Bu gün Daşkənd kinofestivalında “Azərbaycan kino həftəsi” başlayır

Özbəkistanın paytaxtı Daşkənddə “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestivalın təntənəli açılış mərasimi keçirilib.

Dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq, eləcə də Özbəkistanın dövlət strukturlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri və jurnalistlərin iştirak etdiyi festivalda yüz əlli film nümayiş olunacaq.

Azərtac-ın məlumatına görə, festival çərçivəsində “Azərbaycan filmləri həftəsi” keçiriləcək.

Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək. Filmlər sırasına İsmail Səfərəlinin “Balıqçının qızı”, Əli Səttar Quliyevin “Olimpiya”, Kseniya Laqutinanın “Fəridə”, Orman Əliyevin “Biz”, Fariz Əhmədovun “Axırıncı”, Murad Hüseynovun “Vəhşi durnaların vaxtı”, Murad Hüseynov və Səddam Mehdiyevin “İki yol” filmləri daxildir.

Yeri gəlmişkən, festivalın açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub.

Azərbaycan Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov festivaldakı çıxışında öncə Özbəkistan tərəfinə minnətdarlıq edib, Daşkənd festivalının dünyanın nüfuzlu kinematoqrafçılarını bir araya yığa bilməsini alqışlayaraq uğurlar arzulayan rejissor daha sonra Azərbaycan kinematoqrafçılarının fəaliyyətindən də danışıb.

Xatırladaq ki, Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları – Stiven Siqal, Mithun Çakraborti, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Nikita Mixalkov və digər məşhur sənət adamları iştirak edir.

aki.az