“Bəxtiyar” filmi /Lətif Səfərovun 100 illiyi/ rubrikasında

30 sentyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının yaradıcısı, görkəmli rejissor Lətif Səfərovun doğulduğu gündür, 100 yaşı tamam olur…

/Lətif Səfərovun 100 illiyi/ rubrikasında, rejissorun quruluş verdiyi filmlər haqqında məqalələr silsiləsinə davam edirik. Bu dəfə tamaşaçıların ən çox sevdiyi “Bəxtiyar” filminin yaranma tarixinə səyahət edəcəyik, filmin çəkilişindən 65 il keçir…

1955-ci ildə Bakı kinostudiyası “Bəxtiyar” filmini istehsalata buraxdı. Boris Laskinlə, Hikolay Roykovun ssenarisi əsasında çəkilən filmə Lətif Səfərov quruluş verir. Musiqili-komediya yanrında çəkilən filmdə bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs olunur.

“BƏXTİYAR” FİLMİNİN SSENARİSİ RƏŞİD BEHBUDOVUN HƏYATYI ƏSASINDA QƏLƏMƏ ALINIB

Dünya şöhrətli müğənni Rəşid Behbudovu Azərbaycan kinosu üçün kəşf edən rejissor Rza Təhmasib olub. 1945-ci idə çəkilən “Arşın mal alan” filmində Rəşid Behbudov sadəcə müğənni kimi deyil, eyni zamanda aktyor kimi də ifası yüksək qəbul edilmişdi ki, nəticədə də onun kino fəaliyyətinə start verilmişdir. Bu baxımdan da R.Behbudovun Azərbaycanın milli kinematoqrafiyasının inkişafındakı xidmətləri təkcə “Arşın mal alan” kinokomedyası ilə bitmir. O, bundan sonra “Əmək və sülh mahnıları”(1952), “Doğma xalqımıza(1954) musiqili-sənədli filmlərində, “Bəxtiyar”(1955) bədii filmində, “Bizim Azərbaycan”(1959), “Əbədi qardaşıq”(1965) sənədli filmlərində, “Toyda görüş”(1969), “Abşeron ritmləri”(1970) film-konsertlərində və s. sənədli filmlərdə və kinoyurnallarda, eyni zamanda “1001-ci qastrol(1974) filmində çəkilmişdir.Ancaq bu filmlərə çəkildiyi vaxtlar müğənni kimi qəbul olunsa da, aktyor kimi qəbul olunmurmuş.

“Arşın mal alan” filminin çəkilişindən 10 il ötdükdən sonra Rəşid Behbudovu kinoya-tammetraylı filmə dəvət edən ikinci cəsarətli kinoreyissor Lətif Səfərov olur. Əslində Rza Təhmasibin Rəşid Behbudovun həyatında oynadığı rolu bir növ Lətif Səfərov davam etdirib.

Onu da qeyd edək ki, “Bəxtiyar” filminin ssenarisi yazılan zaman filmin qəhrəmanı, neftçi-müğənni Bəxtiyar Muradovun həyatı elə Rəşid Behbudovun həyatı əsasında qələmə alınıb. Bu da o deməkdir ki, filmin ssenarisi Rəşid Behbudovun həyat və yaradıcılığı üzərində qurulub. Buna baxmayaraq bu filmdə də müğənninin Bəxtiyar roluna çəkilməsinə etiraz edənlər çoxluq təşkil edib. Qəribəsi ondadır ki, mane olan qüvvələr konkret olaraq hər hansı bir səbəb göstərməyiblər. Sadəcə olaraq çəkiliş prosesinə lazım olan ən kiçik əşyadan tutmuş, pavilyon üçün istifadə olunan materiallar və s. ləng vəziyyətdə ortaya çıxarılır və əlbəttə ki, ortaya çıxarılan material da keyfiyyətsiz formada yaradıcı heyətə təqdim olunurdu. Təbii ki, bu da yaradıcı heyətə mənfi təsir göstərməyə bilməzdi.

Filmin yaradıcı heyətində Lətif Səfərova dəstək verən şəxslərin-xüsusilə mahnıların mətninin bir qismini yazan Rəsul Rzanın və filmin bəstəkarı Tofiq Quliyevin fəallığı sayəsində reyissor istənilən nəticəni əldə edə bilib.

“ƏN XOŞBƏXT GÜN”, “SEVİMLİ MAHNI”, “MAHNI İLƏ ELDƏN ELƏ” ADLARI “BƏXTİYAR” ADI İLƏ ƏVƏZ EDİLDİ

Rəşid Behbudovun arxivində kinoreyissor M.Əlilinin müğənniyə göndərdiyi bir teleqram saxlanılır. Öncə teleqramı nəzərinizə çatdırmaq istərdik:

“Stalin mükafatı laureatı, xalq artisti Behbudov Rəşidə. Ad günü münasibətilə bizim Rəşidi…Əsgəri, Kamalı, Sərvəri ürəkdən təbrik edirik. Can sağlığı, uzun məhsuldar həyat, həmçinin yaradıcılıq uğurları arzulayırıq.Öpürəm.Əlili”.

Teleqramın arxasındakı möhürdə “14.12.1954” tarixi göstərilib.

Xatırladaq ki, SSRİ Dövlət mükafatı öncə Stalin mükafatı adlanırdı. Stalin vəfat edəndən sonra mükafatın adı dəyişdirildi.

M.Əlilinin teleqramda adlarını çəkdiyi qəhrəmanlardan biri olan Kamal “Bəxtiyar” filminin qəhrəmanı Bəxtiyarın əvvəlki adıdır. Yəni, rejissor ssenarisində filmin adı “Ən xoşbəxt gün” idi. Baş qəhrəmanın adı isə Kamal yazılmışdı. Çəkiliş prosesində filmin və qəhrəmanın adı yenidən dəyişdirilir. Bu dəfə filmin adı “Sevimli mahnı”, qəhrəmanın adı isə Əsgər olaraq seçilir. Sonrakı proseslərdə “Mahnı ilə eldən-elə” adının üzərində dayanılır. Hazır materialda isə yenidən yaradıcı heyət bir araya gələrək fikir mübadiləsi apararaq Azərbaycan variantında filmi “Bəxtiyar”, rus variantında isə “Sevimli mahnı” adlandırırlar. Baş qəhrəmana isə Bəxtiyar adı verilir.

RUS-AZƏRBAYCAN DOSTLUĞU VƏ YA BÜTÜN XALQLAR EYNİ HÜQUQA MALİK OLMALIDIR

Filmin ekran variantının yaradılma ideyası hələ 1953-ci ildə meydana çıxıb. Məhz 1953-cü ildə filmin ssenarisi kinostudiyanın rəhbərliyinə təqdim olunub. Həmin illərdə kinostudiyanın direktoru Zəki Səfərov(1953-1959) olub. Filmin ədəbi ssenarisini yazan müəlliflər süjet xəttində rusla-azərbaycanlı dostluğunu geniş formada təqdim etmək fikrinə düşüblər.

Yeri gəlmişkən, çox vaxt irad tuturlar ki, guya rus ssenaristləri filmdə qəsdən rus aktyorlarının timsalında rusları azərbaycanlılardan daha ağıllı, daha tədbirli göstəriblər. Bu iradla razılaşmaq çətindir. Çünki ədəbi ssenaridən fərqli olaraq filmin rejissor ssenarinisi yazan və onu ekran variantına çevirən Lətif Səfərov kimi vətənini, torpağını sevən bir azərbaycanlı kinorejissoru olub. Və şəxsən Lətif Səfərovun təşəbbüsü ilə filmdə rus və azərbaycanlı dostluğu qabardılıb. Ancaq Lətif Səfərovun ən böyük arzularında biri də o olub ki, ruslar, eləcə də digər xalqlar kimi azərbaycanlılar da bütün qayğılardan azad olsunlar, rahat həyat şəratinə malik olsun, yüksək texnika ilə təchiz olunsunlar və s.

Azərbaycanda ilk dəfə olaraq Kinematoqrafçılar İttifaqını yaradan rejissor daima bu haqqı Moskvadan tələb edib. Əgər nəzərə alsaq ki, filmin ideyası 1953-cü ildə meydana çıxıb, onda filmin adı ilə bağlı iki il ərzində bir çox dəyişikliklər ola bilərdi. İlk olaraq seçilən “Ən xoşbəxt gün” adının filmdəki hadisələrlə heç bir əlaqəsi olmadığı üçün onun üstündən xətt çəkilir. Çünki “Ən xoşbəxt gün” adını filmdəki hər hansı bir epizodla əlaqələndirmək çətin idi. Hazırlıq prosesində “Sevimli mahnı” adı üzərində dayanılır. Ancaq bu adın da film üçün elə bir əhəmiyyəti olmazdı. Çünki film üçün seçilən mahnıların hər biri Tofiq Quliyevin yazdığı ən gözəl sənət nümunələri idi ki, onların da hər biri məxsusi olaraq film üçün yazılmışdı. “Mahnı ilə eldən-elə” adı isə diqqəti filmin süyet xəttindən bir qədər uzaqlaşdırırdı. Əslində burda söhbət heç də qəhrəmanın qastrol səfərlərinə getdiyi məkanlardan deyil, əksinə konkret olaraq öz vətənində üzləşdiyi məqamlardan gedirdi. Sonda Bəxtiyar adı qəhrəmana verilir və film də məhz bu adla təsdiq olunur. Bu ad filmi tam olaraq əhatə edirdi, çünki söhbət qəhrəmanın həyat və fəaliyyətindən gedirdi ki, bu da süyet xəttinin inkişafında böyük əhəmiyyət kəsb edirdi.

“BƏXTİYAR” FİLMİ LƏTİF SƏFƏROVUN KİNODA İLK BÖYÜK MÜSTƏQİL İŞİDİR

Lətif Səfərov Moskva Ymumittifaq Kinematoqrafiya İnstitutuna daxil olana kimi “Azərfilm” kinostudiyasında “Ordenli Azərbaycan”(1938) sənədli filmində reyissor köməkçisi, “Kəndlilər” bədii filmində reyissor köməkçisi, “Yeni horizont” bədii filmində və “İyirminci bahar” sənədli filmində reyissor assisteti işləmiş, Səməd Mərdanov, Ağarza Quliyev, Rza Təhmasib, M.Mikayılov kimi sənətkarların zəngin təcrübəsindən bəhrələnib. Hətta bu təcrübədən bəhrələndiyi zaman Gəncə Redaqoyi məktəbinin qiyabi şöbəsini fərqlənmə dirlomu ilə bitirir. Moskvda təhsilini bitirdikdən sonra bir neçə il tam metraylı bədii film çəkmək arzusunu reallaşdıra bilməyən rejissor ruhdan düşməyərək sənədli filmlər çəkilişini davam etdirir. Ymumiyyətlə isə 50-ci illərdə kinostudiyada bir növ film qıtlığı yaranmışdı. Həhayət ki, bir neçə illik fasilədən sonra Bakı kinostudiyasında “Doğma xalqımıza”, bədii-sənədli, “Bəxtiyar” və “Görüş” bədii filmlərinin çəkilişinə start götürülür. “Bəxtiyar” bədii filmi Lətif Səfərovun ilk böyük müstəqil işidir. Ən qəribəsi odur ki, Lətif Səfərov bu filmi çəkməyə hazırlaşdığı zaman ona hələ bədii filmlər rejissoru adı verilməmişdi. Bu barədə bir qədər sonra…

Azərbaycan Mədəniyyət Hazirinin müavini 1954-cü ildə SSRİ Mədəniyyət Nazirliyinin Baş Kinematoqrafiya İdarəsinə göndərdiyi məktubunda xahiş edib ki, Lətif Səfərova rejissor adı verilsin.Məktubda deyilirdi:

“Lətif Səfərov yoldaş 1950-ci ildə institutu qurtararkən ona bədii filmlər üzrə I dərəcəli rejissor assistenti ixtisası verilmişdir. Halbuki instituta daxil olarkən onun bədii filmlər üzrə II dərəcəli rejissor assistenti ixtisası var idi…Bakı kinostudiyasının attestasiya komissiyasının müvafiq qərarı ilə hələ 1951-ci ildə rejissor adını almaq üçün sənədlər təqdim edilmiş, lakin məsələ bu günə kimi həll edilməmişdir”.

Bu məsələ öz həllini tarmamış Lətif Səfərovun qarşısına başqa bir çətinlik çıxır. Bütün çətinliklərə baxmayaraq ilk dəfə olaraq sərbəst şəkildə çəkəcəyi “Bəxtiyar” filminin çəkilişlərinə hazırlaşan rejissor yaradıcı heyəti müəyyənləşdirən zaman əvvəlcədən kimlərlə işləyəcəyini bilirdi. Təəssüf ki, bütün yaradıcı heyətə eyni vaxtda təzyiq göstərilib.

YAZIÇI NİKOLAY ROYKOVUN AZƏRBAYCAN MƏDƏNİYYƏT NAZİRLİYİNƏ GÖNDƏRDİYİ MƏKTUBDA

Filmin hazırlıq prosesindən tutmuş, çəkiliş prosesinə qədər yaradıcı heyətin üzvlərinə hədə-qorxu gəlirdilər ki, min bir əziyyətlə başladıqları işi yarımçıq qoysunlar. Yaradıcı heyətin onlara əhəmiyyət vermədiyini görən təzyiq iştirakçıları müxtəlif üsullara əl ataraq onları bu işdən çəkindirməyə cəhd etsələr də hər dəfə əməlləri boşa çıxırdı. İş o yerə çatır ki, təzyiq göstərən qrup sınaq çəkilişləri üçün lazım epizodların dekorasiyalaranı gecikdirməyə, ümumiyyətlə isə keyfiyyətsiz dekorasiyalar yaratmağa can atırlar. Bu barədə filmin ssenari müəlliflərindən biri olmuş yazıçı Hikolay Roykovun Azərbaycan Mədəniyyət Hazirliyinə göndərdiyi məktubda geniş formada bəhs olunub. Məktubda deyilir: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya İnstitutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Hərimanbəyov, II rejissorlar Ə.İbrahimov, T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Qrurun üzvlərini qorxudur, filmin müvəffəqiyyətsizliyə uğrayacağını qabaqcadan xəbər verirdilər. Bəzən qrupun əməyini açıq-açığına heçə endirirdilər. Aktyorlar üçün nəzərdə tutulmuş sınaq çəkilişləri üçün lazım olan Əsgərin(Bəxtiyar nəzərdə tutulur) otağının adi dekorasiyası 28 günə tikilmişdir. Qrupdan olan yoldaşlar müdiriyyəti xəbərdar etmişdilər ki, dekorasiya pis və qeyri-peşəkarlıqla tikilir. Lakin heç kim xəbərdarlıqlara əhəmiyyət vermədiyi üçün nəticədə yaramaz bir qurğu hazırlanmışdır. Onun döşəməsi tərpəndiyinə görə üstünə kinokameranı qoymaq belə mümkün deyil…Əgər siz rejissor Lətif Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz “Mahnı ilə eldən-elə”(film üçün seçilən adlardan biri) kinofilmi olmayacaqdır. 18 iyun 1954-cü il”.

Bu məktubdan belə nəticəyə gəlmək olar ki, əslində filmin çəkilişinə mane olan qüvvələrin can-fəşanlığı olmasaydı, o zaman “Bəxtiyar” filmi tarixdə göstərilən ildən də tez tamaşaçıların ixtiyarına veriləcəkdir.

SINAQ ÇƏKİLİŞLƏRİ VƏ YAXUD AKTYOR SEÇİMİNDƏ ƏSAS GÖTÜRÜLƏN ÜSTÜNLÜKLƏR

Hər bir rejissor quruluş verdiyi filmdə əsas rollara sənətinə, yaradıcılığına bələd olduğu aktyorları çəkir. Lətif Səfərov da yaradıcı fəaliyyəti boyunca çəkdiyi üç filmin – (“Bəxtiyar”(1955), “Qızmar günəş altında”(1957), “Leyli və Məcnun”(1961), aktyor seçimi zamanı üstünlüyü peşəkarlığa, sənətkarlığa vermişdi.

“Bəxtiyar” filminin sınaq çəkilişləri dövrün qayda-qanunlarına uyğun formada keçirilib. Ssenariyə əsasən filmdə olan rus obrazlarına kənar studiyaların aktyorları cəlb olunub. Daha çox “Mosfilm”in aktyorlarının ifası əsas götürülüb. Əsas də Saşanın ailəsi-atası, bibisi, eyni zamanda Bəxtiyarın neftçi dostlarından biri “Mosfilm”dən dəvət olunub. Bəxtiyar Muradov obrazına Rəşid Behbudovun çəkilməsində isə yuxarıda qeyd etdiyimiz kimi Lətif Səfərov qərarlı olub. Filmdə ən maraqlı epizodlardan biri də Ağabalanın öz qohum-əqrabası ilə birgə çəkildiyi səhnədir. Zənnimcə, həmin səhnədə Ağabala obrazını yaradan Ağasadıq Gəraybəylinin ifasını geniş şərh etməyə ehtiyac yoxdur. Yalnız bir məqamın oxucu üçün də maraqlı olduğunu nəzərə alaraq məlumat vermək istərdik ki, Ağasadıq Gəraybəyli Lətif Səfərovun ən sevimli aktyorlarından biri olub. Təsadüfi deyil ki, Lətif Səfərov yaradıcı fəaliyyəti boyunca quruluş verdiyi üç filmdə Ağasadıq Gəraybəylini ikinci dərəcəli, lakin yaddaqalan obrazlara çəkmişdir. “Bəxtiyar” filmində Ağabala, “Qızmar günəş altında” kolxoz sədri, “Leyli və Məcnun”da İbn Xalid obrazlarını yaradan aktyorun Azərbaycan kinosunda ən böyük işi elə adları çəkilən filmlərdəki rollarıdır. Bəlkə də Lətif Səfərovun kinoreyissor fəaliyyətinə mane olmasaydılar, o zaman onun Ağasadıq Gəraybəyli ilə əməkdaşlığı davam edəcəkdi.

“BƏXTİYAR” MUSİQİLİ FİLMİNİN UĞURLU NÜMAYİŞİ HAQQINDA QƏZETLƏR YAZIRDI…

Bütün maneələrə, təzyiqlərə baxmayaraq “Bəxtiyar” musiqili filminin çəkilişi tamamlanır və Sovet İttifaqının ekranlarında uğurla nümayiş etdirilir.

Yazıçı H.Abbaszadə “Sevimli mahnı” məqaləsində yazır: “Əsasən ssenaridən gələn ayrı-ayrı nöqsanlarına baxmayaraq film bütövlükdə uğurludur və artıq tamaşaçıların rəğbətini qazanmışdır”.

  • “Bəxtiyar” bədii filmi ənənəvi sxem üzrə yaradılsa da, onun müasir materialda olması, tamaşaçıların çox sevdikləri süyet üzərində qurulması, filmə mahnıların bəstəkar Tofiq Quliyev tərəfindən yazılması, ən başlıcası əsas rolda güclü və təmiz səsə malik müğənninin-Rəşid Behbudovun çəkilməsi kinolentin müvəffəqiyyətini təmin etmişdir.
  • Film gənc neftçi, istedadlı müğənni Bəxtiyar Muradovun həyat və yaradıcılıq yolundan bəhs edir. Bəxtiyar obrazını yaratmış R.Behbudovun çoxcəhətli istedadı bu filmdə yeni qüvvə ilə özünü göstərmişdir. Doğrudur ki, ssenaridə baş qəhrəmanın daxili aləminin göstərilməsinə az yer ayrılsa da Rəşid Behbudov Bəxtiyarın hiss və həyəcanlarını, düşdüyü çətin anlarda keçirdiyi sarsıntıları, mənəvi aləmini bütöv və parlaq şəkildə açmağa çalışmışdır.
  • Əsasən ssenaridən irəli gələn ayrı-ayrı nöqsanlara baxmayaraq, yaradıcı qrur şən və məzmunlu musiqili film yaratmağa müvəffəq olmuşlar.

FİLMİN YARADICI HEYƏTİ: Ssenari müəllifi-Boris Laskin, Nikolay Roykov, quruluşçu rejissor-Lətif Səfərov, operator-Arif Hərimanbəyov, rəssam-Cəbrayıl Əzimov, Elbəy Rzaquliyev, bəstəkar-Tofiq Quliyev, səs operatoru-Ağahüseyn Kərimov, mahnıların mətni-Rəsul Rza, Ənvər Əlibəyli, H.Dorizo, H.Simonov, II rejissor-İsmayıl Əfəndiyev, Əydər İbrahimov, quraşdırma çəkilişlərin operatoru-Əsgər İsmayılov, rəssamı-Mirzə Rəfiyev, rejissor assistenti-Məmməd Əlili.

Rollarda iştirak edirlər: Rəşid Behbudov(Bəxtiyar), Tamara Çernova(Saşa), Faiq Mustafayev(Yusif), Ağasadıq Gəraybəyli(Ağabala), Məmmədrza Şeyxzamanov(prof.Rəcəbov), İsmayıl Əfəndiyev(İsmayılov), Konstantin Myakişev(Verxovski), Tatyana Reltser(Tatyana Alekseyevna), Lütfi Məmmədbəyov(Həbib), Müxlis Cənizadə(Kərim), İ.Qurov(Retya), Sona Hacıyeva(Zəhra), Münəvvər Kələntərli(Gülzar), Məmməd Sadıqov(Mirhəmid), Ağahüseyn Cavadov(Rza), Oqtay Əfəndiyev(Bəxtiyarın uşaqlığı), Lyuba Belıx(Saşanın uşaqlığı), Hazim Yüzbaşov(Yusifin uşaqlığı), Fateh Fətullayev, Sofa Bəsirzadə(komissiya üzvləri), Əli Qurbanov, Mərziyə Davudova, İsmayıl Osmanlı, Süleyman Ələsgərov.

Tofiq İLK