``Biletsizlər`` bədii filminin premyerası keçirildi
Dekabrın 19-da “Azərbaycan” CinemaPlus-da rejissor Rəşad Babayevin “Biletsizlər” tammetrajlı bədii filminin premyerası baş tutdu.
Tədbri giriş sözü ilə açan moderator Sevda Sultanova bildirdi ki, Rəşad Babayev eyni zamanda rəssamdır və onun dünyaya baxışı, kino dili bizim milli kinomuz üçün o qədər də ənənəvi deyil: “Rəşad Babayev daha çox təsvirlə işləyir. “Biletsizlər” filmini təsvir, həm də səs nöqteyi-nəzərdən eksperiment adlandırmaq olar. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə baş tutan film nümayişi layihələrində yerli filmlər arasında analoji xarakterli tammetrajlı film göstərməmişik. Amma əcnəbi filmlər arasında olub. Məsələn, ötən il Fransa kino günləri çərçivəsində Kris Markerin filьini göstərmişdik”. Daha sonra “Biletsizlər” filmi nümayiş olundu və nümayişdən sonra filmin müzakirəsi başladı.
Moderator müəllifə: “Biletsizlər”də ənənəvi dramaturgiya yoxdur. Siz bir dəfə demişdiniz ki, filmlərinizdə irrasional yanaşmanın səbəblərindən biri ekstremal vəziyyətlərdə, tələsik çəkməyiniz və bundan dolayı xaosun yaranmasıdır. Bu filminizdə də eyni şey oldu? Yoxsa öncədən düşünmüşdünüz ki, klassik dramaturgiya olmayacaq” sualını ünvanladı. Rejissor bildirdi ki, o, filmdə ənənəvi dramaturgiyanın olmaması fikri ilə o qədər də razı deyil: “Düşünürəm ki, bu, klassik dramaturgiyanın bir qədər modern formasıdır. Yəni, eksperimental film damğası ilə o qədər də razılaşmıram. Kinonun yüzdən çox yaşı var və bu müddətdə tamaşaçı da dəyişməli idi və ya hansısa nisbətdə dəyişib. 50 il öncə olsaydı, filmi daha çox eksperimental adlandırmaq olardı. Müasir dövrdə isə bu cür filmləri tamaşaçı normal qəbul etməlidir. Artıq saysız-hesabsız cərəyanlar var”. Rəşad Babayev daha sonra vurğuladı ki, bəzi səhnələrin real əsası var: “Məsələn, maşını yolda xarab olan kişi. film üçün tapıntı oldu. Filmə uyğun bildim bu kadrı. Çox dubl çəkmək mümkün deyldi. Amma bir tərəfdən belə bir şəraitdə işləmək instintkləri ortaya çıxarır, səni cilovlayır”.
Rejissor, filosof, rəssam Teymur Daimi filmi bəyəndiyini və ona baxmaqdan əsl estetik həzz aldığnı dedi: “Bilmirəm bu reaksiyanın səbəbi nə idi, mənim rejissor kimi eksperimental filmlər çəkməyim və bu cür kinonun estetikasının mənə daxilən yaxın olmasını, yoxsa səbəb filmin özü idi. Yəqin ki, hər ikisi. Təbii ki, film qeyri-verbal əsasda qurulub və o bizi dilin hələ ki formalaşmadığı bir məkana dəvət edir, ona görə də gözlə görülən, intuisiya ilə hiss olunanları verbal dilə çevirmək çox çətindir. Amma hər halda, mən iki məqamı qeyd etmək istərdim. Birincisi, müəllif bizə dünyanı sanki qeyri-insani baxışla göstərirdi. Yəni, elə bil tamam başqa ölçüdən hansısa məxluq insanların həyatını müşahidə edir və bizim diqqətimizi insani məntiqimizə uyğun gəlməyən nüanslara, detallara yönəldir. İkincisi, məntiqi cəhətdən bir-biri ilə əlaqəsi olmayan müxtəlif epizodlar görürük. Əslində, burada bir məntiq var və bu yuxunun qeyri-formal, qeyri-səlis məntiqidir. Və təbii ki, bu yanaşma ənənəvi kino dilinə və az-çox aydın narrativ olan filmlərə öyrəşmiş tamaşaçıların filmi qavramasını çətinləşdirə bilər. Axı, məlumdur ki, hətta ən radikal art-xaus filmləri də ən azı bir növ narrativ quruluşuna malikdir. Filmlər isə indicə izlədiyimiz film kimi intellektimizə yox, birbaşa insan məntiqi çərçivəsindən kənara çıxmaq intuitiv qabiliyyətimizə müraciət edir. Və beləliklə bu cür filmlər, konkret bədii problemləri həll etməklə yanaşı, tamaşaçı üçün maraqlı bir psixoloji sınağa çevrilir – yəni tamaşaçı, dünyanı çevik, çoxşaxəli qavrayış üçün yuxarıda qeyd olunan qabiliyyətə nə dərəcədə malikdir. Bu bacarığı olmayan tamaşaçıya bu cur film darıxdırıcı görünə bilər”.
Gənc rejissor Eldar Aslanovun da fikirləri maraqla qarşəlandı: “Biletsizlər” filminə biletsiz baxdıq. Giriş ödənişsiz idi. Artıq filmin ekspozisiyası buradan başladı. Öncə təbrik edirəm ki, bu əsəri yaratmısınız, çünki, Azərbaycan tarixində çəkilmiş ən yaxşı və dünyada isə ən yaxşı filmlər arasına girə biləcək bir əsərdir. Hekayədə ənənəvi narrativi qəbul etməmək və müəllifin öz alternativini yaratması modernist aktdır. Biz filmlə bağlı analitikaya başlasaq yəqin ki, mənə 2-3 saat vaxt lazımdır. Çünki, yenilikçi bir işi qısa formada təhrif etmək mən tərəfdən etik deyil. Situativ vaxta görə bunu demək olar ki, hekayədə sarı qənd məni qorxutdu. Digər tərəfdən isə modernist əsər neologist ifadə (və ya söz) tələb edir. Bunlardan biri də odur ki, film konkret olaraq “tərcümeyi-haldır”. Kinoda bu janrı hər film qazanmır. Yəni, fiziki aləmin metafizikaya tərcüməsidir. Əsərin müəllifinə arzu edirəm ki, gələcək əsərlərinin premyerasında nümayiş vaxtı tamaşaçılardan zaldan çıxanı, öz aralarında söhbət edəni, yuxuya gedənləri çox olsun”.
Tərlan Qorçu bildirdi ki, R.Babayev yaxşı rəssamdır, filmdə də hiss olunur: Amma bu filmdə qırıqlıq gördüm, bir neçə il kinoda çalışsın ki, filmləri də rəsmləri qədər mükəmməlləşsin”.
R.Babayev, “Filmin bir epizodunda Qogenin çılpaq qadının meymunla əks olunmuş əsəri var. Süjetdə də meymun əsas vizual obrazlardan biridir. Süjetin ideyası bu əsərdən qaynaqlanıb?” sualına cavab olaraq bildirdi ki, Qogenin əsərini çəkiliş əsnasında görüb: “Personaj mənə zahirən filmin obrazlarından birini çox xatırlatdı. Qəribə təsadüf olduğu üçün düşündüm ki onu, haradasa vurğulayam. Onu da deyim ki, filmdə əl kamerasından da istifadə etmişəm. Epizodlardan birində subyektiv kamera istifadə olunur. Bir yerində isə dördüncü divar sınır. Operatorun addımları eşidilir. Filmdə kameranın obyektivindən görüntülər də var. Ümumiyyətlə, burada “Doqma 95” cərəyanına, Mişel Qondrinin filmlərinə yaxınlıq var. Mişel Qondri də az büdcə ilə xəyal gücünə arxalanaraq nələrsə edir”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı builki film nümayişlərini Rəşad Babayevin “Biletsizlər” filminin premyerası ilə yekunlaşdırdı.
aki.az