Bizim Elmira xanım

Elmira Şabanova. Bu ad tamaşaçıların bir neçə nəslinin çöhrəsində ad sahibinin gözəl zahiri görünüşü ilə məzmunlu şəxsiyyətinin harmoniyasının doğurduğu işıqlı bir təbəssüm, aktrisalıq istedad və bacarığının özünəməxsusluğunun yaratdığı ehtiram, səsinin təkrarsız ahənginin saçdığı məmnunluq ifadələri yaşatmaqdadır. Bu həm Elmira xanım üçün, həm də bizim üçün çox böyük səadətdir.

HƏMSÖHBƏT

Hər kəsdə olmayan cəhətləri var: sadəliklə xanım-xatınlığın, ciddiliklə zarafatcıllığın məlahətli vəhdəti… Yalnız belə cəhətlərə malik İnsanlar qiyabi sevgini, hörməti, pərəstişi əyaniləşdirmək, gerçək, canlı ünsiyyətdə təsəvvürü,.təəssüratı nəinki dağıtmamaq, həm də daha da dolğunlaşdərmaq qüdrətindədirlər…
Vaxtaşırı zəngləşirik – ya mən zəng edib bayramlarını, doğum günlərini təbrik edirəm, yazdığım hansısa mövzu ilə bağlı fikirlərini, xatirələrini qələmə almaqdan ötrü söhbətləşirəm, ya da o zəng edib hansısa filmlə bağlı təəssüratlarını, qənaətlərini bölüşür, tənqidləri və qınaqları da olur, təqdirləri və tərifləri də. Təəssüf ki, geniş anlamda kinomuzun indisi onun gözünü-könlünü nadir hallarda şad edir…

HƏYAT YOLDAŞI VƏ ANA

Elmira xanım üçün ailə dəyərləri, şəxsi həyat ümdə önəm kəsb edib. Birinci kursda ikən ailə qurduğu  Rüfət Şabanovun 40 yaşına qədər filmlərdə çəkilməmək, tamaşalarda oynamamaq iradəsinə qarşı çıxmayıb. Qızı Leyla Şabanova-Vəzirzadə Dövlət Film Fondunda aparıcı mütəxəssislərdən biridir. Oğlu Fuad Şabanov uzun illərdir Moskvada kinorejissor fəaliyyətini davam etdirir. Ataları görkəmli kinorejissor Rüfət Şabanov və anaları Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü Elmira xanım Şabanovaya layiq xələflər olduqlarını təsdiq etməkdədırlər.

PEDAQOQ

Ömrünün 30 ilini, ötən əsrin 90-cı illərinin sonuna kimi Mədəniyyət və İncəsənət Universitetinin dosenti olaraq pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələri arasında Nuriyyə Əhmədovanın, Rasim Balayevin, Şahmar Ələkbərovun, Həsən Əbluçun, Mübariz Həmidovun, Lyudmila Duxovnayanın, İranə Tağızadənin, Natalya Şarovskayanın, Rita Əmirbəyovanın, Firdovsi Atakişiyevin və bir çox digər sənət xadimlərinin adlarını çəkmək olar. Və sadalanan adların hər biri özlüyündə Elmira xanımın pedaqoqluq bacarığının sanballı  təqdimatıdır.

AKTRİSA

Hisslərə hörmət etmək. Bu son dərəcə vacib keyfiyyətdir. Hiss etdiklərinə, duyduqlarına hörmət təbii ki ilk növbədə insanın öz şəxsi hisslərinə hörmətdən başlayır – Elmira xanımın aktyorluq sənətinin incəliklərinə Moskvada yiyələnmək istəyinə atası mane olub. Onda gənc Elmira Azərbaycan Dövlət İncəsənət İnstitutunda əvvəl aktyorluq, sonra isə rejissorluq fakültələrini bitirib. Aktrisalıq fəaliyyətinə əvvəl atası, sonra isə ömür-gün yoldaşı qadağa qoyublar. Lakin Elmira xanım 1977-ci ildə “Bədbəxtliyin astanasında” qısametrajlı və “Gəmi saatının sirri” tammetrajlı filmləri ilə aktrisalıq sənətinə qayıdanda ilk rolları olan “Əsl dost” (Leyla) və “Səhər” (Sevda) filmlərindəki Elmira Şabanova obrazına xəyanət etməyib. Məhz buna görə onun obrazlar qalereyasından tamaşaçılarına özünü sənətdə deyil, sənəti özündə sevən Aktrisanın, Sənətkarın çox canlı, olduqca real portretləri boylanır. “Ötən ilin son gecəsi”ndəki Həmidə, “Qəm pəncərəsi”ndəki Həmidə Cavanşir, “Təhminə”dəki Aliyə, “Kölgə”dəki Bənövşə, “Qapalı orbit”dəki Stella, “Gəlinlər”dəki Şərəf… Və daha neçə-neçə amplua buxovundan azad, xarakter tapıntıları ilə canlandırılmış obrazlar… Onların hər birində onun özü və obrazın özü var.
Azərbaycnan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti adından , əziz və hörmətli Sənətkarımızın dünyaya gəlişinin 80-ci ilini ürəkdən təbrik edirik, Elmira xanıma can sağlığı, könül xoşluğu arzulayırıq.

aki.az