``Cənnətdən gələn oğlan`` bədii filmi nümayiş olundu

Noyabrın 14-də “Azərbaycan” CinemaPlus-da “İsveç film günləri” çərçivəsində növbəti – Tarik Salehin “Cənnətdən gələn oğlan” bədii filmi nümayiş olundu.

Tədbiri giriş sözünü Tarik Saleh haqda məlumata həsr edən moderator Sevda Sultanova bildirdi ki, rejissorun səs-küy doğuran ilk filmi “Nil Hilton hotelindəki hadisə” olub: ”Bu film 2017-ci ildə,  müstəqil kinonu dəstəkləyən Sandens festivalında Qran-Pri alıb. Bu filmdən sonra Tarik Salehin Misirə gedişinə qadağa qoyulub. Çünki burada o, ölkənin siyasi hakimiyyətini tənqid edərək, hüquq-mühafizə orqanlarının korrupsiyaya bulaşdığını göstərib. Final hadisələrini isə 2011-ci il “ərəb baharı” hadisələrinə gətrib. “Nil Hilton hotelindəki hadisə” filmindən sonra Hollivud, rejissoru əməkdaşlığa dəvət edir və o, 2022-ci ildə “Muzdlu qatil” filmini çəkir”.

“Cənnətdən gələn oğlan” filminin Kannda “Ən yaxşı ssenari” kateqoriyasında mükafata layiq görüldüyünü deyən moderator bildirdi ki, Tarik Saleh Qərb mediasına verdiyi müsahibələrində  Qərbin ərəb dünyası, İslam haqda yanlış fikirlər formalaşdırdığını deyir: ”Tarik Salehin anası isveçli, atası misirli olsa da, o, İsveç mədəniyyəti ilə böyüsə də, özünü ərəb sayır. “Cənnətdən gələn oğlan” filmində o, yenə ölkənin hazırkı siyasi hakimiyyətini tənqid edir və öz məqsədləri üçün dindən istifadə etdiyini göstərir. Rejissor filmdə onu da vurğulayr ki, İslam dini Qərbin qəbul etdiyi kimi cihad yox, fikir, düşüncə dinidir və polemikalara açıqdır. Tarik Saleh, yazıçı Umberto Ekonun “Qızılgülün adı” əsərindən təsirlənib. Bildiyiniz kimi, orada da monastırda cinayət hadisəsi baş verir. Rejissor, müsahiblərində deyir ki, analoji hadisənin dünyanın ən qədim İslam universitetlərindən biri olan Əl-Əzhərdə baş verməsi maraqlı gəldi. Amma bununla belə o, hadisələri ustalıqla müasir dövrün siyasi hadisələrinə bağlaya bilib. Maraqlı məqamı deyim ki, Tarik Saleh özünə filmin baş qəhrəmanı Adəmi yox, kəşfiyyat idarəsinin əməkdaşı İbrahimi daha yaxın hesab edir. Onun fikrincə, İbrahim, Adəmi məqsədləri üçün manipulyasiya etsə də, həlledici məqamlarda mənəvi dəyərlərini ortaya qoya və düzgün qərarlar qəbul edə bilir. İbrahim rolunun canlandıran aktyor əslən livanlıdır, İsveçdə yaşayır və çox populyar aktyordur. Adəm rolunun ifaçısı Taufik Barhom isə İsrail-Fələstin aktyorudur və Qərbdə intensiv çəkilir”.

Qeyd edək ki, “Cənnətdən gələn oğlan” İsveç Krallığının ölkəmizdəki səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə əməkdaşlığı çərçivəsində nümayiş edilir.

aki.az