Azərbaycanlı rejissorun filmi Daşkənddə qalib olub

Əlişir Nəvai adına Kino Evində keçirilən “İpək yolunun mirvarisi” XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində “Kino 5 gündə” müsabiqəsinin nəticələri elan edilib. Xalqlar arasında dostluq və qardaşlığın möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın və mədəni əlaqələrin genişləndirilməsi, gənc kinorejissorların üzə çıxarılması və dəstəklənməsi, onlara şərait yaradılması və bu sahədə bacarıqlarının artırılması üçün İpək Yolu ölkələrindən və dünyanın aparıcı kino məktəblərindən tələbələri cəlb etmək məqsədilə yaradılmışdır.

Müsabiqəyə 10-a yaxın film qəbul olunub. Qaliblərin mükafatlandırılması mərasimində Kinematoqrafiya Agentliyinin direktoru Firdavs Abduxalikov çıxış edib: “Bu müsabiqə müxtəlif ölkələrdən gənc rejissorları bir araya gətirdi. Bu təkcə kino müsabiqəsi deyil, həm də xalqlar arasında dostluq anlayışını təcəssüm etdirən festivaldır. Kinofestivalın əsas məqsədi yeni nəsilə öz potensialını göstərmək və özünü ifadə etmək imkanı verməkdir!” – deyə bildirib.

“Ən yaxşı milli qısametrajlı film” nominasiyasında Dilşod Usmonovun “Uzum” filmi mükafata layiq görülüb. Bu nominasiyada iştiraka görə “Mənim Özbəkistanım” filmi ilə Xilola Abdurəsulova və “Omonat” filminə görə Nuriyyə Səfərova da mükafatlandırılıblar. Xarici iştirakçılar üçün “Kino 5 gün” müsabiqəsinin xüsusi nominasiyasında 3-cü yer – Yakov Podkustov “Rişta” (Rusiya), 2-ci yer – “Arzular şəhəri” filminə görə Edisa Toktorova (Qırğızıstan), 1-ci yer – “Yüz addım” filminə görə Şirin Əhmədov (Azərbaycan). Qaliblərə pul mükafatları və qiymətli hədiyyələr təqdim olunub.

aki.az