Biz buradayıq, İlahi!…

Fevralın 27-də “Azərbaycan” CinemaPlus-da AKİ-nin təşəbbüsü ilə “Mən burdayam, İlahi!” bədii filminin nümayişi baş tutdu. Tədbiri açan moderator Sevda Sultanova milli kinomuzun müasir tarix qarşısında mənəvi borc, məsuliyyət daşıdığını dedi: “Bir neçə dəfə qeyd etmişəm, yenə xatırlatmağı lazm bilirəm: hələ də Xocalı, 20 Yanvar faciələri haqda tammetrajlı bədii filmlər çəkilməyib. Vətən Müharibəsi haqqında isə ötən illərdə prokata çıxmış, peşəkar səviyyədə, müstəqil büdcə ilə çəkilmiş iki film olub: Saida Haqverdiyevanın “Köhnə çamadanlar” və Qulu Əsgərovun “Mən burdayam, İlahi” filmləri. Biz bu il “Köhnə çamadanlar” filminin nümayişini də nəzərə tuturuq. Bu gün isə “Mən burdayam, İlahi!” filmi göstəriləcək. Film Qarabağ qazisinin hekayəsini anladır”.

Filmdən sonra baş tutan müzakirədə, yaradıcı heyət moderator və tamaşaçıların suallarına cavab verdi.

Filmin ssenari müəllifi Nicat Dadaşov, “Müsahibələrinizdə ssenarinin bir qazinin real həyat hekayəsinə əsaslandığını qeyd etmisiniz.Titrdə İkinci Qarabağ müharibəsinin şəhidi Teymur Osmanlının adı qeyd olunub. Bu hekayənin onunla da əlaqəsi varmı?” sualına cavabında bildirdi:

“Bu hekayə ilə onun əlaqəsi yoxdur. Sadəcə adını, soyadını baş qəhrəmana verdik. Amma filmin hekayəsi, adını açıqlamaq istəmədiyi, mənim də detallara varmaq istəmədiyim rütbəli bir qazinin hekayəsidir. Teymur ümumiləşmiş obrazdır. Ssenarinin inkişafı prosesində qazilərlə, müharibədə mənəvi, fiziki travmalar almış insanlarla görüşdük. Onların hər biri ilə danışırdıq və hər birinin hekayəsi ayrıca bir film idi. Düşünürəm ki, “Mən burdayam, İlahi!”də istifadə elədiyimiz süjet ən təsirli hekayələrdən biridir və Teymurun xarakterində hər qazidən, müharibədən bir parça var”.

Rejissor Qulu Əsgərov “Bu sizin Nicatla Qarabağ mövzusunda ikinci işinizdir. Filmə baxanda nə düşündünüz? Alınıbmı?” sualına cavabında ümumilikdə üç filmin müəlllifi olduğunu dedi:

“Onlardan ikisi tammetrajlı, digəri qısametrajlıdır. Bütün filmlərimdə hər xırda nüansı görə bilirəm. Montajda, ekranda baxanda “filan epizodu, kadrı belə çəkərdim” dediyim olub. Film çəkə-çəkə böyüyürük. Çalışırıq ki, növbəti filmdə o səhvləri etməyək. Amma tam istədiyim kimi alınmayıb. Bu da normaldır, maddi sıxıntılarımız çox oldu. Amma yenə də filmin nə qədər alınıb-alınmamasını tamaşaçının öhdəsinə buraxıram”.

Ssenarist Elxan Xanəlizadə baş rolun ifaçısı Rasim Cəfəri öz yaşıdları arasında ən yaxşı aktyor hesab etdiyini bildirdi: “Amma bu filmdə Rasimin obrazı kontuziya alan insanla, əsirlikdən qayıdan insan arasında get-gəldə idi. Filmin musiqisinə gəldikdə, məncə, o, alınmayıb. Yəni səssizə qoyub baxsaydıq, o təsviri təmin eləmirdi musiqi. Filmin özündə serial estetikası qabarıq idi və onu 20 dəqiqəlik qısametrajlı da etmək olardı. Mən “Hasar”a baxmışam. Bilirəm ki, Qulu daha yaxşı edə bilər. Dialoqlardakı soyuqluq  inandırmadı. Ssenaridə boşluqlar vardı. Ümumi filmə baxanda büdcəsinin kasad olduğu bilinir. Yeri gəlmişkən, operatoru təbrik edirəm, çox bəyəndim operator işini”.

Səslənən iradlara cavabında, rejissor qeyd etdi ki, tənqidə hörmətlə yanaşır: “Hamıdan film haqda müsbət fikir gözləmək düz deyil. Amma bu fikirlər maraqlıdır. Serial estetikası ilə bağlı fikri qəbul etmirəm. Bu, kinonun bir qoludur. İndiyə qədə başqa-başqa janrlarda çəkmişəm. Düşündüm ki, film məhz bu janr və estetikada olmalıdır. Əsas məqsəd filmi təsirli etməkdir ki, filmin premyerasında bunu gördüm. Eyni zamanda Laçındakı kinoteatrda göstəriləndə də tamaşaçılarn rekasiyalarından bunu gördüm. Müəyyən çatışmayan şeylər var əlbbətə ki. Hətta çoxdur deyə bilərəm. Film bir reklamın büdcəsinə çəkilib. Sağ olsun yaradıcı heyət, ürək qoyub filmə”.

Kinoşünas Aygün Aslanlı bu filmə ikinci dəfə baxdığını dedi: “İlk dəfə kinoteatrda baxandan sonra Rasimə yazmışdım, yanlış xatırlamıramsa. Birinci dəfə baxandan sonra nə qədər tərsiləndimsə, indi də eyni hissləri yaşadım. Sadəcə finaldakı fleşbeklər bir az narahat edir. Məncə ona çox ehtyac yox idi. Kaş ki, uyğun kinoteatrlarımız olaydı və film normal müddətdə prokatda qalaydı. Tamaşaçı üçün kifayət qədər yaxşı, normal filmdir, təsirlidir”.

Teymur rolunun ifaçısı Rasim Cəfər, obrazı üzərində necə çalışdığını danışdı: “Biz, Qulu ilə uzun müddət bu barədə danışırdıq, söhbət edirdik. Hər gün görüşürdük, müzakirə edirdik ki, necə bir personaj olmalıdır, travması nədir. Çox məşq edirdik. Günay Həsənlə məşqlərimiz olurdu, personajı axtarırdıq. O ərəfələrdə qazilərin müsahibələrinə baxırdım. Yaralanmış 15 nəfər qazinin müsahibəsinə baxdım, bir qazi mənə xüsusən doğma gəldi. Düşündüyüm perosnaj daha çox o qaziyə bənzədiyi üçün onun üzərində dayandım və daha çox ondan nələrisə götürdüm. Məşqlər də öz bəhrəsini verdi. Qulu ilə işləmək rahatdır. Serialda işləmişəm onunla, nə demək istədiyini anlayırdım”.

Sevinc rolunun ifaçısı Günay Həsən, mövzunun ona çox yaxın olduğunu dedi: ”Teymur Osmanlı mənim çox yaxın dostum olub. Qardaşım da şəhid olub. Mövzunun içində doğulmuşam. Ona görə bu obrazı oynamaq çətin olmadı. Çətin olan səhnələrdən biri bu idi ki, dəhlizdə bir səhnə vardı. Nəyinsə üstündə oturmalıydm. Otura bilmirdim, dubllar çox oldu. Bir səhnədə isə çox ağlamışdım ki, bu da, rejissoru qane etmədi”.

Müzakirəyə qoşulan tamaşaçılardan biri ümumilikdə filmin alındığını dedi: “Bir də, posterdə Teymur və qızı əks olunub. Amma mənə elə gəlir ki, filmin əsas qəhrəmanı xanımdır. Günay xanımın obrazı bu filmin əsas qəhərmanıdır və bu, filmin əsas uğurudur”.

Filmdə Teymurun qızı, balaca Saranın ifaçısı Aygün Əlipənahova da filmlə bağlı fikirlərini bölüşdü: “Biz, Qulu əmi ilə yaxınıq. Anamla bir yerdə böyüyüblər. Hətta mən iki yaşında olanda onun yanına getmişdim, dedi ki, sən bir istedadsan. Filmdə ən çox sevdiyim səhnə, atamla birlikdə olduğumuz Novruz səhnəsidir. Gələcəkdə aktrisa kimi fəaliyyətimi davam etdirmək istəyirəm”.

Qulu Əsgərov daha sonra qeyd etdi ki, ssenarinin ilk versiyasında Rasim Cəfərə başqa obraz verilmişdi: “O da razılaşmışdı. Sonra ssenarini dəyişdik, baş qəhramanın yükü artırıldı. Və mən düşündüm ki, burada elə bir aktyor çəkilməldir ki, prosesdə bir-birimizi yaxşı başa düşək. O obrazı çıxarıb, baş qəhrəmanı Rasimə təklif etdik”.

Nicat Dadaşov eyni zamanda, Həsən Axundovla bərabər filmin prodüseridir: “Biz bu filmi istehsal edəndə ancaq Ultra prodakşnla təmasda idik. Onlar bizə dəstək olurdular. “Hasar” filmi də onların layihəsi idi. Burada da bizim yanımızda idilər. Film çəkiləndən sonra bizim maliyyə problemimiz vardı. İTV-nin rəhbərliyinə göstərdik filmi. Müəyyən şərtlər altında maddi dəstək göstərdilər. Onlara təşəkkür eidrəm. Azərbaycan Kinematoqrafçılar İttifaqı da filmə maliyyə dəstəyi verib. Hamıya təşəkkür edirəm. Bu filmin göstərilməsi birbaşa onların dəstəyinə bağlıdır”.

Nicat Dadaşov başqa bir məsələyə də toxundu: “Ssenarini işləyəndə görüşdüyümüz qazilər maraqlı hekayələr danışırdılar. Hamısı da ekranlaşdırmağa layiqdir. Onların əksəriyyəti müharibədəki hadisələrdən danışırdılar. Postmüharibə dövrünə toxunan hekayələr çox az idi. Amma bizim kinomuzun bu şəraitində, bu məqamında onların hekayələrini çəkmək səhv addımdır. Çünki buna nə sərmayə, nə texniki hazırlığımız var. Ümumiyyətlə, hazır deyilik. Filmin büdcəsinin 40 faizi ilk müharibə səhnəsinə getdi. Beş dəqiqəlik səhnədir. Amma çox bahalı səhnədir. Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və bir çox dövlət qurumları dəstək oldu. Mədəniyyət Nazirliyindən başqa. Müdafiə Nazirliyi silah və forma ilə təchiz eləmişdi bizi”.

Qeyd edək ki, “Mən burdayam, İlahi!” filminin operatoru Vasif Vəlizadə, bəstəkarı Rasim Məmmədovdur. Digər rolları Ayşad Məmmədov, Leyli Vəliyeva, Nəsibə Eldarova və digərləri ifa edirlər.

aki.az