Bu gün Beynəlxalq Animasiya günüdür

28 oktyabr bütün dünyada Beynəlxalq Animasiya günü olaraq qeyd olunur.

Xatırladaq ki, Beynəlxalq Animasiya gününin tarixi 1892-ci ilin məhz bu gününə təsadüf edir. Fransız rəssam və ixtiraçı Emil Raynaud, Greven Muzeyində bir araya gələn Paris ictimaiyyətinə ekranda təkrarlanan hərəkətli şəkilləri nümayiş etdirib. Həmin şəkillər bir müddət unudulsa da, sonralar  hərəkətli rəsmlər ideyası kinematoqrafiyanın baniləri – Lui Lümyer və Ogüst Lümyer qardaşlarının ixtirası ilə birləşərək populyarlıq qazanır.

Sonralar kompüterlərin meydana gəlməsilə kompüter animasiyası da yaranır. Hətta hazırda bu texnologiyalar o qədər inkişaf edib ki, bir mütəxəssis üçün ekranda nə gördüyünü müəyyənləşdirmək bəzən çətinləşir və belə bir sual yaranır: Bu “canlı” filmdir və ya cizgi filmi?

Beynəlxalq Animasiya Kino Assosiasiyası (ASİFA) 2002-ci ildə animasiya günün Emil Renonun ixtirasının ilk kütləvi nümayişinin 110 illiyi şərəfinə təsis edib. Bu baxımdan da Beynəlxalq Animasiya günündə dünyanın hər yerindən Animator Sənətçilər filmlərinin proqramlarını dəyişdirərək yaradıcılıq premyeraları təşkil edirlər. Hazırda bu cür cizgi film nümayişləri eyni vaxtda Rusiya Federasiyası da daxil olmaqla dünyanın 104 ölkəsində keçirilir.

Azərbaycanda bu tarix  XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. 1933-cü ildə “Azərbaycanfilm” studiyasının bir qrup işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri apararaq Moskvadan lazımi materialları alıb gətirmiş və həmin il “Lökbatan” və “Neft simfoniyası” (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. “Cat” təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunub. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilib. Bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara alır və film üçün mövzu Azərbaycan xalq nağıllarından götürülür.

1968-ci ildə  “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov cizgi filmləri sexini bərpa etdirirək cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqəti artırır. Uzun fasilədən sonra məhz həmin ildə yeni milli multiplikasiya filminin çəkilməsi qərara alınır. Adil İsgəndərov qazetə verdiyi “Multifilmlər çəkəcəyik” başlıqlı müsahibəsində bu barədə deyib ki, 60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı:  “…Bu il multfilmlər çəkilişinə başlamışıq. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirlərini öyrənmək üçün studiyamızda xüsusi kurs açılmışdır. “Mosfilm”lə daimi əlaqə saxlayıb onların iş təcrübəsini ətraflı öyrənir.”

1969-cu ildə fevralın 28-də Nazim Məmmədovun təklifi ilə “Cırtdan” adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filminin istehsalına başlanılır.

1980-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər “Azərbaycanfilm”in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, “Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” – Azərbaycan animasiya filmləri deməkdir.

1981-ci ildə dünya şöhrətli kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Vaqif Behbudov “Başlanğıc” qısametrajlı televiziya cizgi filmini çəkib. Yer üzündə sülhün qorunub saxlanmasının vacibliyindən söhbət açan, xeyir və şərin simasında çətinliklərin aradan qaldırılaraq  əmin-amanlıq şəraitində yaşamağın mümkün olduğunu diqqətə çəkən film Mərkəzi Televiziyanın sifarişi ilə “Azərbaycantelefilm” tərəfindən istehsal olunub.

1990-cı illərdə “Azanfilm” markası altında 19 cizgi filmi çəkilib.Həmin filmlər sırasında “Bir dəfə haradasa…” (rej. V.Talıbov), “İthaf” (rej. Ş. Nəcəfzadə), “Oda” (rej. V.Talıbov, R.İsmayılov), “Sərkəyin dastanı” (rej. A.Məhərrəmov), “Göyçək Fatma” ilk dəfə Azərbaycanda çəkilən cizgi film-opera (rej. N.Məmmədov), “Karvan” (rej. N.Məmmədov), “Güzgü”, “Dəniz gəzintisi”, “Ümid” (hamısı rej. E.Axundov), “Söhbətül-əsmar ” (rej. E.Hami), “Şüəla” (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləri hesab olunur.

2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Fondu ilə birgə Azərbaycan animasiyasının 75 illiyi münasibəti ilə “Bir nağıl söylə mənə” cizgi filmləri toplusu hazırlayıb. DVD şəklində hazırlanmış animasiya toplusunda 80-cı illərin 9 cizgi filmləri yer alıb.

2018-ci ildə Azərbaycanın ilk beynəlxalq animasiya festivalı –  ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı yaradılıb. Festivalın direktoru, rejissor və prodüser Rəşid Ağamalıyevdir. Festival ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini nümayiş etdirilir. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirəcək, həmçinin Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edəcək illik tədbirin yaradılmasıdır. Rəşid Ağamalıyevin müəllifi olduğu “Azərbaycan animasiyası” kitabı animasiya haqqında geniş məlumat toplanan yeganə  mənbədir.

Yeri gəlmişkən, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının tərəfdaşlarından biri də Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.

Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Kino Məktəbində tələbələr üçün olan bölmələrdən biri də “Animasiya” olub. Tələbələrə animasiyanın sirlərini öyrədən, Azərbaycanda daima kinonun bu növü ilə məşğul olan sənətkarlardan biri olan, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor, rəssam, Əməkdar incəsənət xadimi Firəngiz Qurbanovadır.

F.Qurbanova 1979-cu ildə ilk animasiya filmini eksperiment kimi çəkmiş, daha sonra davam etməyə başlamışdır.

Beləliklə də Azərbaycan animasiyası da bu sahədə öz sözünü deməyə çalışmışdır. Doğrudur ki, son illərdə bu sahədə olan durğunluq da diqqətdən qaçmır. Ancaq inanırıq ki, Azərbaycan animasiyasına diqqət, qayğı artarsa bu sahədə heç də dünya animasiyasından geri qalmaya bilərik.

Azərbaycan Kinematoqrafçılar İttifaqı Beynəlxalq Animasiya günü münasibətilə bütün animasiya ustalarını təbrik edir və yeni-yeni yaradıclıq uğurları arzulayır!

aki.az