“Bakı və bakılılar” filmi /Lətif Səfərovun 100 illiyi/ rubrikasında

Görkəmli rejissor /Lətif Səfərovun 100 illiyi/ rubrikasında bu dəfə onun 1957-ci ildə çəkdiyi “Bakı və bakılar” sənədli filminə müraciət etdik. Filmin tarixinə səyahət etmədən öncə, oxucular üçün də maraqlı ola bilən bir məqamı diqqətə çəkmək istərdik.

Azərbaycan kinosu yarandığı gündən paytaxt Bakı haqqında-əsasən qədim tarixi özündə yaşadan İçərişəhərlə bağlı saysız filmlər çəkilib. Daha çox sənədli və ya qısametrajlı filmlərdə gördüyümüz Bakı mənzərələri, zamanla bədii filmlərdə də öz əksini tapıb.

Ümumiyyətlə isə  mənzərələrdə öz əksini tapan tarixi keçmiş, elə kino tarixinin hesablandığı 1898-ci ildən başlayır. Həmin vaxtlar indiki filarmoniya bağında «Şəhər bağında xalq gəzintisi» sənədli filmi (rej.-oper. A.M.Mişon) lentə alınıb. Sonralar İçərişəhər bir çox sənədli və elmi-kütləvi filmlər üçün mövzu olub. Müxtəlif illərdə “Bakı SSRİ-nin incisidir” (1925), “Küləklər şəhəri” (1928), “Bakı bu gün” (1958), “Bakı və bakılılar” (1957), “Bakı haqqında 10 dəqiqə” (1956), “İçəri Şəhər” (1978), “Bakı. Portretə yeni ştrixlər” (1979), “Bakıda “Mosfilm” günləri” (1981), “Bakı eyvanları” (1986), “Bakı Sovet Azərbaycanının paytaxtıdır” (1987), “Neft Daşları” (1990), “Bakıda insan ovu” (1991), “Bakı metrosu” (1992) və s. filmlər ərsəyə gəlib ki, bütün bunlarda da L.Səfərov, R.Ocaqov, Y.Əfəndiyev, N.Bəkirzadə, R.Nağıyev, M.Dadaşov, Z.Məhərrəmov kimi tanınmış sənətkarların rolu olub.

Bədii kinoda isə paytaxtın qədim hissəsi ilk dəfə 1924-cü ildə istehsal olunmuş iki seriyalı “Qız qalası” bədii filmində öz əksini tapıb və zaman keçdikcə rejissorların əksəriyyəti paytaxt Bakı mənzərəsini bədii filmlərə daşımağa başlayıb.

Yeri gəlmişkən, inqilabdan əvvəlki Bakı ilə müasir Bakının(1950-ci ilin paytaxtı nəzərdə tutulur) müqayisəsi, neft şəhəri və onun əməksevər adamları, elm və sənət xadimləri barədə söhbət açan “Bakı və bakılar” filmi Bakı kinostudiyasında istehsal edilib.

Filmdə XI Qırmızı Ordu hissələrinin Bakıya gəlməsi, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının birinci ildönümünün bayram edilməsi və s. məqamlar öz əksini tapıb. Hətta filmdə kadrlar bir-birini əvəz etdikcə ekranda Bakının illər sonra necə olcağı təsviri də gözlərimiz önündə canlanır ki, bütün bunlarda da filmin yaradıcılarının, xüsusilə rejissor Lətif Səfərovun böyük rolu olub.

LƏTİF SƏFƏROV FİLMDƏ İNSAN ƏMƏYİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

“Bakı və bakılılar filminin istər ssenarisində, istərsə də rejissor işində İnsan və onun əməyi yüksək qiymətləndirilir, hətta filmdə İnsan əməyi əsas götürülür.

Lətif Səfərov filmin hazırlıq prosesində “Ədəbiyyat və incəsənət” qəzetində çıxış edib: “Bakı və bakılılar” qısametrajlı sənədli filmimiz(iki hissəli) Böyük Oktyabr Sosialist inqilabının 40 illiyinə həsr edilib: “Bu filmi yaratmaq üçün ilk növbədə işə, keçmiş illərin sənədli kino kadrlarını axtarıb tapmaqdan başlanmışdır. Saysız-hesabsız sənədli filmlər arxivini araşdırarkən, arxivdəki lentləri nəzərdən keçirərkən mövzumuzu işıqlandıra bilən epizodlar öz-özündən yaranırdı. 1920-ci ildə kino lentinə çəkilmiş mədənlərə, o dövrün neftçıxarma texnikasına baxarkən, indiki neft sənayemizin vur-tut 30-35 il ərzində yaradılmış olduğuna adam inana bilmir, çünki belə bir tərəqqi yolu ancaq əsrlər boyunca keçilə bilər! Bəs şəhər özü necə? Məlum olduğu kimi, Sovet hakimiyyəti illərində  Bakıda üç milyon kvadratmetrdən çox ümumi sahəsi olan yeni evlər tikilmişdir. Başqa sözlə – bu müddətdə iki yeni Bakı şəhəri salınmışdır! Biz hələ şəhərimizdə Sovet hakimiyyəti illərində nə qədər ağac əkildiyini, nə qədər yeni və gözəl bağlar, parklar salındığını demirik. Biz şəhərin eyni yerlərinin Sovet hakimiyyətinin birinci illərində çəkilən şəkilləri ilə indiki mənzərəsinin dürüst müqayisəsini verməyə çalışmışıq. Axtarış nəticəsində iyirminci illərdə çəkilmiş tam bir sıra kino kadrları əldə edilmişdir.

28 aprel 1920-ci il…Azərbaycanda Sovet hakimiyyəti qurulması bütün dünyaya yayılır. Nəriman Nərimanov başda olmaqla 11 Xalq komissarından ibarət Sovet hökuməti yaradılmışdır. Tamaşaçılar bu komissarlardan 7 nəfərini ekranda görəcəklər. Onlar Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Əliheydər Qarayev, dadaş Bünyadzadə. Səməd Ağamalı oğlu, Həmid Sultanov və Çingiz İldırımdır”.

Lətif Səfərəov onu da qeyd edib ki, araşdırma zamanı birinci qoşun paradını göstərən kadrlar da əldə edilib: “Paradı XI orduya başçılıq edən və onunla birlikdə Bakıya gəlmiş köhnə həmyerlimiz Serqo Orconikidze (1917-ci il inqilabında yaxından iştirak edən Orconikidze Gürcüstanda sovet hakimiyyətinin qurucularından olub) və Nəriman Nərimanov qəbul edirlər.

Bakının küçələrində başı papaqlı və ayağı çarıqlı fəhlələrlə yan-yana gedən çadralı qadınlar görünür. Onlar bir əllərində qırmızı bayraq tutmuşlar, o biri əlləri ilə üzlərini örtən çadradan yapışmışlar…

Azadlığa çıxarılmış Bakı zəhmətkeşlərinin bu birinci azad nümayişində iştirak etmiş uşaqlar indi 40-50 yaşındadırlar. Ola bilsin ki, tamaşaçıların bəziləri özlərini də onların arasında görəcəklər. Tamaşaçılar neft milyonerlərinin mədənlərində işləyən fəhlələrin adi insan yaşayışına həsrət qalan, əzab və əziyyətdən belləri bükülmüş bu adamların inqilabdan əvvəlki güzəranını ekranda yeni surətdə görəcəklər.

26 Bakı komissarının cəsədinin Bakıya necə gətirildiyini göstərən kadrları da Kino arxivindən toplaya bilmişik.

…Neft fəvvarə vurub ətrafa dağılır, bu neft selinin qarşısını almaq mümkün deyildir. Neft çənləri yanır, mədənlərdə buruqlar alovlanır. Sovet hakimiyyətinin düşmənləri tərəfindən törədilən bu dəhşətli yanğını görərkən adam həyəcanlanmaya bilmir…

Gənc Sovet hakimiyyətinə miras qalan xalq təsərrüfatı bax bu vəziyyətdə idi…

Xaricdən gələn qonaqlar bütün buları şəhərimizin bugünkü fərəhli mənzərəsilə, zəhmətkeşlərimizin xoş güzəranı ilə müqayisə edərkən, bir ağızdan deyirlər: Bakıda həqiqətən xarüqələr olmuşdur…

Biz onlara cavab verərək: Bunlar bəşər tarixində ən mütərəqqi ictimai quruluş olan Sovet dövlətinin bəhrələridir. Budur, yeni nəsil tərbiyə edilir! Uşaqlara hələ kiçiklikdən ən nəcib bəşəri sifətlər aşılanır. Onlar böyüyüb hər biri iftixarla deyəcəklər:

Mən bakılıyam! Biz məhz belə bir film yaratmaq istəyirik. Buna nə dərəcədə müvəffəq olduğumuzu tamaşaçılar özləri deyərlər. Biz onların rəyini gözləyəcəyik”…

HƏSƏN SEYİDBƏYLİNİN FİLM HAQQINDA XATİRƏLƏRİ

Yazıçı-rejissor Həsən Seyidbəyli “Bakı və bakılılar” filmi ilə bağlı “Ədəbiyyat və incəsənət “ qəzetinin 16 may 1959-cu il tarixli sayında resenziya yazıb.

Yazıçı kimi qələmə aldığı əsərlərdə ədəbi materialın dəqiqiliyinə diqqət edən Həsən Seyidbəyı, eyni zamanda rejissor kimi də ekrandakı təsvir vasitələrinin ümumi görüntüsün böyük önəm verib. Bİ baxımdan da rejissor “Bakı və bakılılar” filmi haqqında olan fikirlərində bu kimi məqamlara diqqəti çəkib.

H.Seyidbəyli qeyd edib ki, Bakı min illik tarixə malik qədim şəhərdir: “Bu şəhərin və onun qədim abidələrinin tarixilə neçə-neçə əfsanələr, hekayələr bağlıdır. Bu şəhərdə neçə-neçə xanlar ağalıq etmiş, onun qədim qala divarları yanında neçə-neçə yadelli qəsbkarlar qılıncdan keçirilmişlır. Belə deyirlər ki, bakılılar yadelli işğalçıların başına çox zaman qaynar neft tökərək onları möhtəşəm qala divarları yanında məhv etmişlər. Dünyanın məhşur səyyahları, dövlət xadimləri, yazıçıları və şairləri bu qədim şəhərdə  zaman-zaman qonaq qalmışlar. Bakı həmişə öz qoynunu onun torpaqlarına bir dost kimi qədəm basanların üzünə mehribanlıqla açmış, düşmənlərini isə qəzəblə, top-tüfənglə qarşılamışdır”.

H.Seyidbəyli onu da qeyd edir ki, Bakının tarixi böyük hadisələrlə doludur və bu şəhər haqqında cild-cild kitab yazmaq, bir neçə seriyalı kino-film çəkmək mümkündür: “”Azərbaycan-film kinostudiyasının istehsalı olan “Bakı və bakılılar” adlı sənədli filmin müəllifləri şəhərimizin bütün tarixi ilə tamaşçıları tanış etmək məqsədini qarşılarına qoymamışlar. Filmdə ancaq böyük kommunistlər partiyasının rəhbərliyi altında öz azadlığı uğrunda mübarizə aparan və qələbə çalan qəhrəman Bakı proletariatının həyatından ayrı-ayrı epizodlar verilmiş, öz ömrünü Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə işinə həsr edən ayrı-ayrı partiya və dövlət xadimlərinin fəaliyyəti göstərilmişdir. Tamaşaçılar filmdə Azərbaycan xalqının səadəti uğrunda mübarizə aparmış  Nəriman Nərimanov, Qəzənfər Musabəyov, Əliheydər Qarayev, Dadaş Bünyadzadə, Ağamalı oğlu, Çingiz İldırım kimi partiya və dövlət xadimləri ilə tanış olurlar. Filmin ssenarisinin müəllifi və onun rejissoru Lətif Səfərov, operatorları Nərimanbəyov və Konyagin gözəl və mənalı sənədli film yaratmaq üçün çox əmək sərf etmişlər. Onlar canlı kadrları böyük məhəbbət və incə zövqlə tarixi kinolardan götürülmüş kadrlarla və fotosənədlərlə yaxşı əlaqələndirmişlər. Tamaşaçıya elə gəlir ki, tarixi foto-şəkillər canlanır, danışır, hərəkət edir. “Bakı və bakılılar” kinofilmində  bir çox təsirli və yadda qalan kadrlar vardır. Bu kadrlar içərisində 26 Bakı komissarının dəfn edilməsi xüsusilə təsirlidir. Həmin səhnədə xalqımızın qəhrəman oğlu Məşədi Əzizbəyovun anasının kədər və qəzəblə dolu baxışları, əzablar çəkmiş siması uzun zaman yaddan çıxmır. Filmdə Azərbaycan xalqının azadlığı uğrunda mübarizədə fəaliyyət göstərmiş S.M.Kirov, Orconikidze haqqındakı tarixi sənədlərlə də tanış oluruq. Bu sənədlər qardaş xalqların Bakı proletariatına köməyini göstərir. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra quduzlaşan düşmənlər tərəfindən yandırılmış neft mədənlərini fəhlələrin böyük şücaətlə söndürmələri epizodu da çox maraqlıdır. Sovet hakimiyyəti illərində Bakının inkişafı və çiçəklənməsi, yeni yaşayış evlərini, fəhlə qəsəbələrini, park və meydançaların yaradılmasına həsr edilmiş kadrlar diqqəti xüsusilə cəlb edir. Tamaşaçılar Bakını gözəlləşdirən, yaşıllaşdıran müasirlərimizlə tanış olurlar. Filmin yaradıcıları Bakı gənclərinin inkişafını və yüksəlməsini mənalı bir priyomla məktəblilərin timsalında çox gözəl vermişlər. Tamaşaçı əvvəlcə parta arxasında tanış olduğu məktəblilərin taleyini izləyir. Budur, onlar bir neçə ildən sonra ali təhsil almış bacarıqlı həkimlər və mühəndislər, müəllimlər və elmi işçilər kimi əmək fəaliyyətinə başlayırlar. Bu epizodlar sovet xalqlarının qardaşlıq ailəsində birləşmiş hər bir azərbaycanlının, hər bir bakılının səadəti haqqında çox dürüst təsəvvür verir. Filmdən çıxan nəticə budur: dogma Bakımızı sevin, yaşayın, yaradın. Siz öz arzularınıza nail olacaqsınız. Çünki siz sovet ölkəsinin vətəndaşısınız. Çünki siz inqilablar şəhəri beynəlmiləl Bakının övadısınız”.

Son olaraq qeyd edək ki, ekran əsərində tanınmış neftçilərdən Yusif Kərimov və Fuad Səmədov, kimyaçılardan Yusif Məmmədəliyev və Xudu Məmmədov, həkim Mustafa Topçubaşov haqqında danışılıb, etni zamanda publisistik kino-hekayədə reportaj çəkilişlərdən istifadə edilib.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi və rejissor Lətif Səfərov, quruluşçu operator Arif Nərimanbəyov, operator Vladimir Konyagin, səs operatoru İlya Ozerski, musiqi tərtibatçısı Tofiq Quliyev.

“Bakı və bakılılar” filmi 1958-ci ildə Moskvada Sovet Filmlərinin Ümumittifaq Festivalında diploma layiq görülüb.

Tofiq İLK

https://youtu.be/Xw3lzFnc5ow