“Balans” Studiyasının növbəti bərpa layihəsi – “Bir cənub şəhərində”

Nizami Kino Mərkəzində “Bir cənub şəhərində” bədii filminin bərpa olunmuş formatda nümayişi olub.

Qeyd edək ki, 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldar Quliyevin quruluş verdiyi “Bir cənub şəhərində” bədii filminin bərpası “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib.

Azərtac-ın məlumatına görə, nümayişdən əvvəl çıxış edən rejissor Vahid Mustafayev filmin bərpa işlərindən söhbət açıb: “Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Eldar Quliyevin 1968-ci ildə çəkdiyi “Bir cənub şəhərində” filmi 1969 il yanvarın 27-də indiki Nizami Kino Mərkəzində ilk dəfə nümayiş olunub. “Bir cənub şəhərində” filmi Eldar Quliyevin ilk işidir. Bu filmdə o, gənclik vaxtlarında Azərbaycana olan sevgisini əks etdirib. Bu vaxt ərzində lentin kimyəvi tərkibi korlansa da, onu bərpa etmək mümkün olub. Bu günədək 4 filmi bərpa edən “Balans” Milli Rəqəmsal Bərpa Studiyası 2022-ci ildə daha 8 filmi təmizləmək niyyətindədir”.

V.Mustafayev iş adamlarını bu qrupa dəstək olmağa çağırıb və bildirib ki, Azərbaycanın milli sərvəti olan filmlərimiz yalnız birlikdə bərpa oluna bilər.

Kinoşünas Aydın Kazımzadə hər filmin nümayişinin tək kino işçiləri üçün deyil, milyonlarla kinosevərlərin bayramı olduğunu qeyd edib: “Bu filmə hamı baxsa da, zal yenə də doludur. Bu bayramı bizə bəxş edənlərə təşəkkür edirəm”.

A.Kazımzadə filmin yaranma tarixi haqqında danışaraq bildirib ki, Sovetlər Birliyi filmlərin kənara çıxmasını qadağa edirdi. Bu, ilk filmdir ki, SSRİ məkanından kənara çıxıb. Film çəkiləndə ekranlara buraxılmadı. Buna səbəb SSRİ-də rüşvətin olmasını göstərən kadrlar idi. Mövzu ilə problemin əlaqəsi bu filmdə əyani şəkildə əks olunub. Bu mənada “Bir cənub şəhərində” bədii filmi Azərbaycan kinosunun dönüş nöqtəsidir”.

Rejissor Oqtay Mirqasımov, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Eldarın Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filminin Azərbaycan kino tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib: “Bir cənub şəhərində” filmi tarixdir. Tarix olduqca əsaslı bir platformadır. Onun üzərində gündəlik həyat, yeniliklər, axtarışlar baş verir. Keçmişi olmayan millət uğurlu gələcək inşa edə bilməz”.

Çıxışlardan sonra “Bir cənub şəhərində” bədii filmi bərpa olunmuş formatında nümayiş olunub.

Xatırladaq ki,  “Balans” Milli Rəqəmsal Bərpa Studiyası bundan əvvəl Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi” filmlərini rəqəmsal formatda bərpa edib.

Aki.az