“Başlanğıc” animasiya filmi beynəlxalq festivalda
Artıq 21 ildir ki Almaniyanın Haydelberq şəhərinin Mədəniyyət Evində canlı musiqinin müşayiəti ilə illik beynəlxalq səssiz filmlər festivalı keçirilir. Bu il festival yanvarın 27-dən 30-dək davam edəcək. Filmi müşayiət etmək üçün müxtəlif ölkələrdən musiqi qruplarının dəvət edilməsi bu festivalın Almaniyanın digər səssiz film festivallarından fərqini və unikallığını səciyyələndirir. Səssiz filmlər festivalının yaradıcısı, təşkilatçısı və ilhamvericisi Güney Azərbaycan əsilli Huşəng Vahididir.
H.Vahidinin festival estetikasına gətirdiyi yenilik ondan ibarətdir ki, o, öz kino bayramında təkcə səssiz filmlər nümayiş etdirmir, eyni zamanda dialoqu az olan bədii filmləri səssiz filmlərə çevirir, məsələn Kim Ki-Dukun “Yay, yay, payız, qış… və yenə yaz” və ya məşhur fin rejissoru Aki Kaurismyakinin “Juha” kimi filmlərini. Nümayiş zamanı səs söndürülür və müxtəlif musiqiçilərin ifasında yeni canlı musiqi müşayiəti bəzən bu filmləri tamamilə yeni aspektdən üzə çıxarır. Tamaşaçıların xahişi ilə H.Vahidi öz festivalına əvvəlki illərdə nümayiş etdirilən filmləri daxil edir, lakin hər dəfə müxtəlif musiqiçilərin iştirakı ilə. Məsələn, “Faust” filmi bu illər ərzində yapon, çin, monqol, hind musiqiçilərinin iştirakı ilə nümayiş olunub. Bu il “Faust” filmini ərəb musiqiçiləri müşayiət edəcəklər. Kinosevərlər bu nümayişi səbirsizliklə gözləyirlər.
H.Vahidi deyir ki, Höte sağ olsaydı və ərəb musiqiçilərinin onun “Faust”una necə yeni musiqi bəstələdiklərini görsəydi, çox sevinərdi, çünki o, Şərqi çox sevirdi və bu sevgi onu dünyaca məşhur və sevilən əsərlərdən olan “Qərb-Şərq divanı”nı yaratmağa ruhlandırmışdı.
H.Vahidinin təklifi ilə alman musiqiçiləri şərq filmlərinin nümayişində çıxış edirlər və beləliklə, bir festival çərçivəsində Şərqlə Qərbin sintezi və birləşməsi baş verir ki bu da insanların, müxtəlif xalqların mədəniyyətini anlayıb duymasına kömək edir.
Bu il festivalda Azərbaycandan da film təqdim olunur. Bu, Vaqif Behbudovun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Başlanğıc” qısametrajlı animasiya filmidir. Dərin fəlsəfi məzmuna malik bu ekran əsərini alman pianoçu Fridvart Göbbels müşayiət edəcək. Cənab Göbbelsin bu Azərbaycan filminin onda hansı düşüncələri doğurması ilə bağlı sualıma o, belə cavab verdi: “Huşəng Vahidi daima yeni maraqlı filmlər axtarışında olan və onları şəxsən özü seçən festival direktoru olmaqdan başqa həm də həmişə yeni ideyaları olan yaxşı dostdur. Yayda o, Azərbaycanda oldu və dostu kinorejissor Şamil Əliyev ona “Başlanğıc” qısametrajlı cizgi filminə baxmağı təklif etdi. Qayıdandan sonra mənə zəng edib bu filmlə tanış olmağı tövsiyə etdi və musiqiçi kimi festivalda iştirak etməyə razı olub-olmayacağımı soruşdu. Mən Azərbaycan filminə baxdım və çox xoşuma gəldi, çünki o yeni insani və fəlsəfi məzmuna malikdir. Bu filmdən aldığım təəssürat və düşüncələrimə əsaslanaraq ona yeni musiqi parçaları yazdım. Beləliklə, film festivalda yeni orijinal musiqi ilə nümayiş olunacaq”.
2023-cü ilin Səssiz Film Festivalının proqramına aşağıdakı filmlər daxil edilib:
“Faust” 1926. Almaniya. Rejissor: F.W.Murnau, ərəb qrupları Siriab və Siganın (Misir, Suriya və Mərakeş) müşayiəti ilə.
“Sirk” 1928 Amerika. Rejissor Ç.Çaplin, Heydelberq Musiqi Məktəbinin tələbələrinin müşayiəti ilə uşaqlar üçün sessiya.
“Başlanğıc” 1982 Azərbaycan. Rejissor: Vaqif Behbudov, pianoçu Fridwart Goebbels müşayiət edir.
“Təcrübə”, 2014, Rusiya. Rejissor: Aleksandr Kutt, Almaniyadan “Glaza” musiqi qrupunun müşayiəti ilə.
“Doktor Qalliqarinin kabineti” 1920, Almaniya. Rejissor: Robert Vine, Argentinadan olan “Box and Glass” qrupunun müşayiəti ilə.
“Əbədiyyət haqqında” 2019. İsveç. Rejissor Roy Anderson, Monqolustan musiqi qrupunun müşayiəti ilə.
Trend informasiya agentliyinin materialları əsasında Samirə Behbudqızı hazırladı