Özbəkistanda dövlət sifarişilə çəkilən “Üç qəhrəman” filmi “Spectre” kinostudiyasında istehsal olunur: “Kaskadyor qrupumuzla birgə Özbəkistanda filmin çəkilişlərindəyik. Filmdə Qazaxıstanın peşəkar kaskadyor qrupu ilə birgə çalışırıq, burada Azərbaycanı təmsil edirik. Filmin böyük səhnələri daxil olmaqla, bir çox səhnələrində Qazaxıstanın peşəkar kaskadyorları iştirak edir. Hələlik hazırlıq mərhələsindəyik. Bir neç gün sonra çəkilişlərə start veriləcək”.

Filmin süjeti üç qəhrəman üzərində qurulub, onlardan ikisi polis işçisidir. Şəhərdə cinayət dəstəsi yeni bir hadisə törətməyi planlaşdırır. Böyük bir yük maşınına bütün qurğular qurulub və həmin maşın şəhərdə sürətlə hərəkət edir. Polislər həmin plandan xəbərdardır və partlayışın baş verməməsi üçün yük maşınını şəhərdən uzaqlaşdırmaq istəyirlər.

Ə.Məmmədov onu da qeyd edir ki, məhz həmin səhnələrdə maşınların sürətli yol qət etməsi, polis postunu dağıtması, yük maşınının polis maşınına çırpılması və s. məqamları bizim qrup film üçün qurur.

Filmdəki döyüş və atışma səhnələrinə isə Qazaxıstan kaskadyorları çəkilir. “Üç qəhrəman” bədii filminin avtomobil tryuklarının quruluşçusu və icraçısı Əli Məmmədovdur. Digər kaskadyorlar isə Əhməd Cəfərov, Fərid İbrahimov, Ağababa Fətullayev və Vuqar Xudaverdiyevdir

aki.az