“Biləsuvar” Rusiya mətbuatında

Rusiyanın “Независимая газета” mətbu orqanı 30-cu “Kinoşok” festival nəticələrini şərh edən məqalə ilə çıxış  edib.

“Postsovet kinosunun diaqnozu- Yaşayacaq” adlı məqalədə müəllif Darya Borisova festivalın “Ən yaxşı ssenari” nominasiyasının qalibi “Biləsuvar” filmi haqqında da fikirlərini bölüşüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının saytı Aki.az məqalədən çıxarışları təqdim edir:

“30 ilin bəlli keşməkeşləri içindən üzüağ çıxan “Kinoşok”, sanki bütün bu illər ərzində postsovet məkanının kardioqramı idi. Və əgər əvvəllər bu kardioqramı nəzərdən keçirərkən xəstənin tezliklə öləcəyi nəticəsi hasil olurdusa, indi əminliklə belə demək olar: “O, yaşayacaq”.

30-cu “Kinoşok”un müsabiqə proqramında sosial, kriminal və şəxsi dram süjetinə malik ekran əsərləri üstünlük təşkil edib. Bu isə həyatın çoxçalarlı qamma və palitraya malik olduğunun kino dilində bir daha təsdiqi, insanın və deməli cəmiyyətin birmənalı şəkildə yalnız yaxşı və ya yalnız pis cəhətlərdən ibarət olmadığının daha bir əyani sübutudur. Əsas məsələ bu haqda hansı intonasiyada danışmaqdadır. Məsələn, “Biləsuvar” (Azərbaycan-Fransa, ən yaxşı ssenariyə görə mükafatın qalibi ) filminin müəllifi Elvin Adıgözəl öz həmyerliləri haqqında elə duyğusal söhbət açır ki, Azərbaycan əyalətinin çox da gözoxşamayan reallıqları ikinci plana keçir, birinci planda “kiçik” problemlərinin içində çabalayan insanlar qalır, o insanlar ki, hər birinin şəxsi fəzasında bu problemlər heç də kiçik miqyaslı deyil.

“Biləsuvar” – bir neçə novelladan – Azərbaycanın cənubunda yerləşən eyniadlı məkanın insanlarının portretlərindən səliqəli tərzdə tərtib edilmiş pannonu xatırladır. Kənd cavanı sevdiyi qızla anlaşa bilmir, onun keçmiş müəllimi isə qəpik-quruşdan ibarət maaşına yoxsul kənd məktəbi üçün Yeni il bər-bəzəyi almağa cəhd edir. Yerli Mədəniyyət Evinin aktyoru ona yeni tamaşada rol vermədiyinə görə bədii rəhbərdən inciyib. Əyalətin musiqi mədəniyyətini təmsil edən xanım-müğənni, yerli toyların və şənliklərin “ulduzu” klip çəkilişlərinə paytaxtdan kinorejissor dəvət edib, onun kamerasının enerjisi isə ən məsuliyyətli anda tükənir. Üzdəniraq klipmeykerin Bakıya qayıtmağa pulu da yoxdur. Buna görə problem həll olunana qədər o rayonu gəzib-dolanır və istər-istəməz əyalətin gün-güzəranı ilə tanış olur…

“Biləsuvar”da Georgi Daneliyanın filmlərinin özəlliyini təşkil edən fəlsəfi, kədərli yumor da var, pafosdan uzaq humanizm də.

E. Adıgözəlin filmi özünün böyük ekran yoluna Pusanda keçirilən “A” kateqoriyalı festivaldan başlayıb. Bu isə əhəmiyyətli faktdır. Digər postsovet respublikalarından fərqli olaraq Azərbaycan beynəlxalq festivallarda daha az təmsil olunur və E. Adıgözəlin “Biləsuvar”ı şübhəsiz ki, son bir neçə il ərzində ən yaxşı Azərbaycan filmidir. Səciyyəvi cəhət kimi onu qeyd edək ki, bu filmin ərsəyə gəlməsində bir qəpik də olsun dövlət vəsaiti xərclənməyib”.

Xatırladaq ki, Karakteres (Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan) – prodakşnlarının birgə istehsalı olan “Biləsuvar” filminin ssenarisi və rejissor işi Elvin Adıgözələ məxsusdur.

Filmin prodüserləri Etienne de Ricaud,  İntiqam Hacılı və İradə Bağırzadə, operatoru Oktay Namazovdur.

Filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev, Ruslan İsmayılov və başqaları çəkiliblər.

aki.az