Vyetnamda keçirilən “Qızıl Çərpələng” festivalında Azərbaycanı təmsil edən heyət üzvləri – Əməkdar artist Gülzar Qurbanova və Əməkdar artist, aktyor Cavanşir Hadıyev, Azərbaycanın Vyetnamdakı səfiri, cənab Şövqi Mehdizadə səfərlərini uğurla başa vurublar.
2024-cü il “Qızıl Çərpələng” Mükafatlarında 18 bədii film, 18 teleserial, 41 sənədli film, 18 elmi film, 14 cizgi filmi, 50 qısametrajlı film və dörd nəzəri və tənqidi əsər daxil olmaqla 163 kino işi qiymətləndirilib. Vyetnamın ən məşhur kino tədbiri hesab edilən bu mükafatlandırma mərasimi ərzində Azərbaycan və Vyetnam arasında mədəni körpü yaratmaq üçün müzakirə olunan mövzular arasında əsas məsələ, Azərbaycan Kino günlərinin Vyetnamda və Vyetnam kino günlərinin Azərbaycanda keçirilməsi təşkil edib.
Cavanşir Hadıyevin şəxsən müzakirəyə gətirdiyi məsələ, ortaq mövzu əsasında Vyetnam və Azərbaycanın birgə istehsalı ilə kinonun çəkilməsi onlarda da maraq doğurub. C.Hadıyevin fikrincə: “Nəzərə alsaq ki, Sovet dövründə minlərlə Azərbaycanlı mütəxəssisin Vyetnamda çalışıb yaşayıb, Vyetnamla Azərbaycanın qarşılıqlı əlaqələri olub ortaq bir film hər 2 ölkə tamaşaçısına maraqlı olar”.
Qeyd etmək lazımdır ki, Vyetnam kinosunda azərbaycanlı Əjdər ibrahimovun əvəzsiz rolu olmuşdur. Bu nöqteyi-nəzərdən Azərbaycan heyəti festival ərzində Əjdər İbrahimovun qocaman 87 yaşlı vyetnamlı tələbəsi, əməkdar artist Fam Tan Tuy ilə də tanış ola biliblər.
Festival, yerli və xarici daxil olmaqla, mindən çox qonağa ev sahibliyi edib. Vyetnamın ən məşhur kino və incəsənət nümayəndələri proqramın bir parçası olublar.
Mükafatlandırma mərasimi ştatın vitse-prezidenti Vo Ti An Xuanın iştirakı ilə sentyabrın 10-da axşam saatlarında mərkəzi sahil əyalətinin Han Hoa əyalətinin Na Tranq şəhərində baş tutub.
Azərbaycan heyəti səfər ərzində ÜDKİ (VQİK) məzunu, Vyetnam Kino Assosiasiyasının prezidenti şəxsən cənab Hun Tu, onun müavini cənab Tan tərəfindən qarşılanıb. Sonda bütün qonaqların şərəfinə şam yeməyi təşkil edilib.
Qeyd edək ki, kino heyətinin Vyetnama səfəri Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycanın Vyetnamdakı səfirliyinin birgə əməkdaşlığı nəticəsində təşkil olunub.