Babəkin oğlu Buğdayın ad günüdür

İncəsənət aləminə təsadüfi gələnlər olduğu kimi, böyük sevgiylə bu sahəni seçənlər də az deyil. Bəlkə də sənət eşqi güclü olanların bacarığı sayəsində incəsənətimiz hər zaman inkişaf edir. Belə fədailərdən biri də, bu gün doğulduğu günü qeyd etməyə hazırlaşan aktyor Məhəmməd Verdiyevdir…

M.Verdiyev Kəlbəcərdə anadan olub. Ailəsinin istəyi ilə öncə İqtisad Universitetinə üz tutur, sonra hüquq fakultəsində təhsil alması məsləhət görülür, sonda öz arzusu ilə İncəsənət İnstitutunun imtahanlarında iştirak edir. İmtahanı götürən böyük sənətkar Adil İsgəndərovdan “əla” qiymət alır və beləliklə də sənət dünyasına qədəm qoyur.

Azad düşünən, özünün dediyi kimi, inqilabçı ruhunda olan aktyor, zaman keçdikcə doğru addım atdığını düşünür, bəlkə peşman olduğu zamanlar da olub, ancaq sənət sevgisi hər zaman qalib gəlib.

İlk dəfə onu “Babək” filmində, qəhrəmanın oğlu Buğday rolunda gördük. Etiraf edək ki, kinosevər olaraq görkəml sənətkar Rasim Balayevin ifasında canlanan Babəki nə qədər çox bəyənsək də, Məhəmməd Verdiyevin ifasında olan Buğday gözümüzdə bir o qədər zəif iradəli görünürdü və filmdə ata ilə oğulun bir dialoqu tamamən yaddaşımıza həkk olunub…

…Son epizodlardan biri – Babək, Ərəb xilafətinin sərkərdəsi Afşin tərəfindən əsir alınıb. Afşin ata ilə oğulun görüşünü təşkil edir. Atasının görüşünə gələn Buğday günahkar bağışlarla əsir alınmış atasına baxır, atasının qəzəbli baxışları altında əzilsə də, onun sərt sözlərini eşidərək özünü günahkar hiss etsə də, gözlərindəki ata sevgisi o qədər məğlubedilməzdir ki, bunu sözlə ifadə etmək çətindir.

Babəkin oğlunu qorxaqlıqda ittiham edərək “Mənə çox şeyi irad tutmaq olardı, çünki mən tuluqda zeytun satan bir kişinin oğlu idim, ancaq sən Babəkin oğlu idin” deməsi, bəlkə də filmdə finala doğru hazırlanan ən təsirli səhnələrdən biridir. Bütün bunları Məhəmməd müəllimin ad günündə yada salmağımız heç də təsadüfi deyil. Çünki məhz “Babək” filmi, Buğday obrazı aktyorun həyatında, yaradıcılığında böyük rol oynayıb.

M.Verdiyev deyir ki, Buğday obrazı üçün onu 26 namizədin içindən seçiblər: “Məni və rəhmətlik İlham Əsgərovu. Hər ikimizin fotolarını ayrı-ayrılıqda Amaliya Pənahova və Rasim Balayevin qarşısına qoyurlar. Hər ikisi Buğday surətinə məni seçir. Buğdayın ölüm səhnəsi gecə saat 01:00-da çəkilirdi. Rasim Balayev mənə görə eyni saatda kinostudiyaya gəldi və kameranın yanında dayanıb mənimlə həmin səhnəni oynadı. Hər aktyor bunu eləmir. Xalq artisti olasan və gecə saat 01:00-da gəlib tələbə-aktyora kömək edəsən. Həmin səhnəni çəkib bitirəndə hamı əl çalıb, ağlayırdı”.

Və həmin ölüm səhnəsi olan son epizod, Buğdayın özünə qəsd etməsi, sözün həqiqi mənasında, qəhrəmana layiq bir hərəkət idi, hətta Babəkin məhz belə bir oğul atası olmasını arzulamasının canlı həyata keçməsi idi. Sadəcə Buğday deyil, elə obrazı yaradan Məhəmməd Verdiyev də təbii ifasıyla özünün sənətdə ifadə etməyi bacardı.

Çox təəssüflər olsun ki, “Babək” filmində çəkilən, amma filmə düşməyən səhnələr də olub, Bu barədə aktyor deyir ki, Buğdayın zəif və qorxaq olmasının səbəbi onun anası tərəfindən ərköyün böyüdülməsindən qaynaqlanır: “Filmdə belə bir səhnə var idi. Buğday Əzrəklə qalada qılınc döyüşdürür. Babək də yuxarıdan dayanıb bunlara baxır. Babək görür ki, Əzrək Buğdayla çox ehtiyatla döyüşür, onlara yaxınlaşıb, hirslə qılıncı alır və oğluna deyir ki, döyüşdə düşmən səninlə belə rəftar etməyəcək. Babək öz oğlu ilə döyüşür. Oğluna vurduğu zərbə nəticəsində Buğday yerə yıxılır. Ətrafda dayanıb bu səhnəni seyr edənlər gülür. Onların gülüşü Buğdayı qəzəbləndirir. Atasına hücum edir. Bu səhnə filmdən çıxarıldı. Sonra döyüşlərin birində Babəki arxadan vurmaq istəyirlər. Bunu görən Buğday tez özünü yetirib, həmin ərəbi öldürür. Babək onu minnətdarlıq baxışları ilə seyr edir. Həmin səhnə də filmə düşmədi. Məhz minnətdarlıq rəmzi kimi Babək 30 min qoşunu oğlu Buğdaya həvalə edir. Amma Həmədanda Buğdayın sərkərdəlik etdiyi 30 min qoşunun məğlub olması onun günahından olmur. Sonra bir səhnə var idi. Naxçıvanda İlandağın ətəyində çəkilmişdi. Buğday Həmədan döyüşündən sonra atın üzərində gəlir və Bəzz qalasına baxır. Ümumiyyətlə, film indi gördüyünüz kimi başlamırdı. Əslində, “Babək” filmi 18 yaşlı Babək və Pərvinin səhnəsi ilə başlayırdı. Babəkin dönüşü 18 ildən sonra baş tutur. İndi filmdə gördüyünüz səhnə Babəkin 18 ildən sonra qayıdışıdır. Təbii ki, bu qədər səhnənin çıxarılması filmin uzun alınması ilə bağlı idi. Bütün səhnələr filmdə toplansaydı, “Babək” 4-5 seriya olmalıydı”.

Aktyor onu da bildirir ki, Ənvər Məmmədxanlının yazdığı ssenaridə Buğday necə təsvir olunubsa, eləcə da filmdə olduğu kimi qalır: “Babək” filmi portret filmidir. Belə də çəkilməliydi. Yəni ön planda Babək olmalıdır. Çünki film ona həsr olunub”.

İllər keçsə də, Məhəmməd Verdiyev yaddaşımızda Buğday kimi qalsa da, sonralar aktyor bir çox fimlərə də (Təxribat (film, 1990), “Həm ziyarət, həm ticarət” (film, 1995), Yasmin (serial, 2013 -Rusiya), “Ştamp” (film, 2016), “Yuxu kimi” (teleserial, 2019) və s.) çəkilib və əlbəttə ki, hələ qarşıda böyük bir yaradıcılıq yolu var. Sadəcə aktyorluq deyil, zamanında pedaqoji fəaliyyətlə də məşğul olub, Tədris teatrında da çalışıb, uzun illər Rusiyada yaşayıb, orda filmlərə çəkilib və yenidən doğma vətənə qayıdış və yenidən çəkiliş həyəcanları başlayıb…

Ömür davam edir, görüləcək işlər çoxdur. Bu gün dəyərli aktyorumuzun ailəsi ilə, dost-tanışları ilə bir araya gələrək ən gözəl gününü qeyd etməsi, onun yaradıcılıq ruhunun güclü olduğunu daha da qabarıq surətdə biruzə verir. Aktyorun həyəcanlı gününə, doğum gününün sevincinə bizlər də şərik oluruq, “daima var olun, yaradıcılıq uğurlarınız bol olsun” deyirik. Ad gününüz, şad gününüz xeyirli-uğurlu olsun Məhəmməd müəllim!

Azərbaycan Kinematoqrafçılar İttifaqı