Birgə istehsalın qarşısını nə alır?

Yanvarın 17-də AKİ-də bir qrup kinematoqrafçı ilə kinoda müştərək istehsal mövzusunda müzakirə keçirildi. Müzakirədə birgə istehsalla bağlı problemlər haqda danışıldı. Tədbirdə prodüser Emil Nəcəf, rejissor, ssenarist Türkan Hüseyn, rejissor, prodüser Nəzrin Ağamalıyeva, rejissor, ssenarist Nurlan Həsənli, ssenarist, kinotənqidçi İlqar Quliyev iştirak edirdilər. Müzakirənin stenoqramını təqdim edirik.

Sevda Sultanova: Bugünkü mövzumuz birgə istehsalatdır. Azərbaycan hələ 2000-ci ildə “Birgə film istehsalı haqqında” Avropa Konvensiyasına qoşulub. Buna baxmayaraq, bu sahədə əhəmiyyətli işlər görülməyib. Bu, kinomuzda ən az diqqət ayrılan sahələrdən biridir. Ondan başlayaq ki, niyə birgə istehsalat müasir kinoda vacibdir?

Emil Nəcəf: Bizdə müştərək filmlər çəkilib. Hilal Baydarovun bütün filmləri müştərəkdir. Bizim prodakşnımızın öz işlərində də müəyyən  mərhələlərdə müştərək məqamlar olur. Amma müştərək istehsalat  bir qanunauyğunluq halına salınmayıb. Bu əməkdaşlıq hələ ki ayrı-ayrı fərdlərin hesabına alınır. Elvin Adıgözəlin “Qaranlıqdan reportaj” filmi Azərbaycan və Fransanın müştərək istehsalıdır. Yaxud, bayaq dediyim kimi Hilal  Baydarov, filmlərində  prodüser kimi K.Reyqadasla işləyir və filmləri Meksika ilə birgə istehsaldır. Son filminə isə İsveçrədən də prodüser qoşulub. İsmayıl Səfərəlinin “Balıqçının qızı” filmi Rusiya-Azərbaycan istehsalıdır. Bu sadaladğım nümunələr fərdi qaydada baş verir.  Fərdi qaydanı kütləvi hala çevirmək üçün yerli fondumuz olmalıdır. Necə ki Türkiyədə, Gürcüstanda hər il müştərək filmlər çəkilir. Müştərək istehsalın başlıca şərti lokal fondların mövcudluğudur. Lokal maliyyə yoxdursa, xaricdən kimisə cəlb etmək çətin olur. Biz indiyədək necə edirik, lokal fonddan qonorarlar veririk, avadanlıqla təmin edirik. Əslində elə vəziyyətdir ki, film çəkmək istəyənlər böyük pul istəmir və ya almır, aşağı qiymətə razılaşırlar. Bir az standartı yuxarı qaldırmaq üçün lokal fonddan maliyyə lazımdır, bu halda digər fondlardan pul almaq ehtimalı da çoxalır. Bir də Kreativ Avropa, Evroimaj kimi qurumların üzvü olsaq, rahat maliyyə tapmaq imkanlarımız çoxalacaq.

Müştərək layihələrin faydası odur ki, biz kinomuzu lokallıqdan çıxaracağıq, xarici bazara daha rahat girə biləcəyik. Digər ölkələr də onu öz bazarlarına satışa çıxarmaqda maraqlı olacaqsa, nəticədə filmi beynəlmiləlləşdirmək mümkündür.

Türkan Hüseyn. Birgə istehsalat həm də ona görə vacibdir ki, belə olanda az-çox sənaye yaranır. Bu, peşəkarların yetişməsinə şərait yaradır.  Bizdə səs rejissoru, söhbət, çəkiliş vaxtı səs yazan operatordan yox, postprodakşn mərhələsində səs rejissorundan gedir ki, onlar iki-üç nəfərdir, operatorların da sayı çox deyil. Biz müştərək işlər edəndə operatoru, montajçını müştərək işlədiyimiz şirkət gətirir. Həm də bu, bizə imkan verir ki, öz hekayələrimizi, həqiqətlərimizi dünyaya çıxaraq.

S.S. Müştərək istehsalı gerçəkləşdirmək üçün dövlət tərəfindən hansı addmlar atılmalıdır?

E.N. Qrantlar haqda qanunvericilik dəyişməlidir. Hər hansı subsidiyalar olmalıdır. Məcbur deyil ki, dövlət filmlərin bütün büdcəsini versin. Belə olanda dövlət, sifarişçi qismində çıxış edir, prodüser kimi yox. Prodüser qismində olmaq üçün qanunvericliklə müəyyən şirkətləri stimullaşdıra, müəyyən subsidiyalar verə bilər. Daxili bazarın inkişafı, kinoteatrlarda yerli filmlərin göstərilməsi üçün kvotalar tətbiq edilə bilər. Əslində bu dil baxımdan var. Yəni, subtitrlər Azərbaycan dilində olmalıdır. Amma əslində çox azdır. Biletlərin qiymətinə qədər müdaxilə etmək mümkündür. Fransa, Cənubi Koreya modelləri var kinonun inkişafına dair. Böyük şirkətlərin stimullaşdırılması, vergi güzəştləri, subsidiyalar, qanunlar reallaşsa, nəticəsini 3-5 ilə görə bilərik. Bazarda tələb-təklif formalaşar.

Nurlan Həsənli:  Mənə xaricdən bir neçə dəfə layihələrimə dəstək təklif olunub. Postprodakşnda məsələn. Amma lokal büdcən, yerli prodüserin olmalıdır ki, bu şərtdir. Əgər maliyyənin böyük faizini məsələn, İsveç qoyursa, bu onun filmi olacaq. Ona görə büdcənin əsas faizi rejissorun öz ölkəsindən olmalıdır ki, istehsalatda əsas tərəf Azərbaycan olsun. Dediyim kimi, mənim əsas problemim odur ki, müsabiqələrə yerli büdcə tapmadan gedirəm. Hər hansı yerli fond və ya Mədəniyyət Nazirliyi büdcə ayırmayıb deyə xarici prodüser qoşula bilmir prosesə. Biz Cinedok festivalında olanda orada Gürcüstanın Mədəniyyət Nazirliyindən kinofonda pul ayrılmasını boykot etmək üçün Avropanın müxtəlif  festivallarından nümayəndələr çağırmışdılar. Bizim artıq yerli pulumuz yoxdur. Biz bu maddəni necə qarşılaya bilərik. Artıq bunun müzakirəsi gedir, rejissor və prodüserlər birləşərək müstəqil kinoqurum yaradıblar. Onlar qrant alaraq özlərini maliyyələşdirirlər. Amma Gürcüstanda kinofond buna qədər fəaliyyət göstərdiyi müddətdə filmlərə tam dəstək olub. Sonra hökumət öz adamını fonda qoydu, son illər maliyyəni tanışlarına verdikləri üçün bu problem yarandı. Bizdə də Mədəniyət Nazirliyi artıq neçənci dəfədir ki, pul ayırmır. Bizim də yolumuzun bu olduğunu düşünürəm. Amma bunu da edə bilmirik. Çünki ölkədə uyğun qrant qanunvericiliyi yoxdur. Ədliyyə Nazirliyi ilə əlaqə saxlaya bilmirəm. Mən İtaliyada incəsənət kursuna getmək üçün qrant müsabiqəsini udmuşam. 2014-cü ildə bizdə qanun qəbul olunub ki, bura gələn qrantlar Ədliyyə və ya Maliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir. Yoxsa bank pula blok qoyacaq. Yəni yerli pulu tapsaq da, yenə xaricdən qrant pulu ala bilməyəcəyik.

Nəzrin Ağamalıyeva: Mən də Nurlan kimi eyni problemlərlə üzləşmişəm. Portuqaliya və Almaniya layihəmə 50 faiz verməyə hazır idi, amma burada büdcənin qalan hissəsini tapa bilmirəm. Kino Agentliyinin keçirdiyi müsabiqədə bu layihəm pitçinqə keçmədi. Baxmayaraq ki, dediyim kimi layihəm xaricilərə maraqlı gəldi. Dedilər ki, dramaturji cəhətdən zəifdir, amma məsələ bu deyildi, sadəcə, oradakı mövzunu qəbul etmədilər, qadın psixologiyası ilə bağlı sənədli animasiya filmi idi. Birinci animasiya filmim “Hədis”lə də bağlı eyni problem yaşandı. Bu filmə Çexiya və Amerika dəstək oldu, amma buradan maliyyə tapa bilmədik. Hətta Çexiya “Hədis”i öz layihəsi kimi qeydiyyatdan keçirmək istəyirdi. Amma biz yalandan dedik ki, Azərbaycandan pul tapmışıq.

E.N. Beynəlxalq kinoqurumların üzvü olsaq, müştərək layihə istehsalı intensivləşəcək. Əsas məsələ, bunu başlamaqdır. Amma yenə də yerli fond olmasa xarici fonddan pul almaq prosesi axsayacaq. Bir neçə dəfə fərdi şəkildə olar, amma daimi proses olmayacaq. İlkin Yusifin sənədli filmi üzərində işləyirik. Filmin büdcəsinin bir hissəsini xarici prodüser ödəyib, amma şəxsi tanışlıq əsasında.

S.S. Xarici prodüserlərə Azərbaycan hansı mövzuları ilə maraqlıdır? Mövzularla bağlı nəsə tələbləri olurmu?

T.H.  Heç bir mövzu tələbi yoxdur. Adamların Azərbaycan haqda təsəvvürləri çox azdır. Yəni adamlara qəribə gəlir ki, müsəlmandır, amma İran deyil, avropalı kimi geyinir, amma avropalı deyil. Azərbaycanın heç bir ekzotikası yoxdur. İlk tanışlıq zamanı əsasən, Ermənistanla müharibəni soruşurlar. Bəziləri elə bilir ki, müharibə hələ də davam edir. Kiçik qrantlar ayıran bir fond vardı. Dedilər ki, siz neft ölkəsisiniz. Pula ehtiyacınız yoxdur. Onlarda belə təsəvvür var ki, Azərbaycan varlı ölkədir.

E.N. On il əvvəl Azərbaycan daha maraqlı idi. Sovetlər Birliyindən yeni çıxmış ölkə kimi. Yəni mədəniyyəti necədir, müsəlman dövlətidirsə, xüsusən, qadın rejissor onlar üçün daha maraqlıdır. İndi ekzotik də deyilik. Malayziya, Filippin, İndoneziya kimi daha ekzotik ölkələr var. Lokarno festivalında olanda Malayziyadan gələn kinematoqrafçılar xeyli mükafatla qayıtdılar. Orada Asiya proqramı var, o, Qafqaz da ola bilərdi. Ona o vaxt imkan vardı. Amma biz tərəfdən edən olmadı. Yönləndirdilər Asiyaya. Bu gün Sudan, Çad film çəkir. Onlar daha ekzotik sayılır. Problem ondadır ki, biz Asiya fondlarından da pul ala bilmirik. Çünki onlar bizi Avropa sayır. O siyahıda yoxuq. Qazaxıstan, Özbəkistan var, biz yoxuq.   Hər iki tərəf bizi qəbul etmir. Ortada qalmışıq, yox kimiyik.

T.H. Kinoforumda yaşlı nəsil belə təsəvvür yaratmışdı ki, Avropa azərbaycanlılardan xüsusi mövzu istəyir. Belə bir şey yoxdur. 20 yanvar hadisələrində bizim gəmiçilərin hadisəsini danışmışdım, onlara maraqlı gəlmişdi. Heç kim demir ki, bizə filan mövzu lazımdır.

N.H. Mən də bu halla qarşılaşmamışam. Material, mövzu, rejissor yanaşması maraqlıdır onlara. Mən pitçinqlərdə çox oluram, həqiqətən də məzmunu yaxşı olan layihələrə tələbat var. Rejissorun xüsusi baxışına önəm verirlər. İndi o qədər material istehsal olunur ki, maraqlı rejissor yanaşması, yeni baxış bucaqları axtarırlar. Klassik strukturdan fərqli vizual işlər çəkilir. Onlara da maraqlı gələn odur. Mənim layihələrimlə tanışlıq zamanı hansı ölkədən olmağım onlara maraqlı deyil. Onlara məzmun maraqlıdır və kimsə deməyib ki, mövzuya başqa bir mövzu da qataq.

S.S. Birgə istehsalatın ölkənin kino bazarına təsir imkanı nə qədərdir?

E.N. Əslində daxili kino bazarı əhalinin sayından asılıdır. Dünyanın hər yerində belədir. Kimsə deyə bilməz ki, 10 milyon əhalisi olan ölkədə kino sənayesi çox inkişaf edə bilər, böyük pullar qazanar. Avstriyada, Belçikada  daxili kinobazar çox inkişaf etməyib. Amma Avstriya, Belçika kinosu var, daha çox müştərək istehsaldır və daha çox mədəni irsin, dəyərlərin saxlanılmasına xidmət edir. Heç kim demir ki, qeyri-kommersiya filmi çəkilməsin. Ümumiyyətlə, kinonu kommersiyaya, ya qeyri-kommersiyaya bölməyin əleyhinəyəm. Məncə film iki cür olur. Sifarişli və müstəqil. Sifarişi hansısa şirkət və ya dövlət verir. Bir də var ki, sifariş olmadan müstəqil mövzunu çəkirsən. Festivala da göndərə bilərsən, pul qazanmaq üçün kinoteatrlarda da göstərə bilərsən. Hər ikisi dünyanın hər yerində işləyir. Bizdə də işləyə bilər. Sadəcə, real yanaşmaq lazımdır. Bu gün Orxan Mərdan film çəkib, bazarın içindədirsə, pul qazanırsa, beş adam olsa qazana bilməyəcək. Çünki kinoteatr imkanlarımız azdır. Biletlərin qiymət siyasəti düzgün deyil. “Azərbaycanfilm”in məhsulları kinoteatra çox çıxmır. Biz qərara gəldik ki, qısametrajlı filmləri birləşdirib bir tam metraj formatına gətirək. Kinoteatra qısa metraj göstərmək sərf etmir. Müharibə mövzusuna aid üç qısametrajlı filmi birləşdirib təqdim etdik. Biri dövlətin maliyyəsi ilə çəkilmişdi, ikisi özəl idi. Onlardan  kinoteatrda nümayiş hüququnu aldıq. Eyni şeyi animasiya filmləri ilə də etdik. Bilet siyasəti dəhşətə gətirdi. Cizgi filmimiz xarici filmlə eyni vaxta salınmışdı. Hər ikisinin bileti 10 manat idi. Səhər saat 10-da, iş günü cizgi filmi göstərilirdi. İş günündə cizgi filminə kim gələcək? Eyni şey qısametrajlı filmlərdə də oldu. Belə hallar tamaşaçı potensialını aşağı salır. Bileti 10 manatdan aşağı salmadılar. Bunun üçün kvota tətbiq edilməlidir, stimullaşdırıcı qanunlar olmalıdır. Fransada, Cənubi Koreyada bu cür qanunlar  kinonu biznesə çevirməyə imkan verir.

S.S. Pitçinqlərdə layihələrinizə necə inandırırsınız? Bunun üçün nələr tələb olunur?

T.H. Adətən marketlərdə sinopsis, loqlayn təqdim edirik. Qərar verən  adamların bu proyektlərə bazada baxmaq imkanı olur və onlara maraqlı gələn layihə müəllifləri ilə görüşürlər. Maraqlandıran sualları verirlər. Proses belə işləyir. Krakovda “Kapitan və Xəzər dənizi” layihəmlə bağlı çox görüşlərim oldu. Layihənin tizeri animasiya və arxiv materialları ilə qarışıq idi deyə, çoxuna maraqlı gəlmişdi. Bir irlandiyalı prodüser dedi ki, layihəni bəyənib, amma onun təmsil etdiyi fond koprodakşna o vaxt keçir ki, orada İrlandiyadan nəsə element olmalıdır.

E.N. Fond pul verirsə onu necəsə əsaslandırmalıdır. Yəni İrlandiyanın hər hansı filmdə özlərinə aid nəyinsə olmasını istəməsi təbiidir. İrlandiya bizim kimi balaca dövlətdir. Kino bazarı yoxdur, burada biznesə çevrilən böyük pullar ola bilməz. Çalışırlar ki, öz dövlətləri təmsil olunsun.

T.H. ya da çalışırlar ki, komandada kimsə – ya operator, ya işıqçı onlardan olsun, və yaxud postprodakşn mərhələsində iştirak etsinlər. Macarlarda şərt budur ki, filmin heyətində onlardan ya operator, ya montajçı olsun.

N.A. İnandırmaq baxımından da insan yetişməlidir. Təcrübəsi olmalıdır. İlk pitçinqlərdə təbii ki, təcrübə toplayırsan. Festivallara gedəndə pitçinqlərdə olurdum, izləyirdim ki, proses necə baş verir.

N.H. Xarici pitçinqlərdə ölkədəki problemlə bağlı suallar vermirlər, “bunu göstərəcəksənmi?” soruşmurlar. Dramaturgiyadan suallar verirlər, “qəhrəmanın kimdir?” soruşurlar. Bu sualların cavabını  vermək vacibdir. Pitçinqlərdə əksər ssenarilər dram janrındadır. Mən komik tərəfdən yanaşdığım üçün çoxuna maraqlı gəlmişdi layihəm.

T.H. Bir də konyunktura məsələsi ilə bağlı demək istəyirəm ki, xüsusi qrantlar olur. Kvir, iqlim dəyişiklikləri, qadın haqları, elmi araşdırmalarla bağlı mövzular üzrə xüsusi qrantlar olur.

N.H. Festivala gedəndə adam pis olur. Balkan ölkələrinin, Qafqaz ölkələrinin tammetrajlı flmlərində büdcə 300 mindirsə, tapılan yerli büdcə 150 mindir. Qalan hissəsi xarici fondlardan tapılır. Biz isə 50 min büdcə yazırıq, deyirlər ki, bu az büdcədir, siz istismar edirsiniz komandanı, aşağı pul verirsiniz. 2-3 min yerli büdcə tapılıbsa, xaricdən 47 min tapmalyam. Özünü tək hiss edirsən. Artıq festivallara birbaşa film yollamaq aktual deyil, əvvəlcə pitçinq platformalarnda, inkişaf proqramlarında layihən tanınmalıdır. Bundan başqa, xaricdə Mədənyyət Nazirliyi, yalnız filmə pul vermir, eyni zamanda festivallara, proqramlara getmək üçün də pul ayırır.

N.A. “Hədis”i çəkəndə Çexiya, Amerikanı və Azərbaycanı istehsalçı ölkə kimi yazmışdıq. Halbuki, Azərbaycandan bir qəpik də ayrılmamışdı. Çexiya bu filmi öz istehsalı kimi qeydiyyatdan keçirmək istəyirdi. Biz yalandan yazdıq ki, öz şirkətimiz də pul ayırıb. Təki ölkəmizin adı getsin.

İlqar Quliyev: Bu yaxında Hindistanda  Kəlküttə Film festivalının NETPAC bölümündə münsif üzvü olmuşdum. Orada kino bazarı ilə maraqlandım. Hindistanlılar informasiya baxımından xəsisdirlər. Həm də şovinistdirlər. Onlar istəmirlər ki, kimsə ölkənin kino bazarına girsin. Ölkənin hazırkı iqtidarı 2011-ci ildə hakimiyyətə gəlib və ona qədər aqressiv müxalifətçi olub. Kinoya tam dəstək verir. Dövlət xətti ilə çəkilən filmlərdə üç əsas şərt var: rəqs, musiqi və mahnı. Amma müstəqil film çəkən rejissorlar da var. Müstəqil kinonu da dövlət dəstəkləyir. Amma dövlət adından yox, üçüncü adam vasitəsilə. Hər şey çəkə bilərlər. Bu filmlər festivala da gedir, kinoteatrlarda da göstərilir, amma televiziyada göstərilmir. Sinopsis, loqlayn yoxdur, çünki buna vaxtları yoxdur. İstehsalat çoxdur. Əsas sual bunlardır: filmin adı nədir? Süjet nədən bəhs edəcək? Qəhrəman kimdir? vəFilmin metrajı nə qədər olacaq? Vəssalam. Heç bir film büdcəsiz qalmır. Hindistanda bir şəhər kastinq, digəri postprodakşn, başqa bir şəhər məkan, pavilyonlar üzrə ixtisaslaşıb. Pul çatmayan rejissorlara bu xidmətlər pulsuz verilir. Bu məsələlər operativ həll edilir. Onların əsas məqsədi əhalini əyləndirməkdir, nəinki gəlir əldə etmək. Tamaşaçı sayı minlərlədir. Fikir budur ki, zəhmət çəkib film çəkilibsə, bu filmə baxmaq borcumuzdur. Müştərək filmlərə gəlincə isə onların şərtləri ilə çəkməlisən.

S.S. Kinoya özəl maliyyə tapmaq baxımından sahibkarlarla görüşlər, tanış olmaq məsələsi müzakirə olunubmu?

E.N. Prodüserlər Gildiyasında biz bunu müzakirə etdik. Onlayn görüş oldu. Mədəniyyət Nazirliyi, ARKA, Prodüserlər Gildiyası prodüserlərin inkişafı layihəsini həyata keçirdi. İki xarici prodüser dəvət olunmuşdu. Ağıllı məsləhətlər verdilər. Amma Azərbaycan üçün deyil. Fondu olan ölkələr üçündür.  Bizdə məsələ  fərqlidir. Amma xaricə müraciət etmək üçün yaxşı təcrübədir. Daha peşəkar şəkildə təqdimat edib danışa bilərik. Bizim iş adamları filmə maliyyə ayrımaqda maraqlı deyillər. Min cür səbəb ola bilər. Yəqin ki stimullaşdırıcı şərait yaradılmalıdır. Sərmayəyə nəzarət mexanizmi olmalıdır ki, sui-istifadə olmasın. Öz mövzumuzu, özümüz, öz dilimizdə danışmalıyıq. Öz yanaşamamızı, bədii həll yollarını tapmalıyıq.

Sevda Sultanova