“Bir rəssamın portreti” sənədli filminin premyerası keçiriləcək

Noyabrın 27-də Nizami Kino Mərkəzində Xalq Rəssamı Mir Nadir Zeynalovun xatirəsinə həsr olunmuş “Bir rəssamın portreti” sənədli filminin premyerası keçiriləcək.

Bakı Abadlıq Xidmətinin maliyyə dəstəyi ilə istehsal olunan filmin çəkilişləri rəssamın ölümündən bir neçə ay əvvəl lentə alınıb.

Filmin rejissoru Mübariz Nağıyev bildirir ki, “Bir rəssamın portreti” sənədli filmi Mir Nadir Zeynalov haqqında çəkilmiş yeganə filmdir və mərhum sənətkar filmin ilkin versiyasını görə bildi.

Rejissor onu da qeyd edir ki, filmdə rəssamın həyatının bir günü təsvir olunur: “Ekranda göstərilən fotoları belə qəhrəman özü seçmişdi. Tamaşaçı onun emalatxanasına daxil olur, iş prosesini müşahidə edir və onun xatirələrini, habelə həyat və sənət haqqındakı fikirlərini eşidir. O, uşaqlığından, gəncliyindən, məhəbbətindən, sənət dostlarından – Qorxmaz Əfəndiyev və Cavad Mircavadovdan danışır, gənclik arzusunun yerinə yetməsindən – Şimal Qütbünə səyahətindən söhbət açır, yaradıcılığında xüsusi yer tutan Qala kəndinin küçələri ilə gəzir”.

Filmin ssenari müəlifi və prodüseri Şirin Məlikova, rejissoru Mübariz Nağıyev, operatoru Fahir İmamquliyevdir.

aki.az