AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQI BEYNƏLXALQ KİNO TƏŞKİLATININ ÜZVÜ OLDU

Azərbaycan Kinematoqrafçılar İttifaqı NETPAC (Network for the Promotion of Asian Cinema) təşkilatına üzv olub.

Qeyd edək ki, əsasən Asiya ölkələri kinematoqrafçılarını birləşdirən NETPAC təşkilatı 1990-cı ildə yaranıb. Hazırda NeTPAC kinofestivallar, kino təşkilatları, hökumət və qeyri-hökumət agentlikləri, kinoşünaslar, tənqidçilər, proqramçılar və festival direktorları arasında geniş əlaqələr şəbəkəsinə malikdir və onlarla Asiya kinosunu inkişaf etdirmək üçün əməkdaşlıq edir.

NETPAC-ın üzvləri arasında Tallin Qara Gecələr Film Festivalı, Honk Kong İncəsənət Mərkəzi, İndoneziya Jogja Asiya Filmlər Festivalı, Yaponiya Kavakita Memorial Film İnstitutu, Koreya Busan Beynəlxalq Film Festivalı, Busan Beynəlxalq Qısa Filmlər Festivalı, Jeonju Beynəlxalq Film Festivalı, Ulju Dağ Film Festivalı, Birləşmiş Ştatlar Havay Beynəlxalq Film Festivalı kimi təşkilatlar var.

Təşkilat dünyanın 30-dan çox nüfuzlu festivallarında Asiya ölkələrini təmsil edən filmlərə NETPAC mükafatını təqdim edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, NETPAC-a üzvlük kinematoqrafçılarımızın Asiya əlaqələrinin inkişafına dəstək olacaq. Katiblik kinematoqrafiyamızın inkişafı üçün beynəlxalq əlaqələrin qurulması işini bundan sonra da davam etdirəcək.

Xatırladaq ki, AKİ MDB ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının da üzvü və təsisçilərindən biridir. Xalq yazıçısı Rüstəm İbrahimbəyov uzun müddət bu təşkilatın sədri olmuşdur.

aki.az