“Baş tutmayan ayrılıq” filminin nümayişi baş tutdu
Azərbaycan Kinematoqrafçılar İttifaqının “Dünya kinosu şedevrləri Azərbaycan dilində” layihəsi çərçivəsində qeyri-ənənəvi üslubu ilə seçilən ukraynalı rejissor Kira Muratovanın “Baş tutmayan ayrılıq” filmi nümayiş olunub.
Aprelin 19-da “Azərbaycan Cinema” kinoteatrında baş tutan nümayişin moderatorluğunu kinoşünas Sevda Sultanova edib.
Həyat yoldaşından boşanan və övladını yalnız böyüdən qadının yaşadıqlarından bəhs edən film, eyni zamanda onun yeniyetmə oğlunun daxili aləminə işıq tutur. Bu baxımdan da film sanki atasız uşaq, xüsusi ilə oğlan uşağı böyüdən analar və belə anaların himayəsində olan yeniyetmələr üçün güzgü rolunu oynayır.
Nümayişdən sonra K.Muratovanın yaradıcılığını təhlil edən Sevda Sultanova bildirib ki, “Baş tutmayan ayrılıq” uzun müddət sovet dönəmində qadağan olunmuş filmlər siyahısında olub: “Bunun səbəbi isə o idi ki, bu, sosializmin əleyhinə çəkilmiş filmdir. Oradakı mühit burjua mühitidir. 1987-ci ildə-yenidənqurma illərində bu film yenidən nümayiş olunur. Film Moskvada nümayiş olunanda, demək olar ki, zalda heç kim qalmır. Çünki heç kim filmi başa düşmür. Yeri gəlmişkən, mən sizə təşəkkür edirəm ki, siz filmi sona qədər izlədiniz”.
Kinoşünas onu da deyib ki, əslində, filmin ilkin ssenarisi kişi adıyla olub: “Bu ssenari keçid dövrü yaşayan oğlanın üzərində qurulmuşdu. Amma Kira Muratova bunu itkiyə hazır olmayan qadın dramına çevirir. Yeri gəlmişkən, 1987-ci ildə Locarno Beynəlxalq Film Festivalında nümayiş olunan “Baş tutmayan ayrılıq” kino tənqidçilərinin mükafatına layiq görülür”.
Azərbaycan kinosunda həm də dublyaj ustası kimi tanınan Amaliya Pənahova, Həsənağa Turabov və Pərviz Bağırovun səsləndirməsilə nümayiş olunan film tamaşaçılar və zaldakı kino ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
Filmə ilk dəfə baxdığını deyən kinoşünas Aygün Aslanlı ilk təəssüratlarını belə ifadə edib: “Mən əvvəl daha çox Kira Muratovanın qısametrajlı filmlərinə və “Bizim namuslu çörək” filminə baxmışdım. Bu film çoxlarına görə bir qadının yaşadıqlarından, analıq duyğusundan bəhs etsə də, mənə daha çox sosial mühit, insanı öz əsrliyində saxlayan və azad olmağa qoymayan “Ana vətən” metaforası təsiri bağışladı. Çox möhtəşəmdir məncə. Burada yeni dalğanın stilini də görmək olur, amma sən bilirsən ki, bu, imitasiya deyil. Film 1971-ci ildə çəkilib, 1987 -ci ilə qədər rəflərdə qalıb və biz bu gün – 2022-ci ildə ona baxırıq və film heç də köhnə təsiri bağışlamır. Təzə və təravətli filmdir”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov “Baş tutmayan ayrılıq”dan danışarkən, Kira Muratovanın yaradıcılığından da bəhs edib: “Bu film mənim “20 ən yaxşı film” siyahıma daxildir. Uşaq vaxtından dini kitablarla bağlı belə bir fikir yadımda qalıb: “İnsan 3 başlanğıcdan ibarətdir. Ruh, bədən, əql”. Bu film mənim üçün bədən və ruh haqqında bir hekayədir. Burada rejissor daima düşünür və bədən ilə ruhun müxtəlif münasibətlərində olan personajlar göstərilir. Ana solmaqda olan bədən, narahatlıqda olan ruhdur. Övlad çiçəklənməkdə olan bədən, yenə də narahatlıqda olan ruhdur. Orada məsələn, gözəlçələr, gənc analar var və o anaları öz analıq qayğılarından başqa heç nə maraqlandırmır. Onlar düşünmürlər, onlarda əqli başlanğıclar yoxdur. O biri epizodlarda artıq bədənləri solmuş yaşlı insanlar var. Mən bu filmi belə bir fəlsəfi traktat kimi qəbul edirəm. Rejissor bu filmi bir qadın olaraq, əqli başlanğıcı güclü olan bir qadın olaraq yaradıb. Kira Muratova çox intellektual qadın idi. O, filmləri daima əqli inkişafda olan rejissor idi. O, özü həyatda personaj olaraq yalnız bədən və əqldən ibarət məxluq olub. Emosionallıq, sentimentallıq ona yad olub”.
Yazıçı, jurnalist Samirə Əşrəf çıxış edərkən, filmə ikinci dəfə baxdığını deyib: “İlk dəfə baxanda, açığı, dil faktoru olduğu üçün bəzi yerlərdə darıxmışdım. Amma indi öz dilimizdə baxdım, aydın olmayan yerlər də aydın oldu. Mənə elə gəlir ki, film qadın hissləri üzərində qurulub. Məncə, bu film ana və oğul münasibətləri haqqında çəkilmiş ən yaxşı filmlərdən biridir. Bəzi yerlərə baxanda, öz oğlumla münasibətlərimi xatırladım. Çünki bizim aramızda da belə şeylər olur. Ananın oğluna bir dayaq kimi baxması var bu filmdə. Mən əvvəl elə bilirdim ki, bu, təkcə bizim qadınlarda var, amma bəzi filmlərə baxandan sonra anladım ki, əslində, bütün qadınlar öz oğullarına bir dayaq nöqtəsi kimi baxır və bu, onların övladları böyüyüb, evlənib, ailə-uşaq sahibi olana qədər davam edir. Bu filmdə də məncə, rejissor qadın olduğuna görə, qadının hisslərini çox gözəl verib. Həmçinin, yeniyetmə oğlanın hissləri də çox gözəl təsvir olunub. Bu filmin nümayişi üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına təşəkkür edirəm”.
İzləyicilər arasında olan mətnşünas Sadiq Eylər filmin cinslər yox, insan üzərində qurulduğunu söyləyib: “Əli İsa bəyin dediyi kimi, film doğrudan da, möhtəşəmdir. Final səhnəsi, ümumiyyətlə, gözəl idi. Məncə, bu filmdə kişi-qadın yox, ümumiyyətlə, insan göstərilir. Öz yerini bilən, amma öz yerində olmayan insan. Misal üçün, əslində, bu qadın xarici dildən tərcümə edən tərcüməçidir. Bu, əslində, həyatı insanlara tərcümə edən obrazdır. Sonda qadın tamaşaya baxanda, hamıya deyir ki, siz axı, görürdünüz, mən burada oturmuşdum və mənim yerimi tutublar. Və bütün cəmiyyət həm onun yerini tutur, həm ona maneə olub, onu başa düşmək istəmir. Məncə, bu, insan haqda olan çox gözəl filmdir”.
Filmi izləyən hüquqşünas Xalid Bağırov isə filmin ekspersionizm nümunəsi olduğunu dilə gətirib: “Bu filmdə sırf bir qadının hayqırtısı göstərilir. Sevdiyi kişilərə baxın, biri qəbiristanlıqda, əri tərk edib, Novasibirskidə aspirinat qızlarladır, oğlu isə gedir. Adamın əlində nə qalır? Qışqırmaq. Bütün film boyunca qadın qışqırmaq istəyir. Rejissor axırda başqa bir obraz gətirir. Bir qoca kişinin dili ilə tamaşaçı üçün xırdalayır. Darıxırıq, bizi qoyub, hara getmisiniz?”
Kinotənqidçisi Hacı Səfərov filmi şərh edərkən, onun bir xətt üzrə istiqamətlənmədiyini vurğulayıb: “Nümayişə görə təşəkkür edirəm. Məncə, bu filmdə rejissor həm qadın, həm də onun yeniyetmə oğlunun həyatını göstərir. Çünki rejissor xüsusi bir vurğu etmir. Biz oğlanın məktəbdəki uğursuzluğunu da, qadının işdəki problemini də görürük. Yəni, təkcə bir fokus yoxdur. Bir də orada qadının qırmızı tutuquşu haqda danışdığı bir hekayə var. Bu, ssenaridəki klassik bir fənddir ki, bütün filmin məzğini bizə anlatmaq üçün bu cür metaforadan istifadə edirlər”.
Kinematoqrafçı İlqar Quliyev isə filmin daha çox azadlıqdan bəhs etdiyini bildirib: “Mənə elə gəlir ki, bu filmdə daha çox qadının oğlu anasının əlindən canını qurtarmaq istəyirdi. Çünki anası onu çox sıxırdı. Oğlan atasının yanına sərbəstlik tapmaq üçün getmək istəyirdi. Ümumiyyətlə, bu filmdəki detalları şərh etmək üçün bəlkə bir kitab yazmaq olar. Amma məncə, film qadın-kişi haqqında yox, azadlıq üzərində qurulmuş filmdir”.
İzolda Ağayeva