“Batalyon” və “Sərhəd” təsirli səhnələrlə yadda qaldı
15 noyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Nizami Abbasın çəkdiyi “Batalyon” və “Sərhəd” filmlərinin nümayişi oldu.
Tədbirin aparıcısı, kinorejissor Əli İsa Cabbarov bildirdi ki, hər iki filmə baxarkən son 25 ildə sənədli kinomuzun hansı yolu keçdiyini , o cümlədən xalqımızn hansı tarixi yol keçdiyini görəcəyik.
“Batalyon” sənədli filmini izlərkən, onun təsiri altında bəzən qəhərləndik, bəzən qürur hissi keçirdik, bəzən də müharibə vəhşətini törədənlərə lənət yağdırdıq…Ancaq bu bir mübarizədir, hələ ki, sonunu görmədiyimiz, ancaq ümid edərək irəlilədiyimiz…
Rejissor Nizami Abbasın quruluşunda çəkilən film 1991-ci ildə yaradılan Tərtər batalyonu haqqındadır.
HAŞİYƏ: Tərtər Ərazi Özünü Müdafiə Batalyonu Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Süleyman oğlu Hüseynovun təşkilatçılığı ilə 1991-ci ildə yaradılıb. Müdafiə Nazirinin 1991-ci il tarixli əmri ilə Hüseynov Elman Süleyman oğlu Batalyonun komandırı , Pənah Ağamalı oğlu Məmmədov Batalyonun qərərgah rəisi təyin olunurlar.
Az zaman içində batalyonun qəhrəmanlıq səviyyəsində olan döyüşləri sayəsində Ağdərənin 20-yə yaxın yaşayış məntəqəsi düşməndən təmizlənib, düşmənin canlı qüvvəsi, texnikası məhv edilib. Batalyonun 200 yaxın döyüşçüsü qəhrəmancasına şəhid, yüzlərlə döyüşçüsü əlil olub. Batalyonun iki döyüşçüsü – batalyon komandiri Elman Hüseynov və Vəzir Orucov ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, onlarla döyüşçüsü Azərbaycanın Respublikasının müxtəlif orden medal və ali fəxri adlarına layiq görülüb.
Qeyd edək ki, Tərtər batalyonunun keçdiyi döyüş yolu haqqında rejissor Nizami Abbasın sənədli film çəkməsi, belə bir ağrılı mövzuya müraciət etməsi sadəcə rejissor yanaşması deyil, vətəndaşlıq mövqeyi də deyil, eyni zamanda könüllü olaraq Qarabağ müharibəsinin iştirakçısı olan(1991), müharibə dəhşətlərini öz gözləri ilə görən, sonralar isə Müdafiə Nazirliyinin “Sənədli Filmlər Kino-Telestudiyası”nda(1992-1998) bədii rəhbər kimi çalışması və bununla eyni mövzuya daha dərindən hakim olmasıdır.
…Film Azərbaycanın Milli Qəhrəmanları, Məhəmmədhəsən Məmmədovun, Maşallah Abdullayevin, şəhid Elman Hüseynovun, Vəzir Orucovun, Yusif Mirzəyevin, Xocalı qətliamının iştirakçısı olan “Arabo” batalyonun məhvedilməsində xüsusi qəhrəmanlıq göstərmiş Gəncə batalyonun komandiri Mehman Ələkbərovun, Rasim Əkbərovun və digər qəhrəmanların o vaxt döyüşdə lentə alınmış kadrları ilə müşayiət olunurdu.
90-cı illərdə Tərtər batalyonunda döyüşən mərd oğulların, o vaxtkı kadrların, hazırda yaşayan döyüşçülərin bir araya toplanaraq o günləri xatırlamaları, canlı döyüş səhnələrini, bir sözlə, o ağrılı günləri öz ağrısıyla yada salmaları, eyni zamanda vətənpərvər ruhu yüksəldən fikirlər səsləndirmələri, vətən uğrunda döyüşə yenə də hazır olduqlarını bildirmələri elə ən böyük vətənpərvər təbliğatıdır.
Sənədli filmdə Vəzir Orucov haqqında olan xatirələr xüsusilə diqqəti çəkirdi. Həmin Vəzir Orucov ki, Xocalı soyqırımını (1992) eşitdiyi zaman, vətəndaşı olduğu Rusiyadan Azərbaycana qayıdaraq Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə, az vaxtda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. Vətən uğrunda ölümü seçməsi, onun rahat həyatını geridə qoyub odun-alovun içinə girməsindən bəlli idi və gedişi zamanı anasına “yolumu gözləməyin” deməsindən…
Filmdəki kadrlarda Vəzirin yaşlı valideynlərinin övlad itkisindən necə necə büküldüklərini, onların baxışları arxasında olan çarəsizliyi, atanın “Vəzir doğulduğu gündən 7 yaşına qədər qurban kəsmişəm” deməsi və bu məqamda ananın asta addımlarla kameradan kənara çıxması, bəlkə onun səssiz üsyanı idi. Bunu sadəcə görmək və duymaq lazımdır…Əfsanəyə çevrilmiş Tərtər batalyonunun keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin çəkilişləri Ağdərə rayonunun işğaldan azad olunan ərazilərində lentə alınıb. Filmin süjet xətti çox dəqiq seçilib. Ümumiyyətlə “Batalyon” filmi, Qarabağ müharibəsi zamanı hərbi operatorlarımızın çəkdiyi müharibə kadrları ilə zəngindir. Rusiya jurnalisti Aleksandr Nevzorovun Qarabağ müharibəsi bvarədə xatirələrini (2015-ci il 28 dekabr) bölüşərkən Vəzir Orucov haqqında dedikləri qəhrəmanımızın həyatına dair olan canlı subutları bir daha ortaya qoyur. O deyir: “Vəzir Orucov mənim indiyədək tanıdığım ən cəsur insanlardan biri idi. Onda olan döyüş əzmi, hər zaman savaşçı kimi tanıdığımız çeçenlərdə belə yoxdu”…
Filmin təsirinə düşən tamaşaçıların baxışları Nizami Abbasa zillənir…
Rejissor Əli İsa Cabbarov filmin emosional təsirliliyinin səbəblərdən biri kimi, filmin bəstəkarı Rauf Əliyevin yazdığı musiqiyə diqqət çəkir…
Nizami Abbas keçdiyi döyüş yolunda gördüklərini, hiss etdiklərini ekrana gətirməyi özünə borc bildiyini söyləyir.
Təqdimatın ən təsirli səhnələrindən biri, dünya şöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun doluxsunmuş halda ayağa qalxaraq rejissoru, yaradıcı heyəti, tamaşaçı qismində iştirak edən batalyon komandiri Pənah Məmmədovu, Azərbaycanın Milli Qəhrəmanı, mayor Elman Hüseynovun oğlunu bağrına basaraq təbrik etməsi, belə filmlərin təbliğ olunmasının önəmli olduğunu vurğulaması alqış sədaları ilə qarşılandı. Rüstəm müəllimin çıxışı hamı kimi əməkdar incəsənət xadimi Baba Vəziroğlunu da ö təsirinə saldı, film haqqında səsələnən bütün fikirlərə qatılaraq sonda bildirdi ki, “belə filmləri tv-lərdə təbliğ etmək vacibdir və təbliğatı üçün əlimizdən gələni əsirgəməməliyik”.
Yazar, Kinematoqrafçılar İttifaqının üzvü Saleh Salahzadə də, Qarabağ müharibəsini əks etdirən filmlərimizin tv-lərə daha aktiv göstərilməsinin vacibliyini qeyd etdi, filmdə göstərilən hadisələrdə iştirak etdiyini, filmə baxa-baxa sanki o dövrə qayıtdığını söylədi: “O günləri unutmamalıyıq, o insanları unutmamalıyıq”.
Batalyon komandiri Pənah Məmmədovun istər kadrlarda, istərsə də tamaşaçı salonunda duyğulanması və çıxışı hamını öz təsiri altına saldı: “Təəssüf edirəm ki, mən də digər döyüşçü yoldaşlarım kimi şəhid olmadım, çünki hələ də Qarabağ torpaqlarını azad edə bilməmişik”…
Haqq verməmək mümkün deyil, bu qədər oğullar qurban getdi, analar min bir əziyyətlə böyütdüyü övladını qurban verdi və daha nələr, kim üçün, nə üçün? Əgər torpaqlarımız azad edilməyəcəkdisə, niyə qurbanlar verdik? Və ya indən belə nə qədər qurbanlar verməliyik ki, Qarabağı azad edək?!…
Xatırladaq ki, filmin operatoru Üzeyir Abbas, montaj rejissoru Mübariz Nağıyev, prodüseri Cavid İmamverdiyevdir.
“Batalyon” filminin təqdimatından sonra “Sərhəd” filmi nümayiş olundu.
İkiyə bölünmüş bir xalqın qovuşmaq həsrətindən bəhs edən filmdə sərhəd ətrafında bir araya toplaşmağa cəhd edən insanların eyni duyğunu paylaşmasından bəhs olunur.
Bildiyimiz kimi o dövrdə Sovet sərhəddini nəinki dağıtmaq, ona 40 km yaxınlaşmaq belə mümkün deyildi. Bu baxımdan da sərhəd zonasına getmək üçün sadəcə olaraq həmin ərazidəki yaşayış məntəqələrində doğulan şəxslərə icazə verilirdi.
Bir-birinə tikanlı məftillər arxasından baxan azərbaycanlılar və nəhayət buna etiraz edən kütlə…Azərbaycanlılar 1989-cu ilin son günü Astaradan Şərura qədər sərhəddə yürüş etdilər və tikanlı məftilləri qoparıb sərhəd dirəklərini yandırdılar.
Bu bir tarixdir…Bu tarixə diqqəti çəkən rejissor, baş verən hadisələrdə əsasən ayrılıq, həsrət duyğularını önə çəkib.
Filmin senari müəllifi Nəriman Əbdürrəhmanlı Nizami Abbasla bir neşə filmdə bir yerdə işlədiklərini və hər zaman daha çox tv estetikasında olan kadrlardan həmişə qaçdıqlarını, filmin ideyasını həmişə kino dili ilə çatdırmağa çalışdıqlarını dedi.
Filmin ssenari müəllifi Nəriman Əbdülrəhmanlı, rejissor və operator Nizami Abbas, səs operatoru Şamil Kərimovdur.
“Yaddaş” Sənədli Filmlər studiyasında 1990-cı ildə çəkilən “Sərhəd” 1991-ci ildə Bakıda “Şərqdən Baxış” devizi altında keçirilən Beynəlxalq Gənclər filmləri kinofestivalında sənədli filmlər üzrə I dərəcəli Diplom və Mükafata, 1993-cü ildə Aşqabadda I Beynəlxalq “Gümüş Aypara” kinofestivalında ən yaxşı rejissor işinə görə I dərəcəli Mükafat və Diploma l ayiq görülüb.
Azərbaycan Kinematoqrafçılar İttifaqı