“Biz Birik: Qlobal Film Festivalı” keçiriləcək
2020-ci ildə dünya film festivallarının gündəmi dəyişmək məcburiyyətində qaldı. Məlum koronaviris bəlası başladıqdan sonra demək olar ki, bütün dünyada bütün sahələr üzrə onlayn iş proseslərinə start verildi. Mövcud durum kinodan da yan keçmədi. Film, serial çəkilişləri, festival nümayişləri dayandırıldı. Beynəlxalq film festivallarına dəvət almış filmlər bu il üçün planlarını ləğv etmək, təxirə salmaq və ya yenidən gözdən keçirmək məcburiyyətində qaldılar. Belə çıxılmaz bir məqamda dünya ölkələrinin iyirmi ən nüfuzlu film festivalının (Kann, Sidney, Берлин, Beynəlxalq Toronto, Venesiya, New York, London film festivallarının və b.) təşkilatçıları bir araya gələrək YouTube kanalı vasitəsilə online film festivalı təşkil etmək üçün səylərini birləşdiriblər.
Qeyd edək ki, on günlük təşkil olunan “Biz Birik: Qlobal Film Festivalı” (We Are One: A Global Film Festival) pulsuz nümayiş olunacaq. Təşkilatçılar belə bir fikri irəli sürərək insanları bir qədər səbrli olmağa çağırıblar: “Hazırda biz hər şeyi qaranlıq bir otaqda toplaya bilmərik və yeni filmin sehrinin gümüş ekranı işıqlandırdığını izləyə bilmərik. Ancaq bu hələ son deyil. Birlik olaraq bunun da öhdəsindən gələcəyik. Təşkil etdiyimiz onlayn film festivalında iştirak edərək həm festival təcrübəsi qazanacaqsınız, həm də evinizdə rahat divanda oturaraq yeni filmlər seyr etmək imkanı qazanacaqsınız”.
Yeri gəlmişkən, 29 May- 7 İyun tarixlərində keçiriləcək on günlük festivalda dünyanın 20 ən nüfuzlu tammetrajlı, qısametrajlı, sənədli filmləri nümayiş olunacaq.
Screendaily.com saytının məlumatına görə, festival barədə geniş məlumatlar yaxın günlərdə təqdim olunacaq. Eləcə də tamaşaçılar əvvəllər baxdıqları filmləri də yenidən izləmək şansını qazana biləcəklər. Bundan başqa, festivalın tamaşaçıları Ümumdünya Səhiyyə Təşkilatının koronavirusla mübarizə fonduna ianələr vermək fürsəti qazanacaqlar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı