``Balıqçının qızı`` filminin Bakı premyerası baş tutub

Aprelin 18-də “Azərbaycan” kinoteatrında rejissor İsmayıl Səfərəlinin “Balıqçının qızı” tammetrajlı bədii filminin nümayişi keçirilib. Tədbiri giriş sözü ilə açan moderator Sevda Sultanova bildirib ki, “Balıqçının qızı” Azərbaycanın “Cinex” və Rusiyanın “Non-stop prodakşn” kinoşirkətlərinin birgə istehsalıdır. Daha sonra o, səhnəyə filmin rejissoru İsmayıl Səfərəlini və prodüserlərdən biri Mariya İbrahimovanı dəvət edib. Bu tədbiri təşkil elədiyinə görə AKİ rəhbərliyinə minnətdarlığını bildirən rejissor qeyd edib ki, tamaşaçıların təəssüratları onun üçün maraqlıdır və o, yaranacaq bütün suallara nümayişdən sonra cavab verəcək. Mariya İbrahimova isə vurğulayıb ki, filmdə maliyyə faktoru səbəbindən titrlərdə daha çox rus kinematorqafçılarının adı yazılsa da, “Balıqçının qızı” əsl Azərbaycan filmidir.

Filmin nümayişindən sonra yaradıcı heyət moderatorun və tamaşaçıların suallarını cavablandırıb. İsmayıl Səfərəli bildirib ki, rusiyalı prodüserlər tərəfindən montaj prosesinə müəyyən müdaxilə olsa da, son nəticə onun istədiyi kimi alınıb: “Onların və mənim fikirlərim bəzi məqamlarda üst-üstə düşmədi, sonradan güzəştə getdik. Amma bu asan olmadı”.

Rejissor daha sonra filmin mövzusunun onun ailə hekayəsi ilə bağlı olduğunu dedi: “Mənim atam Qarabağ qazisidir və 1990-cı illər Qarabağ müharibəsində bir həftə itkin düşmüşdü. Filmin mövzusu eyni zamanda yunan mifologiyasında Antiqonanın hekayəsinə əsaslanır. Mifologiyaya görə, Antiqona qardaşını qadağalara baxmayaraq, gizlin dəfn edir”.

Təəssüratını bölüşən tamaşaçılardan biri bildirdi ki, film ona, rejissor E.Kusturisanın yaradıcılığını xatırlatdı: “Bu filmə görə sizə minnətdaram. Autentik film idi. Amma musiqinin olmaması məni məyus etdi, sənədli filmə oxşadı. Musiqi olsaydı bədii filmə bənzəyərdi”.

Tamaşaçının fikrinə münasibət bildirən rejissor ilk səhnədə musiqinin olduğunu qeyd elədi. “Amma sonrakı səhnələrdə hiss elədim ki, musiqiyə yer yoxdur. Bu mənim rejissor kimi seçimim idi. Ümumiyyətlə, ssenarini pritça kimi yazmışdım. Zamanın konkretliyini göstərməmişəm”.

Daha sonra, İ.Səfərəli təsirləndiyi rejissorlardan danışdı: “Abbas Kiarostaminin, Teo Angelopulos, Viktor Erisenin filmlərinə həmişə baxıram. Onlar kimi işləməyə çalışıram”.

Filmin baş rollarından birinin ifaçısı, aktrisa Günəş Mehdizadə rejissorla əməkdaşlığından danışdı: “İsmayılla işləmək çox rahat idi. Elə çəkiliş meydançaları olur ki, sən özünü orada tək hiss edirsən, yəni hər şeyi sən özün etməlisən. Amma bu çəkiliş prosesində İsmayılı arxa kimi hiss edirdim. Nəsə alınmayanda deyirdi və ya mən suallarımla yaxınlaşırdım. Fikir mübadiləsi alınırdı”.

Filmdə rol alan digər aktyorlar Qurban İsmayılov, Rasim Cəfər, Asiman Ağa, İqor Nikulov, Mahir Dərviş iş prosesi haqqında fikirlərini bölüşdülər.

Qeyd edək ki, “Balıqçının qızı” filmi Abşeron yarımadasında yerləşən kiçik bir kənddə yaşayan balıqçının həyatından bəhs edir: Günlərin birində balıq ovuna gedən balıqçı itkin düşür və onun qızı Sara atasının yoxluğuna inanmaq istəmir. Saranın ailəsi və kənd sakinləri formal da olsa dəfn mərasiminin keçirilməsində israrlıdırlar. Ağsaqqallar belə hesab edirlər ki, kəndin başına gələn, ardı-arası kəsilməyən bədbəxtliklərin səbəbi məhz dəfn olunmamış balıqçıdır. Sara üsyan edir və ailənin hökmünə, ənənələrinə qarşı çıxır. Sanki təbiət də onunla birlikdə üsyan edir – qasırğa yaxınlaşır və Sara atasını axtarmaq üçün təlatümlü dənizə üz tutur.

Filmin ssenari müəllifləri Mariya Zelinskaya, İsmayıl Səfərəli, Rüstəm Məmmədov, operatoru Şandor Berkeşi, quruluşçu rəssam isə Sergey Zaykovdur.

aki.az